İnsanlara hürriyət, millətlərə istiqlal!

1 sentyabrda başlayan dəhşət 2 sentyabrda necə sona çatdı?-

İnsanlıq tarixinin ən qanlı səhifələrindən biri sayılan II Dünya müharibəsinin  başlanmasından dünən 87 il keçdi. Bu gün isə on milyonların həyatını itirdiyi savaşa son qoyulmasından 81 il ötür. Musavat.com tarixə nəzər salaraq, həmin dövrün hadisələrini qısa da olsa, xatırlamağı vacib sayır. Əvvəlcə 1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. Bundan iki gün sonra Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdilər. Bununla da Avropada başlayan qarşıdurma qısa müddətdə qlobal savaşa çevrildi.

Picture background

Müharibənin gedişində Almaniya, İtaliya və Yaponiya-“Ox dövlətləri”-ilə Böyük Britaniya, Fransa, Sovet İttifaqı, ABŞ və digər müttəfiq dövlətlər arasında genişmiqyaslı döyüşlər aparıldı. 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücumu və Yaponiyanın ABŞ-ın Perl-Harbor bazasına zərbəsi müharibənin miqyasını daha da genişləndirdi. ABŞ-ın savaşa qoşulması müttəfiqlərin hərbi və iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artırdı.
1945-ci ilin yazında Almaniya məğlub edildi. Mayın 8-də Almaniyanın qeyd-şərtsiz təslim olması ilə Avropada müharibə başa çatdı. Lakin Uzaq Şərqdə döyüşlər davam edirdi. ABŞ-ın Xirosima və Naqasakiyə atom bombaları atmasından və Sovet İttifaqının Yaponiyaya qarşı müharibəyə qoşulmasından sonra Tokio təslim olmaq qərarına gəldi. 1945-ci il sentyabrın 2-də Yaponiya təslim aktını imzaladı və bununla İkinci Dünya müharibəsi rəsmən sona çatdı.
Müharibənin nəticələri isə dəhşətli idi. Təxminən 70-85 milyon insanın həyatını itirdiyi hesab edilən bu savaş dünyanın ən böyük humanitar faciələrindən birinə çevrildi. Avropanın böyük hissəsi dağıldı, milyonlarla insan evindən didərgin düşdü, ABŞ və SSRİ isə müharibədən sonra dünyanın əsas supergüclərinə çevrildi. Beləliklə, yeni beynəlxalq nizam yarandı və Soyuq müharibə dövrünün əsası qoyuldu.
İ

kinci Dünya müharibəsindən 81 il keçməsinə baxmayaraq, dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr böyük müharibə təhlükəsinin tamamilə aradan qalxmadığını göstərir.

Tarix yenidən təkrarlana bilərmi? Dünyada artan geosiyasi qarşıdurmalar, böyük dövlətlər arasında rəqabət və nüvə silahlarının mövcudluğu yeni qlobal müharibə riskini nə qədər artırır? ABŞ, Rusiya, Çin və digər güc mərkəzləri arasında qarşıdurma nə vaxtsa dünya savaşına çevrilə bilərmi?
Tarixçi yazar Azər Hüseynov hazırda mövcud olan riskləri dilə gətirdi: “Dünya tarixində, xüsusilə də yeni və ən yeni dövr ərzində dəfələrlə bir çox dövlətin iştirak etdiyi regional müharibələr, eləcə də iki dünya müharibəsi baş verib. Xüsusilə İkinci Dünya müharibəsi ərəfəsində dünyadakı vəziyyət müəyyən mənada fərqli idi. Həmin dövrdə bir-birinə qarşı ciddi düşmənçilik mövqeyində dayanan iki böyük siyasi-iqtisadi sistem mövcud idi, kapitalist dünya və Sovet İttifaqının timsalında sosialist dünya.
Lakin bu qarşıdurma fonunda yeni bir ideoloji istiqamət-nasional-sosializm, yəni faşizm ideyası meydana çıxdı. Beləliklə, mövcud siyasi və ideoloji qarşıdurmaya yeni bir qüvvə də əlavə olundu. İkinci Dünya müharibəsinin başlanmasına gətirib çıxaran əsas amillərdən biri də məhz həmin dövrdə ideologiyaların dövlətlərarası münasibətlərdə və dünya siyasətində mühüm rol oynaması idi.

Picture backgroundƏslində, hazırda da dünya müharibəsinin təkrarlanması ehtimalını tamamilə istisna etmək olmaz. Belə bir risk hər zaman mövcuddur. Lakin müasir dövrün geosiyasi konfiqurasiyası İkinci Dünya müharibəsi ərəfəsindəki vəziyyətdən ciddi şəkildə fərqlənir. Əsas fərqlərdən biri ondan ibarətdir ki, bu gün böyük güclər arasındakı qarşıdurma əvvəlki dövrlərdə olduğu kimi yalnız kəskin ideoloji zəmində qurulmur. Məsələn, hazırkı ABŞ-İran qarşıdurmasına nəzər saldıqda görürük ki, İran daha çox özünümüdafiə xarakterli mövqe tutur və qlobal miqyasda ABŞ-la bərabər səviyyədə hərbi-siyasi qarşıdurma aparmaq imkanlarına malik deyil. Bu səbəbdən həmin qarşıdurmanı avtomatik olaraq dünya müharibəsinə aparan proses kimi qiymətləndirmək doğru olmaz.

Digər tərəfdən, müasir dünya iqtisadiyyatının qarşılıqlı asılılığı da mühüm amildir. Dövlətlərin iqtisadi, maliyyə və enerji baxımından bir-birindən asılı olması genişmiqyaslı müharibənin nəticələrini təkcə qarşı tərəf üçün deyil, bütün dünya üçün son dərəcə ağırlaşdırır. Bundan əlavə, internetin və müasir kommunikasiya vasitələrinin mövcudluğu da beynəlxalq münasibətlərin xarakterini dəyişib. İnformasiya artıq əvvəlki dövrlərdə olduğu kimi yalnız dövlətlərin nəzarətində olan məhdud bir resurs deyil. Hadisələr saniyələr ərzində qlobal miqyasda yayıla bilir və bu da dövlətlərin müharibə qərarlarına, ictimai rəyə və beynəlxalq reaksiyalara ciddi təsir göstərir. Ona görə də bu gün dünya müharibəsinin baş verməsi ehtimalını tamamilə istisna etmək mümkün olmasa da, müasir geosiyasi və iqtisadi reallıqlar İkinci Dünya müharibəsi ərəfəsində mövcud olan şərtlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqlər genişmiqyaslı qlobal müharibənin qarşısının alınması üçün müəyyən çəkindirici mexanizmlər yaradır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR