Onlayn ictimai-siyasi qəzet
Diqqətli oxucuların yadında olar, bu ilin 8 aprelindəki köşə yazımda mən Hörmüz boğazının adının dəyişdirilib Tramp boğazı qoyulmasının vacibliyini bəyan etmişdim. Hətta yazının adı da elə “Tramp boğazı” idi, kim şübhə edirsə saytda tapıb oxusun. Dünən artıq bu istiqamətdə addımlar atılmasına başlanılıb: ABŞ prezidenti Donald müəllim yüksək təvazökarlıqla təklif edib ki, Hörmüzün adı Trampa çevrilsə məqsədəuyğun olardı. Dünyada belə şeylərin dəbə minməsi, yaxud, müasir leksika ilə yazsam, trendə çevrilməsi maraqlıdır. Kimin kefi istəsə toponimləri dəyişir. Məsələn, Tramp Ontario gölünün adını da Amerika eləyib, sanki səyyah Ameriqo Vespuççinin adı matah imiş. “Amerikadakı Amerika gölü” – bəli, çox orijinal səslənir... Hələ Meksika körfəzinin də adını Amerika qoyub! Yaxşı olar orda bütün yer-yurd adlarını Amerika eləsin.
Bu cür adqoyma ənənələrinin bizdəki örnəkləri də maraqlıdır. Görədillə Fatmayı arasında uzun və təzə salınmış bir küçə var, adı belədir: “Aşıq Humay küçəsi”. Bu kimdir, Google-da axtardım, sən demə 1800 neçəncisə ildə Daşkəsəndə doğulan və 1971-ci ildə rəhmətə getmiş bir aşığın adıdır. Əgər yaradıcılığı sizə maraqlıdırsa, buyurun, əsasən kolxoz quruculuğunu tərənnüm edirmiş: “Evlərimiz buludlarla öpüşür, Baxçamızda şux bülbüllər ötüşür, Yüz əmək gününə bir pud yağ düşür, Arpanı, buğdanı demirəm hələ”.
Şəkli olmasa da, mən aşıq yoldaşı təsəvvür də elədim, Stalinin kitelində, qalifeyi soldat şalvarında... Bəs bu arxaik propaqanda aşığının adını yeni küçəyə niyə qoyublar? Aşıq Humayın Görədilə nə dəxli var? Davam edək. “Ulduz” metrosu tərəfdə xaraba, toz-torpaq içində bir küçə var, adı bilirsinizmi necədir? Nə az, nə çox: Böyük İpək Yolu küçəsi! Bu küçəni görən adam ömrü boyu tarixi İpək yolundan keçmək istəməzdi. Üstəlik, küçənin yanlarında nə insan yaşayışı var, nə küçə bir əməlli yerə çıxır... Belə “ipək yolu” olarmı?
Biləcəridə ən böyük küçələrdən biri sovet dövründə Stepan Şaumyanın adını daşıyırdı. Anamızı ağladan daşnak terroristin. Müstəqillik başlayanda lövhələr söküldü, küçəyə Yəhya Hüseynov adı qoyuldu. Mən o tərəfdə neçə adamdan soruşmuşam, heç kim Yəhya Hüseynovun kim olduğunu bilmirdi, ancaq araşdırıb özüm tapmışam: İkinci Dünya savaşı zamanı qatar sürən (maşinist) bir insan olub, cəbhəyə sursat, əsgər-filan daşımaqda şücaəti-filanı varmış. Lap yaxşı, Biləcəri dəmiryol qovşağıdır, hesab edək bu dəfə əlaqədar orqanlar düz qərar verib – Hüseynovu küçə sakinləri heç tanıyıb, xatırlamasa da. Ancaq keçən ilin sonlarından həmin Yəhya Hüseynov küçəsinin döngələrindən birinə “Mehri Məmmədova” adı qoyulub. Bu kimdir, yenə küçədə yaşayan sakinlərin heç biri bilmir (Sorğu keçirmişəm. Hətta sakinlərdən biri zarafatla dedi ki, yəqin əski nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır). Halbuki, bizim toponimika qanunvericiliyinə görə harasa ad qoyulanda yerli sakinlərin də rəyi nəzərə alınmalıdır.
İnternetdə axtaranda “Mehri Məmmədova” adlı hansısa qeyri-adi qadına rast gəlinmir. “Qeyri-adi” ifadəsini yaxşı mənada, yəni, adı küçəyə veriləcək anlamında yazıram. Yalnız 1 nəfər az-maz uyğun gəlir: vaxtilə Biləcəri bələdiyyəsinin üzvü olmuş bir qadın varmış. Lakin Biləcəri bələdiyyəsi kimi saxta orqanın üzvünün adı niyə küçəyə qoyulmalıdır, bax, bu məlum deyil. Yəqin kiminsə qahımlarındandır. Yenə Biləcəridə “Bürhan Təbrizi küçəsi” var. Bu da növbəti absurddur, çünki, Məşədi İbadın sözü olmasın, mən özüm bu kişini tanımadım, bisavadlar neyləsin? Yenə internet dadımıza çatdı. Sən demə “Bürhan Təbrizi” 17-ci əsrdə yaşamış “azərbaycan mənşəli farsdilli leksikoqraf alim” imiş, əsl adı da Məhəmməd Hüseyn ibn Xələf Təbrizi-dir. Fars dili üçün nəsə izahlı lüğət qayırmışdır.
Gör ha... Bizim üçün, özəlliklə Biləcəri camaatı üçün nə qədər vacib insan olmuşdur! Mehdiabaddan Binəqədiyə tərəf gedəndə, ətrafında insan yaşamayan və bir yanı ümumiyyətlə neft sahəsi olan küçənin adı isə lap fantastikdir: Mətbuat küçəsi! Təsəvvür edin. Küçədə mətbuat adına yəqin ki, küləyin haçansa gətirdiyi qəzet cırığı da tapmaq çətindir, gəl gör, məsələn, qəzet köşkü-filan olsun. Mətbuatımız tam çezmək üzrədir, ancaq adına Bakıda həm prospekt var, həm küçə. Halaldır.
Bəlkə biz kənd Binəqədidə Amerika küçəsi düzəltsək, Trampın xoşuna gələr? Hətta Biləcərinin adını Yeni Nyu York qoymaq olar.
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ