Onlayn ictimai-siyasi qəzet
“Rusiya prezidenti Vladimir Putinin Bişkekdə Ermənistan və Azərbaycanla bağlı açıqlamaları Moskvanın Cənubi Qafqaz siyasətində yeni mesajların meydana çıxdığını göstərir”.
Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Putin bir tərəfdən Paşinyanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımasının Qarabağdakı proseslərə təsirini yenidən xatırladıb, digər tərəfdən isə Ermənistanın gələcək siyasi seçimləri baxımından mühüm sayıla biləcək fikirlər səsləndirib:
“Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına söylədiyi “Siz Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Rusiya Qarabağda qala bilməzdi” fikrini hər dəfə təkrarlamaqla yanaşı, Bişkekdə bu cümləsinə əlavəsini də edib. O, Qarabağ ermənilərini nəzərdə tutaraq bunları deyib: “İnsanlar sadəcə gedəcəklər, vəssalam. Halbuki Prezident Əliyev bu insanlara qarşı heç bir pis iş görməyəcəkdi. O, müasir, intellektual insandır, onların maraqlarını təmin etməyə 100 faiz çalışacaqdı, amma onlar yenə də orada qalmayacaqdılar. Belə də oldu”.

Putin bu mövzuda danışarkən ilk dəfə Ermənistanın hazırkı rəhbərliyinin qərarında müsbət məqamları da vurğulayıb: “Ermənistan hökumətinin qərarında müəyyən müsbət məqamlar da var, çünki bu vəziyyət hər şeyi tam şəkildə ortaya qoyur, səhifəni çevirib artıq heç bir münaqişə, heç nə olmadan irəli getmək, insanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, sərhədləri investisiyalar üçün açmaq və sair mümkündür. Əslində, müsbət tərəflər də az deyil”. Nəhayət, Vladimir Putin Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması qərarının zəruri olduğunu anlayıb.
Putin Paşinyanın manevr imkanlarını genişləndirəcək başqa açıqlama da verib. Vladimir Putin Rusiyanın Ermənistandakı hərbi bazasını zorla orada saxlamayacağına bu ifadə ilə işarə edib: “Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını istəmirsə, Moskva “sabah belə” çıxmağa hazırdır””.
Politoloq bildirib ki, bununla da Rusiya prezidenti Moskvanın Ermənistana hərbi mövcudluğunu zorla qəbul etdirmək niyyəti olmadığını fikirini də ilk dəfə səsləndirib:
“Ancaq Putin bu haqda danışarkən zəruri əlavəsini də unutmayıb: “Rusiya bazasının qalması ilə bağlı qərar Ermənistan tərəfinin və ölkə vətəndaşlarının mövqeyini nəzərə almalıdır”.
Görünür, Putin hərbi baza mövzusunda da Ermənistanda referendum keçirilməsinə tərəfdardır. Əlbəttə, Nikol Paşinyan Ermənistanda mövcud vəziyyətdə bu mövzuda referendum keçirərsə, əks nəticə ilə üzləşə bilər. Ermənilərin əksəriyyəti parlament seçkisində Nikol Paşinyana səs versələr də, Rusiyanın hərbi bazasının varlığı mövzusunda fərqli qərar verə bilərlər. Buna baxmayaraq, Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan, o cümlədən Türkiyə ilə sərhədin açılmasına nail oduqdan sonra Nikol Paşinyan Rusiyanın hərbi bazasının varlığı mövzusunda referendum keçirərək müsbət nəticəyə ümid edə bilər. Bu, həm Ermənistanın, həm də Cənubi Qafqazın xeyrinə olar”.
Elxan Şahinoğlu onu da vurğulayıb ki, Putin Bişkekdə Ermənistanla bağlı yeni fikirlər söyləsə də, Ukrayna ilə müharibə mövzusunda fərqli heç nə deməyib:
“Halbuki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən sonra Hindistanın baş naziri Narendra Modi də media qarşısında Putinə söylədi ki, müharibəni bitirmək lazımdır. Modi Putinə belə də söylədi: “Bizə müharibənin sonu lazımdır, sonsuz müharibə yox... Müharibənin davam etdiyi hər gün bəşəriyyəti bir addım geriyə atır, sülhə doğru atılan hər addım isə real ümid verir. Biz sonsuz müharibədən hərbi əməliyyatların dayandırılmasına keçməliyik. Hindistan Qandinin, Buddanın ölkəsidir və bizim mesajımız bütün problemləri dinc yolla həll etməkdir”.
Vladimir Putin Narendra Modinin bu sözlərinə bir qədər əsəbi şəkildə “biz də məhz bu yolla hərəkət edirik” dedi. Ancaq Putinin məhz bu “yolla” hərəkət etdiyinə dair işarə yoxdur”.
Xalidə Gəray
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ