İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-ı bataqlığa çəkir-Pentaqon qüvvələrin bölgədə qalma müddətini uzatdı

Yaxın Şərqdə ABŞ-İran qarşıdurmasının tezliklə başa çatacağı ilə bağlı gözləntilər getdikcə zəifləyir. Vaşinqtonun bölgədəki hərbi mövcudluğunu azaltmaq əvəzinə, bəzi qüvvələrin dislokasiya müddətini daha da uzatması münaqişənin uzunmüddətli xarakter ala biləcəyinə dair ciddi siqnallar yaradır.
“The Wall Street Journal”ın yazdığına görə, ABŞ müdafiə naziri Pit Hegset Pentaqonun Yaxın Şərqdəki qüvvələrinin yerləşdirilmə müddətini uzadır və İranla əməliyyatların bu il ərzində yekunlaşmaya biləcəyi ssenarisini nəzərə alır. Hazırda regionda təxminən 50 min ABŞ hərbçisi, 19 hərbi gəmi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə sistemləri və desant qüvvələri yerləşdirilib.
ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir | Axar.Az

Digər tərəfdən, Donald Trampın İran məsələsində mövqeyi diqqət çəkir. ABŞ prezidenti özəl müzakirələrdə müharibənin başa çatdığını elan etmək və Tehran üzərində iqtisadi təzyiqi artırmaq yolu ilə Vaşinqtonun məqsədlərinə nail olmağı nəzərdən keçirir. Lakin Pentaqonun bölgədəki hərbi qüvvələri geri çəkmək əvəzinə onların qalma müddətini uzatması Ağ Evdə siyasi-diplomatik yanaşma ilə hərbi strategiya arasında müəyyən ziddiyyətin olduğunu göstərir.
Məlumata görə, bəzi ABŞ hərbi bölmələrinin Yaxın Şərqdə qalma müddəti artıq 12 aya qədər artırılıb. “Theodore Roosevelt” aviadaşıyan gəmisinin isə gələn ilin yazına qədər bölgədə xidmət aparması gözlənilir. Bu isə Vaşinqtonun İranla qarşıdurmanın qısa müddətdə yekunlaşacağına tam əmin olmadığını göstərən mühüm siqnaldır.
Tramp bir tərəfdən müharibənin başa çatdırılmasını müzakirə etdiyi halda, ABŞ ordusu niyə Yaxın Şərqdə daha uzun müddət qalmağa hazırlaşır? ABŞ-ın bölgədə saxladığı 50 minlik hərbi kontingent İranla mümkün yeni qarşıdurma dalğasına hazırlıqdır? Münaqişənin 2027-ci ilə qədər uzanması ABŞ-ın Yaxın Şərq siyasətini və regiondakı güc balansını necə dəyişə bilər?
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında tərəflərdən birinin “ağ bayraq” qaldırmadığı sürəcdə savaşın davam ehtimallarının yüksək olduğunu söylədi: “Rəsmi açıqlamalara baxaraq demək olar ki, ABŞ-İran qarşıdurmasının yaxın zamanda bitməsi və dayanıqlı həll yolunun tapılması barədə nikbinlik artıq yoxdur. Tərəflər öz maksimalist iddialarından və tələblərindən imtina etmədilər. ABŞ regionda hərbi üstünlüyünü, İran isə suveren dövlətçiliyini və regional təsir imkanlarını qorumaq uğrunda müharibənin genişlənməsinə doğru yol alır. Başqa sözlə, müharibə ən azı 2027-ci ildə də davam edəcək və tərəflərdən biri kapitulyasiya etməzsə, daha da uzanacaq. Elə buna görə də ABŞ regionda hərbi qüvvələrini möhkəmləndirir. 2023-dən öncə bölgədə ABŞ hərbi qüvvələrinin say tərkibi 34 min idi. Həmas-İsrail müharibəsi fonunda bu rəqəm 40 minə yüksəldildi. İranla müharibədə isə daha da artırılaraq 50 minə çatdırıldı və hazırda alınan qərara görə 2027-də də Yaxın Şərqdə 50 minlik hərbi heyət saxlanacaq. Bu, o deməkdir ki, müharibə uzana bilər”.
Azərbaycan qlobal siyasəti müəyyən edən qüvvələrin strateji tərəfdaşına çevrilir  ŞƏRH

Siyasi ekspertin sözlərinə görə, İsrail Baş naziri Netanyahu hətta son olaraq yenə bəyan edib ki, İrandakı dini rejim devrilməlidir: “Son 2 gündə ABŞ-nin İrana və İranın ABŞ-nin regiondakı hərbi bazalarına qarşılıqlı hərbi hücumlarının artması müharibənin hərbi fazasının canlandığını göstərir. İndi əsas sual budur ki, İran tezliklə, yaxud 2027-ci il ərzində məğlub edilə biləcəkmi? Regiondakı güc balansının dəyişməsi böyük ölçüdə bununla bağlıdır. Belə ki, İran məğlub olacaqsa, təbii ki, regiondakı güc nisbəti dəyişəcək və tamamilə yeni regional geosiyasi vəziyyət formalaşacaq. Lakin İran nəinki ötən 6 ayda məğlub edilə bilmədi, əksinə regionda təsir gücünün kifayət qədər yüksək olduğunu, Bab-Əl-Məndəb və Hörmüzdəki real vəziyyətlə nümayiş etdirdi. Əvvəl hər iki strateji keçid ABŞ üçün də, dünya üçün də maneəsiz idi, indi isə maneəsiz deyil. Burada bir məqam qeyd olunmalıdır. İran Hörmüzə alternativ olaraq ticarət əlaqələrini canlı tutmaq üçün strategiya inşa edib. Həm şimal istiqamətində Xəzər İranın iqtisadi təhlükəsizlik siyasətinə inteqrasiya edilir, həm də cənubda, 2021-ci ildə istismara verilən Goreh-Jask neft kəməri İran-Çin enerji ticarətini canlı saxlamağa, ABŞ-nin Hörmüzdəki təzyiqindən yayınmağa xidmət edir. Bu, o deməkdir ki, İranın iqtisadi nəfəsliyi var. Həmçinin Çin və Rusiyanın İrana birbaşa hərbi dəstəyi olmasa da, strateji kommunikasiya və s. dəstəkləri danılmazdır. ABŞ-nin isə regiondakı hərbi imkanları ciddi təzyiq altındadır. ABŞ-ın 5-ci Donanması Bəhreyndə yerləşir və ABŞ hərbi gəmiləri mütəmadi olaraq, müharibədən öncələri də Hörmüz boğazından keçirdi. Məsələn, 2019-cu ilin yanvarında USS John C. Stennis aviadaşıyan qrupu Hörmüzdən keçərək regionda əməliyyat aparırdı. Yəni ABŞ daha öncə də Hörmüzdə olub, lakin indi mina və raketlərin yaratdığı təhlükə altında buradadır. Həmçinin Türkiyə-Səudiyyə-Pakistan hərbi ittifaqının realizə edilməsi fonunda ABŞ-nin Yaxın Şərq regionundakı hərbi varlığının qarşıdakı illərdə məhdudlaşdırılması müzakirə olunur. Lakin bu, ilk növbədə İranla münasibətlərin tam aydınlaşdırılması fonunda baş verə bilər. Beləliklə, Yaxın Şərqin yeni geosiyasi landşaftı ABŞ-İran müharibəsinin nəticələri ilə müəyyən olunacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR