Onlayn ictimai-siyasi qəzet
Qərb hərbi-siyasi aləmində növbəti ciddi çatların yarandığına dair siqnallar güclənir. Nüfuzlu "Bloomberg" agentliyinin son məlumatlarına görə, ABŞ administrasiyası Avropa ölkələri, Yaponiya, Cənubi Koreya və Tayvan kimi əsas müttəfiqlərinə rəsmi xəbərdarlıq edib.
Bildirilib ki, əvvəllər bağlanmış müqavilələr üzrə hava hücumundan müdafiə (HHM) sistemlərinin, raketlərin və uzaqmənzilli hücum silahlarının tədarükü azı 5 il təxirə salınır. Bu addımın əsas səbəbi kimi Pentaqonun öz tükənmiş hərbi ehtiyatlarını bərpa etmək və daxili tələbatı prioritetləşdirmək məcburiyyətində qalması göstərilir. Yarandığı iddia edilən bu böhran beynəlxalq təhlükəsizlik arxitekturasında və NATO daxilindəki etimad mühitində ciddi suallar doğurur.
Son illərdə Ukraynadakı müharibə fondunda Vaşinqton Avropalı tərəfdaşlarını öz HHM sistemlərini və raket ehtiyatlarını Kiyevə verməyə təşviq edirdi. Bunun müqabilində müttəfiqlərə modern ABŞ istehsalı olan analoqların - xüsusilə "Patriot" sistemlərinin növbədənkənar və tez bir zamanda tədarük olunacağı vəd edilirdi. Lakin mövcud mənzərə göstərir ki, Almaniya başda olmaqla bir çox Avropa dövləti öz hərbi ehtiyatlarını minimuma endirsə də, vəd olunan yeni silahları almaq imkanından müvəqqəti məhrum olub. Berlinin xüsusilə uzaqmənzilli "Tomahawk" raketləri və qurudan buraxılan "Typhon" sistemləri ilə bağlı gözləntilərinin ləngiməsi Avropa müdafiə sənayesindəki kövrəkliyi ortaya qoyur.
Tayvan kimi 2019-cu ildən bəri müdafiə sifarişlərinin icrasını gözləyən regionlar üçün də analoji olaraq 5 illik əlavə gecikmə riski strateji balansın pozulması mühakimələrinə yol açır.
Ləngimələrin digər mühüm kökü müdafiə sənayesindəki təchizat zənciri ilə bağlıdır. Xüsusilə Çinin müasir raket texnologiyaları və elektronikada istifadə olunan əsas xammal olan nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi məhdudiyyətlər və embarqolar ABŞ silah istehsalçılarının istehsal gücünü zəiflədən əsas amillərdəndir.
Çinin bu embarqonu qoruyub saxlaması halında, müttəfiqlərin tələbatının hətta 5 il sonra belə tam ödənilməsi sual altına düşür. ABŞ-ın daxili ehtiyatlarını bərpa etməyə fokuslanması və HHM raket tədarükündə yarandığı bildirilən fasilə bir neçə mühüm strateji nəticəni gündəmə gətirir. Avropa İttifaqı və NATO-nun şərq cinahının 2029-2030-cu illərə qədər müdafiə qabiliyyətini tam hazır vəziyyətə gətirmək planları ciddi ləngimələrlə üz-üzə qalır.
Yaxın Şərqdəki münaqişələr və eskalasiya zamanı sərf olunan HHM resurslarının bərpası uzun müddət tələb etdiyindən, ABŞ-ın regionda genişmiqyaslı uzunmüddətli hərbi əməliyyat aparmaq imkanları məhdudlaşır.
Yaşanan logistik problemlər Avropa və Asiya müttəfiqlərini Vaşinqtondan olan hərbi asılılığı yenidən qiymətləndirməyə və yerli hərbi-sənaye komplekslərini inkişaf etdirməyə sövq edir.
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, qlobal silah bazarında tələblə təklif arasındakı uyğunsuzluq yalnız hərbi-texniki deyil, birbaşa geopolitik gərginlikləri dərinləşdirən əsas amilə çevrilməkdədir: “Qərbin hərbi-sənaye kompleksi tükənib. Burada təəccüblü heç nə yoxdur. NATO ölkələrinin hərbi-sənaye potensialının mövcud müharibə tempinə və intensivliyinə cavab vermədiyi göz önündə idi. Yayılan son məlumat sadəcə gizlədilməsi mümkün olmayan acı reallığın rəsmən etirafıdır. Ukraynadakı yüksək intensivlikli döyüş əməliyyatları, ardınca Yaxın Şərqdəki eskalasiyalar göstərdi ki, müasir müharibələrdə raket və HHM sürətlə sərf olunan resursdur. ABŞ öz ehtiyatlarını Kiyevə və Yaxın Şərqdəki bazalarına yönəltməklə faktiki olaraq öz strateji anbarlarını boşaltdı. Hər bir dövlətin hərbi doktrinasında strateji rezerv deyilən anlayış var. Pentaqon gördü ki, bu xətt artıq keçilib və daxili təhlükəsizlik riski yarandığı üçün bütün ixracat müqavilələrini dayandırmaq, dondurmaq məcburiyyətində qaldı”.

Hərbi ekspert deyib ki, Avropa ölkələrinə, xüsusən Almaniyaya verilməli olan “Patriot” və uzaqmənzilli “Tomahawk” raketlərinin 5 il sonraya saxlanılması Avropanın şərq cinahının müdafiəsini böyük sual altına qoyur: “Berlin öz əlindəki mövcud sistemləri verib, əvəzində isə tədarükün 2029-2030-cu illərə qədər ləngiməsi xəbərini alır. Bu, hərbi dildə o deməkdir ki, Avropanın hava müdafiəsində böyük boşluqlar yaranıb. Bu boşluqları qısa müddətdə nə “IRIS-T”, nə də başqa yerli Avropa sistemləri ilə doldurmaq mümkündür, çünki onların da istehsal gücü məhduddur. Tayvanın 2019-cu ildən gözlədiyi sifarişlərin daha 5 il ləngiməsi Şərqi Asiyada hərbi balansı Çinin xeyrinə dəyişir. Tayvanın HHM və sahil mühafizə sistemlərinin yenilənməməsi Pekin üçün strateji üstünlük pəncərəsi açır. Müasir yüksək dəqiqlikli raketlərin, radiolokasiya sistemlərinin və mikrosxemlərin istehsalı nadir torpaq elementlərindən birbaşa asılıdır. Çin bu xammalın dünyadakı əsas tədarükçüsüdür və tətbiq etdiyi embarqolar ABŞ-ın hərbi zavodlarının (Lockheed Martin, Raytheon və s.) konveyerlərini faktiki olaraq ləngidir. Pul var, sifariş var, amma fiziki olaraq raketin mikrosxemini və ya mühərrik komponentini yığmağa material yoxdur”.
Hərbi ekspert deyib ki, ABŞ-ın öz müttəfiqlərini 5 illik “gözləmə rejimi”ndə saxlaması hərbi-siyasi etibarlılığı sıfra endirir: “Bu qərar NATO daxilində parçalanmanı sürətləndirəcək. İndi Avropa dövlətləri və Asiya müttəfiqləri təcili şəkildə öz daxili hərbi sənayelərini qurmağa və ya alternativ silah bazarlarına yönəlməyə məcburdurlar. Lakin hərbi sənayeni 1-2 ilə yenidən qurmaq imkansızdır. Bunun üçün ən azı 7-10 il vaxt lazımdır. Bu isə o deməkdir ki, önümüzdəki 5 il ərzində Qərb bloku hərbi-texniki baxımdan zəif və həssas dövrünü yaşayacaq”.
E.Məmmədəliyev,
Musavat.com
22 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ