Onlayn ictimai-siyasi qəzet
Beş saata yaxın davam edən yoldan sonra Londondan Uelsin ən məşhur sahil şəhərciklərindən birinə gəlmişik. Uelsin cənub-qərbində yerləşən Tenbidəyik.
Əvvəl bura gec çatdığımız üçün bir az heyifsilənirəm. Amma qarşımdakı mənzərəni görəndə düşünürəm ki, yaxşı ki, Tenbiyə məhz axşam çatmışıq. Hava qaralsa da, bir neçə uşaq hələ də dənizdədir. Onların uzaqdan gələn gülüş səsləri, sahildəki evlərin pəncərələrindən görünən işıqlar axşama xüsusi bir ab-hava qatır. Gündüz rəngarəngliyi ilə seçilən evlər axşam işıqları altında daha da gözəl görünür.
Tenbi Pembrokşirdə yerləşən tarixi sahil şəhərciyidir. Bura pastel rəngli evləri, orta əsrlərdən qalan qala divarları və geniş qumlu çimərlikləri ilə tanınır. Ertəsi gün şəhər hələ tam oyanmamış, səhər saat 7 radələrində gəzintiyə çıxırıq. Axşam gördüyümüz mənzərə artıq tamamilə dəyişib. Su çəkilib və bir-birinin ardınca düzülmüş qayıqlar qumun üzərində qalıb. Tenbidə sutka ərzində adətən iki dəfə qabarma, iki dəfə isə çəkilmə müşahidə olunur. Buna görə də sahil günün müxtəlif saatlarında tam fərqli görünür.
Bir qədər gəzdikdən və fotolar çəkdikdən sonra saat 11 radələrində sahili yuxarıdan görmək üçün yenidən buraya qayıdıram. Bir neçə saat əvvəl qumun üzərində qalan qayıqların ətrafına su qayıtmağa başlayıb. Ümumiyyətlə, günün hər saatında Tenbinin ab-havası bir qədər fərqlidir. Payızın ilk günləri olduğundan hava artıq bir az sərinləşib, amma şəhərcik yenə də insanlarla qaynayır. Tenbi xüsusilə yay aylarında britaniyalıların və xarici turistlərin Uelsdə üz tutduğu məşhur istirahət məkanlarından biridir.
Tenbidə diqqətimi ən çox çəkən yerlərdən biri də Sergeant’s Lane adlı kiçik küçə olur. Küçənin girişindəki lövhədə buranın Britaniyanın ən çox fotoşəkli çəkilən küçəsi olduğu yazılıb. Britaniyanın başqa məşhur şəhər və kəndlərində də müxtəlif küçələr haqqında oxşar iddialara rast gəldiyim üçün bunun nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma küçənin özünün həqiqətən də çox fotogenik olduğunu demək olar.
Dar küçədəki rəngli binalar, kiçik kafe və suvenir mağazaları buraya fərqli ab-hava verir. Hətta bir anlıq özünü Britaniyada deyil, İtaliyanın kiçik sahil şəhərciklərindən birində hiss edə bilərsən.
Tenbidə bir neçə gün keçirdikdən sonra səfərimizi davam etdiririk. Uels Birləşmiş Krallığı təşkil edən 4 ölkədən biridir və Londondan bura gəlib yalnız bir neçə gün qalmaq bütün görməli yerləri kəşf etmək üçün kifayət etmir. Şəlalələri, təbiəti, sahil mənzərələri, Tenbi kimi maraqlı şəhərcikləri, kiçik kəndləri və özünəməxsus turistik məkanları ilə burada görməli çox yer var.
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ