Onlayn ictimai-siyasi qəzet
Ramiz Mehdiyev işi ətrafında yeni və diqqətçəkən məlumat yayılıb. Musavat.com xəbər verir ki, ötən gün ona Cinayət Məcəlləsinin 311-ci maddəsi – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat yayılıb. Bu məlumatın diqqətçəkən tərəfi ondan ibarətdir ki, Ramiz Mehdiyev barəsində rüşvət ittihamı ilə bağlı məlumatda konkret məbləğ açıqlanmayıb.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi çərçivəsində onun barəsində 278.1-ci – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər; 274-cü – dövlətə xəyanət; 193-1.3.2-ci– cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma
maddələri ilə ittiham irəli sürüldüyü bildirilirdi.
İndi isə rüşvət alma ilə bağlı maddənin də ittihamlar sırasına əlavə olunduğu barədə yayılan məlumatlar istintaqın maliyyə əlaqələri və vəsaitlərin hərəkəti istiqamətində daha geniş araşdırmalar apardığı barədə müzakirələri gücləndirib. Gununsesi.info-nun məlumatına görə, Prezident Administrasiyasının sabiq rəhbərinin vəzifə səlahiyyətlərindən istifadə edərək ayrı-ayrı şəxslərdən ümumilikdə 70 milyon manat rüşvət aldığı iddia edilir.
70 milyon manatın hansı müddət ərzində və hansı epizodlar üzrə əldə edildiyi barədə əsas suallar hələ açıq qalır. Yayılan məlumata görə, rüşvət verdiyi iddia olunan şəxslər arasında həm dövlət vəzifəsi tutan şəxslər, həm də müxtəlif biznes dairələrinin nümayəndələri var. Bu isə araşdırmanın əhatə dairəsinin geniş ola biləcəyini göstərir. Çünki korrupsiya iddiası, mahiyyət etibarilə, bir nəfərlə məhdudlaşmır. Rüşvət alan varsa, rüşvət verən, vasitəçilik edən və müxtəlif əlaqələri quran şəxslərin də olması mümkündür. Məhz buna görə istintaqın gələcək mərhələlərinin hansı yeni şəxsləri və əlaqələri ortaya çıxara biləcəyi böyük maraq doğurur.
Söhbət həqiqətən də 70 milyon manatlıq rüşvət dövriyyəsindən gedirsə, istintaq üçün əsas məsələlərdən biri həmin vəsaitin sonrakı taleyinin müəyyənləşdirilməsi ola bilər. Vəsaitlərin harada saxlanıldığı, kimlərin adına rəsmiləşdirildiyi, daşınmaz əmlaka, şirkətlərə və ya digər aktivlərə yönəldilib-yönəldilmədiyi istintaq baxımından mühüm əhəmiyyət daşıya bilər. Bu suallar Ramiz Mehdiyev barəsində əvvəllər irəli sürülən Cinayət Məcəlləsinin 193-1-ci maddəsi ilə bağlı ittiham fonunda daha da aktuallaşır. Maliyyə vəsaitlərinin mənşəyi və sonrakı hərəkəti müəyyən edilərsə, iş üzrə yeni epizodların və digər şəxslərin ortaya çıxması ehtimalı da istisna edilmir.
Ramiz Mehdiyev barəsində əvvəlki ittihamlar üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
İlkin olaraq müəyyən edilmiş müddətin sonradan uzadıldığı bildirilirdi. Son yayılan məlumatlara görə, 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb. Bu qərar həmin dövrdə istintaqın davam etdiyini göstərirdi.
İndi isə yeni rüşvət ittihamı barədə yayılan məlumatlar araşdırmanın daha geniş maliyyə istiqamətlərini əhatə etdiyi barədə müzakirələri artırıb. Araşdırmalar davam etdikcə yeni epizodların üzə çıxması və məbləğin dəyişməsi ehtimalı da istisna edilmir.
E.Məmmədəliyev,
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ