Onlayn ictimai-siyasi qəzet
İndoneziyada hökuməti və dövlət qurumlarını açıq şəkildə təhqir etməyə görə nəzərdə tutulan cinayət məsuliyyəti ləğv edilib.
Musavat.com xəbər verir ki, İndoneziyanın Konstitusiya Məhkəməsi 2023-cü ildə qəbul edilmiş Cinayət Məcəlləsinin müvafiq maddələrini Konstitusiyaya zidd hesab edərək qüvvədən salıb. Sözügedən normalar 2026-cı ilin yanvarından qüvvədə idi və bəzi hallarda 3 ilədək həbs cəzası nəzərdə tuturdu.
Məhkəmənin qərarında ən çox diqqət çəkən məqam dövlət qurumlarının təhqir obyekti kimi qəbul edilməsinə münasibət olub. Hakimlər bildiriblər ki, dövlət təsisatları hüquqi subyekt olsalar da, təriflənmək, tənqid və ya təhqir edilməklə bağlı “hisslərə malik deyillər”.
Konstitusiya Məhkəməsi hesab edib ki, bu maddələr hakimiyyətin fəaliyyətinə yönələn qanuni tənqidin də cinayət kimi qiymətləndirilməsinə imkan yarada və insanların fikirlərini sərbəst ifadə etməsinə çəkindirici təsir göstərə bilər.
Qərardan sonra hökuməti və dövlət qurumlarını təhqir etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan 240 və 241-ci maddələr hüquqi qüvvəsini itirib. Bununla belə, ölkədə böhtan və təhriklə bağlı digər qanunvericilik normaları qüvvədə qalır.
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ