Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə illərdir davam edən gərginlik fonunda ABŞ və İran arasında növbəti görüşün planlaşdırılması diqqətləri yenidən bu həssas xəttə yönəldib. Siyasi dairələrdə, ekspert mühitində və ictimaiyyətdə eyni sual dolaşır: doğrudanmı tərəflər sülhə yaxınlaşır, yoxsa bu, növbəti taktiki manevrdən başqa bir şey deyil?
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son açıqlamasında prosesin “həlledici mərhələyə daxil olduğunu” vurğulayaraq bildirib ki, Vaşinqton və Tehran arasında razılaşma “heç vaxt olmadığı qədər yaxındır”. Onun sözlərinə görə, qarşıdakı həftəsonu yeni görüşün keçirilməsi ehtimalı yüksəkdir və tərəflər artıq yekun razılaşmanın konturlarını müzakirə edir.
Bir sıra siyasi şərhçilərin fikrincə, tərəflər arasında “yekun razılaşma” ifadəsi hər nə qədər ümidverici səslənsə də, bu, hələlik siyasi ritorika səviyyəsindən tam çıxmayıb. Çünki əvvəlki illərdə də oxşar bəyanatlar səsləndirilsə də, proses ya yarımçıq qalıb, ya da yeni böhran mərhələsinə keçib.
Trampın açıqlamaları nə dərəcədə reallığı əks etdirir? Bu görüş baş tutarsa, hansı konkret məsələlər masada olacaq? İranın bu danışıqlarda əsas məqsədi sanksiyaların ləğvidirmi, yoxsa daha geniş geosiyasi hədəflər var?![]()
Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz Musavat.com-a danışıb. Siyasi şərhç bildirib ki, ABŞ/İsrail-İran müharibəsində hər iki, hətta 3 tərəfin də özünəməxsus strateji hədəfləri var və bu hədəflərin ortaq məxrəcə gətirilməsi mümkün deyil:
“Dünya okeanlarına və su hövzələrinə nəzarəti özünün imperial hədəfləri kimi görən ABŞ üçün xüsusilə də Hörmüz boğazı və Fars körfəzi vazkeçilməz coğrafiyalardandır. Dünya neft və qaz hasilatının önəmli hissəsinin yerləşdiyi bu məkana nəzarət bütünlüklə qlobal iqtisadiyyata hökm etmək anlamına gəlir. Xüsusilə də son zamanlar dünya üzərində hegemoniyası zəifləyən bu su hövzəsi ABŞ üçün həyati önəm daşıyır. ABŞ ya bu coğrafiyanı ələ keçirəcək, ya da dünyaya hökm etmək yarışında rəqiblərinə, ələlxüsus da Çinə uduzacaq. Məhz bu səbəbdən də ötən ilin sonlarında hazırladığı “Milli Təhlükəsizlik Strategiyası-2025” adlı konsepsiyasına vazkeçilməsi mümkün olmayan coğrafiyalar siyahısına saldığı Hörmüz boğazını ABŞ-ın özgələrin ixtiyarına buraxması məğlubiyyətə bərabər geriçəkilmə olardı. Üstəlik, ABŞ bu regiondan çəkilərsə, oranın Çinin nəzarətinə keçəcəyi də şübhə doğurmur. Son vaxtlar iqtisadi rəqabətdə Çinə uduzan ABŞ-ın asanlıqla Pekin qarşısına ağ bayraq qaldıracağına inanmıram. ABŞ məsələyə bu dərəcədə həssas baxdığından onun Hörmüz uğrunda ölümünə mübarizəyə girişməkdən başqa çarəsi yoxdur".
Heydər Oğuz vurğulayıb ki, Hörmüzə nəzarət İran üçün də həyati anlam daşıyır:
"Çünki İranın neft və qaz ixracatının 90 faizdən artığı bu bölgədə hasil olunur və ixrac olunur. Hörmüzü itirmək İran rejimi üçün nəfəs borusunun tıxanması və ölməsi anlamına gəlir. Məntiqlə, o da Hörmüz uğrunda ölümünə mübarizə aparmağa hazır olmalıdır.
İsrail üçün isə Hörmüz boğazı onun varlığını təhdid edən xarici güc mərkəzlərinin qidalandığı həlledici qaynaqdır. O qaynaq qurudulmasa, Təl-əviv çoxdan arzuladığı stabilliyə və “Böyük İsrail”i qurmaq ideyasını reallaşdıra bilməyəcək. Əksinə, İran tərəfindən dəstəklənən “müqavimət oxu”na məğlub olacaq və bəlkə də yer üzündən silinəcək".
Siyasi şərhçinin fikrincə, bu qədər həssas dəngələrin formalaşdığı Hörmüz boğazında sülh razılığına gəlmək üçün tərəflərdən biri mütləq ağır məğlubiyyətə uğramalı və təslimiyyət bayrağı qaldırmalıdır:
"İranın arxasında Çin və Rusiya kimi qüvvələr dayandığını nəzərə alsaq, ABŞ bu boğazda təkcə İranla deyil, həm də ən ciddi rəqibləri ilə çarpışır. Odur ki, savaşı bitirmək yalnız Tehranın da siyasi iradəsindən asılı deyil. ABŞ da, Çin də, Rusiya da getdikcə bu problemə daha çox yönələcək və dünyada bənzəri görünməmiş konfliktlər yaşanacaq. Hətta bu savaş bəlkə də 10 illərlə davam edəcək.
İndiki mərhələdə ABŞ-ın müharibənin mahiyyətini dəyişərək odlu savaşdan iqtisadi qarşıdurmaya getdiyini müşahidə edirik. Müharibənin bu aşamasında ABŞ İranın bütün neft və qaz ixracatını kəsib onu iqtisadi cəhətdən ölümə tərk etməyə çalışacaq. İranın təkbaşına buna müqavimət göstərməsi mümkün görünmür. Çin və Rusiyanın da açıq-aşkar ABŞ-ın qarşısında dayanacağı da inandırıcı deyil. Odur ki, bu mərhələdə savaşın əsasən iqtisadi blokadaya yönələcəyini və bir-birini iflasa uğratmağa çalışacağını təxmin edirəm. Təbii ki, arada İsrail vasitəsilə İranın müəyyən canlı nöqtələrinə hücumlar da baş verəcək. Nəticədə İran-ABŞ/İsrail savaşı uzunmüddətli tükəndirmə müharibəsinə çevriləcək”.
Xalidə Gəray
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ