İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BMT sessiyasından kimisə qova bilərmi?

Sentyabrın 28-də ABŞ dövlət katibi Marko Rubio ikitərəfli sülh danışıqları çıxılmaz vəziyyətə düşdükdən sonra BMT Baş Assambleyasındakı İran nümayəndə heyətindən dərhal ölkəni tərk etməsini tələb edib.

Musavat.com “Axios”a istinadən xəbər verir ki, Rubionun əmri ilə ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi iranlı həmkarlarına İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin dərhal Nyu-Yorku tərk etməli olduğunu bildirib.

Bir neçə saat sonra iranlılar hava limanına gedib və 29 sentyabr gecəsi Dohaya uçublar.

İran hökuməti isə “Axios”un məlumatı ilə bağlı açıqlama verərək, nümayəndə heyətinin Nyu-Yorkdan əvvəlcədən nəzərdə tutulan vaxtda çıxdığını bəyan edib.

Bəs ABŞ İran nümayəndə heyətinə, ümumiyyətlə, istənilən BMT üzvü olan ölkənin nümayəndə heyətinə “ölkəni tərk edin” deyə bilərmi? 

BMT-nin Nyu-Yorkdakı qərargahının statusu 1947-ci ildə ABŞ ilə BMT arasında bağlanmış Qərargah Sazişilə müəyyənləşdirilib. Sazişin 11, 12 və 13-cü bölmələri ABŞ-yə BMT-nin rəsmi fəaliyyətində iştirak etmək üçün gələn üzv dövlət nümayəndələrinin qərargaha giriş-çıxışına maneə yaratmamaq öhdəliyi qoyur. Üstəlik, bu təminat ABŞ ilə həmin dövlət arasında diplomatik münasibətlərin olub-olmamasından asılı deyil. BMT-nin öz hüquqi mövqeyində də bu məsələ kifayət qədər açıq ifadə olunur: üzv dövlətlərin BMT nümayəndələrinin qərargaha gəlişinə maneələr qoyulmamalı və onların vizaları mümkün qədər operativ, ödənişsiz verilməlidir. 2025-ci ildə Fələstin nümayəndə heyətinə viza məsələsi ilə bağlı yaranmış mübahisədə BMT ABŞ-nin məhz bu öhdəliyinə istinad edib. ABŞ-nin İran və ya başqa bir dövlətin diplomatlarının hərəkətini məhdudlaşdırmaq səlahiyyəti var. Lakin BMT Baş Assambleyasının rəsmi işində iştirak edən nümayəndə heyətinin BMT qərargahına giriş-çıxışını və fəaliyyətini sırf siyasi səbəblərlə əngəlləmək ABŞ-nin qeyd etdiyimiz Qərargah Sazişi üzrə öhdəliklərinin pozulması ola bilər.

ABŞ-nin diplomatik təlimatlarında isə BMT ilə əlaqədar müəyyən şəxslərin hərəkətlərinin Nyu-Yorkdakı qərargah rayonu və yaxın ərazilərlə məhdudlaşdırılması nəzərdə tutulur. Amma bu, ABŞ-nin istənilən anda BMT nümayəndəsinə “ölkəni dərhal tərk et” əmri verə bilməsi ilə eyni şey deyil. BMT-nin mövqeyi bundan ibarətdir ki, ev sahibi dövlətin siyasi münasibətlərindən asılı olmayaraq nümayəndələrin BMT qərargahına çıxışı təmin edilməlidir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR