Onlayn ictimai-siyasi qəzet
“Flora xanımın vəziyyəti nə yaxşıdır, nə də pis. Əhvalına gəldikdə isə xəstə adamın əhvalı necə ola bilər ki?!”
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib. O bildirib ki, Flora Kərimova hazırda bağdadır. Həkimlər sənətçiyə şəhər havasından uzaq qalmağı, daha çox bağ havasında olmağı tövsiyə ediblər.
“Flora xanım hazırda bağdadır. Həkimlər ona bağ havası tövsiyə ediblər. Şəhər havası yox, məhz bağ havası lazımdır. Qızı Zümrüd xanım işlədiyi üçün İngiltərəyə geri dönüb”, – deyə köməkçisi qeyd edib.
Yaqut İmanovanın sözlərinə görə, sənətçinin zaman-zaman müxtəlif narahatlıqları yaranır. Əsas probleminin isə ürəyi ilə bağlı olduğunu bildirib:
“Flora xanımın hərdən ağrıları olur. Bəzən ürəyi bərk döyünməyə, ürəyi bulanmağa başlayır. Nəbzi və təzyiqi qalxır. Belə hallar tez-tez təkrarlanır. Əsas problem ürəyi ilə bağlıdır. Onun ventrikulyar aritmiyası var. Aritmiya ilə bağlı problemlər tez-tez özünü göstərir”.
Köməkçisi bildirib ki, Flora Kərimova internetdən və sosial şəbəkələrdən istifadə edir, övladları ilə əlaqə saxlayır: “İnternetə, sosial şəbəkələrə daxil olur, qızı və oğlu ilə danışır. Bir qədər bağda gəzişir, yeməyini yeyir, dincəlir. Əsasən vaxtını internetdə keçirir”, – deyə Y. İmanova əlavə edib.
Köməkçi sənətçini ziyarət etmək istəyənlərin çox olduğunu, lakin hazırkı vəziyyətdə Flora Kərimovanın çoxsaylı qonaqları qəbul edə bilmədiyini vurğulayıb:
“Özümüz də çox adamın gəlməsini istəmirik. Çünki gəlmək istəyənlər çoxdur, amma Flora xanım tez yorulur. Hazırkı vəziyyətində qonaq qəbul edə bilmir. Artıq 85 yaşı var, qonaq ağırlamağa taqəti çatmır. Əvvəlki vaxtlar kimi deyil ki, tədbirlərə getsin, qonaq qarşılasın”.
Y. İmanova sənətçinin mütəmadi olaraq tibbi müayinədən keçirildiyini də bildirib.
“Flora xanım mütəmadi müayinə olunur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. Həkimlər həftədə bir dəfə evə gəlir, analizlər götürür və səhhətini yoxlayırlar. Bütün bunlar Mehriban xanımın köməkliyi ilə həyata keçirilir”, – deyə o qeyd edib.
Şahanə Rəhimli
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ