Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış aktyoru Kadir İnanır iyunda öldü. Sonra onun əmlakının, var-dövlətinin kimə qalacağı üzrə dartışmalar ortaya çıxdı. Sənətkar rəsmən evli olmayıb, ancaq birgə yaşadığı qadın varmış və bütün mirasını o qadına vəsiyyət edib. Miras isə yetərincə böyükmüş, milyon dollarlarla ölçülür. (Dəqiqləşdirdim, təxminən 1 milyard türk lirəsinə - 20,5 milyon dollara bərabər imiş). Və ortada pul varsa, ağzının suyunu axıdanlar da çoxalır, rəhmətliyin bir sürü qahım-əqrəbası ortaya çıxıb, mirasdan pay istəyirlər.
Deyəsən, iş məhkəmədə baxılır, ancaq məni bu mövzuda düşündürən pulların taleyi deyil, İnanır-ın vəsiyyətnaməsindəki bir qeyd oldu. Yazıb ki, əgər ev arkadaşım olan qadından öncə ölsəm, hər şey ona qalsın, yox, qadın məndən qabaq ölsə bütün var-dövlətimi Türkiyə İnsan Hüquqları Vəqfi, İnsan Haqları Dərnəyi və Əziz Nesin Vəqfinə vəsiyyət edirəm.
İnsandakı mərdliyə, cəsurluğa, insan və cəmiyyətsevərliyə baxın... İndi isə, necə deyərlər, “U” dönüşü edib şanlı respublikamız Azərbaycana qayıdın və burada hansısa sənətçinin insan hüquqları dərnəklərinə mal-mülk vəsiyyəti cəhənnəm, adi milçəköldürən alıb verdiyini təsəvvür edin. Varmı belə sənətçilərimiz? Yoxdur. Mən yarım dənəsini də tanımıram.
Əlbəttə, insafən bizdə insan hüquqlarını düşünən, cəmiyyət üçün ürəyi yanan sənətkarlar həmişə olub, var, olacaq. Sadəcə, onların özü yetim günündədir və öləndə dəfn-kəfən pulu güc-bəla tapılır, gəl gör hansısa cəmiyyətə nəsə vəsiyyət eləsin... Pullu sənətkarlar üçünsə cəmiyyət sıfır əhəmiyyət daşıyır. Bəlkə də düz edirlər, onlar həmin pulları cəmiyyətdən, onun sevgisindən qazanmırlar ki, əsasən məmurlara elədikləri məddahlığın əvəzi kimi alırlar.
Yaxşı yadıma düşdü, bir də xalq artistlərimiz öləndən sonra onların ordenlərini, alətlərini kimsə oğurlayır. Fevralda xəbər verilmişdi ki, Roza Cəlilova öləndə kimlərsə qarışıqlıqdan yararlanıb, artistin medallarını-filanı oğurlayıb. Bu yaxında isə xanəndə İslam Rzayevin bacısı qızı xəbər vermişdi ki, dayısının ona sağlığında hədiyyə elədiyi qavalı evdən əkişdiriblər. Sən demə, bu oğurluqda... televiziyanın rolu varmış, çünki hadisədən az öncə bacıqızı bir kanala intervü verib və orda mərhum sənətkarın qavalını da nümayiş etdiribmiş.
Allah bilir, bəlkə oğurluqda jurnalistlərin özünün hansısa rolu, əli vardır. Təklif edirəm, onları tutaq. Çoxdandır bizdə jurnalist tutulmur.
Zarafat edirəm, əlbəttə. Heç kim tutulmasın. Qaval da, inşallah, tapılar. Onsuz səsi çıxacaq. Qavalı aparan onu yəqin oxumaq üçün aparıb, servantda saxlasa mənası nədir?
Son günlər paytaxtımızda icazəsiz tıxac-dayanacaq-avtobus-metro aksiyaları şiddətlənib və görün vəziyyət necədirsə, bıçaq sümüyə, indiki halda sərnişin-sərnişinə, sürücü-piyadaya necə dirənibsə aktyorlar danışmağa başlayıb! İnanılmazdır. Ən azı 2 aktyor və aktrisanın tıxac temasında radikal açıqlamalarına rast gəlmişəm.
Yəqin nəqliyyat idarəsi də məhz sənətə hörmətinə görə, sənətkarların dil açmasından çəkindiyi üçün əlahiddə tədbirlərə başlamışdır. İlk növbədə metronun “Xocasən” və “Avtovağzal” stansiyalarına giriş pulsuz elan edilib! Camaat şəhərə yerüstü girməsin, elə oralardan təpilsin deyə.
Yaxşı tədbirdi, ancaq indi də həmin stansiyalarda basabas ola bilər. Ondansa maşın yarışını Xocasən tərəfdə keçirəydilər. Gör neçə ildir bu yarış gedir, hələ neçə il də gedəcək. Şəhərdən qıraqda bunun üçün daha ucuz qiymətə, məsrəfə yarış trekləri (türklər pist deyir) salına bilərdi. Formula-1-in şəhər kənarında keçdiyi dünya ölkələri də əslində şəhər içində keçənlərdən daha çoxdur. Bunlara Milan, Barselona, London, Vyana, Budapeşt, Şanxay, Naqoya, Doha, San-Paulu, Ostin və sairə misal göstərə bilərəm.
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ