Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanla Qırğızıstan arasında siyasi münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın da yeni mərhələyə keçməsi üçün geniş imkanlar yaradır. Xüsusilə Qırğızıstan iqtisadiyyatının son illərdə yüksək templərlə böyüməsi, ölkəyə investisiya axınının sürətlənməsi və Mərkəzi Asiyanın nəqliyyat-logistika xəritəsində əhəmiyyətinin artması Azərbaycan üçün yeni əməkdaşlıq istiqamətləri formalaşdırır".
Bu barədə Musavat.com-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçı qeyd edib ki, Qırğızıstan iqtisadiyyatında son illərdə kifayət qədər ciddi müsbət dinamika müşahidə olunur:
"Ölkə iqtisadiyyatı 2025-ci ildə 11,1 faiz, 2026-cı ilin ilk 7 ayında isə yenidən 11,1 faiz böyüyüb. Cari ilin yanvar-iyul aylarında sənaye istehsalı 11,2 faiz, əsas kapitala investisiyalar 58,8 faiz, tikinti sektoru isə 60,6 faiz artıb. Təxminən 7,5 milyon əhalisi olan Qırğızıstan üçün bu göstəricilər kifayət qədər yüksək iqtisadi artımdan xəbər verir. Bu dinamika ölkənin investisiya baxımından cəlbediciliyini artırmaqla yanaşı, Azərbaycan biznesi üçün də yeni imkanlar yaradır".
Eldəniz Əmirovun fikrincə, Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi müstəvidə yüksək səviyyəyə çatmasına baxmayaraq, iqtisadi əlaqələrdə hələ də böyük və istifadə olunmamış potensial mövcuddur:
"Bu potensial xüsusilə iki ölkə arasındakı ticarət göstəricilərində özünü göstərir. Belə ki, 2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 77 milyon dollar təşkil edib. Bir il ərzində ticarət dövriyyəsinin təxminən 1,9 dəfə artması müsbət tendensiya olsa da, mövcud göstərici iki ölkənin iqtisadi imkanları və siyasi münasibətlərin səviyyəsi ilə müqayisədə hələ də kifayət qədər aşağıdır.
Başqa sözlə, qarşılıqlı ticarətin artım tempi ümidverici olsa da, Azərbaycan və Qırğızıstanın qarşısında daha böyük hədəflər dayanır. İki ölkə arasında iqtisadi əlaqələrin yalnız mövcud ticarət dövriyyəsi ilə məhdudlaşdırılması düzgün olmazdı. Xüsusilə investisiya, istehsal, logistika, kənd təsərrüfatı, energetika, turizm və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi imkanlar var".
İqtisadçı qeyd edib ki, son dövrlərdə investisiya əməkdaşlığında da nəzərəçarpacaq irəliləyiş müşahidə olunur:
"Azərbaycan-Qırğız İnkişaf Fondunun maliyyə imkanlarının 200 milyon dollara çatdırılması ilə bağlı razılığın əldə edilməsi iki ölkənin iqtisadi tərəfdaşlığında mühüm mərhələ sayıla bilər. Fond vasitəsilə birgə layihələrin maliyyələşdirilməsi və real sektorun inkişafına investisiyaların yönəldilməsi gələcəkdə iqtisadi əlaqələrin həcmini əhəmiyyətli dərəcədə artıra bilər.
Burada əsas məsələ yalnız kapital yatırılması deyil, Azərbaycan və Qırğızıstan arasında birgə müəssisələrin yaradılması və istehsal zəncirlərinin formalaşdırılmasıdır. Belə layihələr qarşılıqlı ticarəti artırmaqla yanaşı, hər iki ölkənin regional bazarlara çıxış imkanlarını da genişləndirə bilər.
Qırğızıstanın coğrafi mövqeyi də Azərbaycan üçün ayrıca əhəmiyyət daşıyır. Mərkəzi Asiyanın əsas ölkələrindən biri olan Qırğızıstanın nəqliyyat və logistika imkanlarının inkişaf etdirilməsi Azərbaycanı regionla birləşdirən əlaqələrin daha da gücləndirilməsinə xidmət edə bilər. Bu baxımdan Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi və Mərkəzi Asiya ölkələri ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi iki ölkə arasındakı əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir".
Eldəniz Əmirov vurğulayıb ki, Qırğızıstanın sürətlə inkişaf edən turizm sektoru da Azərbaycan şirkətləri üçün maraqlı imkanlar yarada bilər:
"Turizm infrastrukturu, hotelçilik, xidmət sektoru və nəqliyyat sahələrində qarşılıqlı investisiyaların artırılması iki ölkə arasında iqtisadi münasibətlərin şaxələndirilməsinə imkan verə bilər. Beləliklə, Azərbaycan üçün Qırğızıstanın iqtisadi əhəmiyyətini yalnız 77 milyon dollarlıq mövcud ticarət dövriyyəsi ilə ölçmək doğru olmaz. Sürətlə böyüyən iqtisadiyyat, investisiya imkanlarının genişlənməsi, Mərkəzi Asiyanın nəqliyyat-logistika sistemində mövqeyi və müxtəlif sahələrdə əməkdaşlıq potensialı Qırğızıstanı Azərbaycanın regiondakı mühüm iqtisadi tərəfdaşlarından birinə çevirə bilər.
Əsas məsələ isə siyasi müttəfiqliyin yaratdığı imkanların iqtisadi müstəviyə nə dərəcədə sürətlə və effektiv şəkildə keçirilməsidir. Əgər investisiya layihələri genişləndirilər, birgə istehsal və logistika imkanlarından daha səmərəli istifadə olunarsa, qarşıdakı illərdə Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələrinin hazırkı göstəricilərdən dəfələrlə yüksək səviyyəyə çatması mümkündür".
Xalidə Gəray
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ