Onlayn ictimai-siyasi qəzet
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata "Rəqəmsal platforma təsirçisi" (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edib. Dəyişiklik sosial media və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin daha dəqiq və şəffaf rəsmiləşdirilməsinə, onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınmasına və statistik məlumatların daha dolğun formalaşdırılmasına imkan yaradır.
Dövlət Vergi Xidməti bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirməyi və qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi tövsiyə edir.
Mövzu ilə bağlı iqtisadçı Vüsalə Əhmədovanın sözlərinə görə, bu o deməkdir ki, dövlət artıq rəqəmsal platformalar üzərindən gəlir əldə edilməsini, iqtisadi fəaliyyətin uçotu zamanı ayrıca identifikasiya edə biləcək.
Musavat.com-a açıqlamasında o qeyd edib ki, məqsəd, bloqeri ayrıca sahibkarlıq subyekti növünə çevirmək və ya avtomatik olaraq yeni vergi dərəcəsi yaratmaq deyil: “Praktiki baxımdan əsas dəyişiklik budur ki, əvvəllər "bloqer", "reklam xidməti", "marketinq", "məzmun yaradılması" kimi müxtəlif fəaliyyətlər indi birbaşa "rəqəmsal platforma təsirçisi" kimi identifikasiya ediləcək. Burada dəqiqləşdirilməli olan əsas məqam influyenserin hansı vergi rejimində tabe olacağıdır. Bu zaman düşünürəm ki, gəliri necə əldə etdiyi, fəaliyyətinin xarakteri və ya dövriyyəsinin həcmi, həmçinin Vergi Məcəlləsindəki digər bu kimi şərtlər nəzərə alınacaq. Məsələn, bloger və ya influencerin illik dövriyyəsi 200.000 manatadək olarsa, mikrosahibkar subyekti kimi sadələşdirilmiş vergiyə (2%) cəlb oluna bilər. Əgər platforma vasitəsilə şirkətlərə xidmət və ya əhaliyə xidmət və ya satış fəaliyyəti göstərirsə, əldə etdiyi xalis mənfəətin 20%-i həcmində mənfəət vergisi ödəyəcək. Platformanın son 12 aylıq dövriyyəsi 200.000 manatı keçərsə 18%-lik ƏDV ödəyicisi olmaq öhdəliyi də yarana bilər. Buradan belə nəticəyə gəlmək olar ki, gəlir əldə etmək məqsədilə influyenserlik fəaliyyəti göstərən bir şəxs VÖEN açmadan rəsmi şəkildə influyenser ola bilməz. Ya hüquqi şəxs yaratmalıdır, ya da Vergi Məcəlləsinin 33.4-cü maddəsinə müvafiq olaraq fiziki şəxs kimi uçota düşməlidir. Əgər sosial medianı sadəcə bir hobbi olaraq idarə edirsə, yəni heç bir şirkətdən reklam götürmürsə, məhsul təşviq etmirsə və platformalardan heç bir maddi qazanc əldə etmirsə, o zaman VÖEN açmasına ehtiyac qalmayacaq”.
V.Əhmədova hesab edir ki, əsas məqsəd məhz çirkli pulların yuyulması və qanunsuz maliyyə dövriyyəsinin qarşısını almaqdır:
“Sosial media və rəqəmsal platformalar son illərdə qlobal miqyasda qeyri-leqal vəsaitlərin leqallaşdırılması üçün riskli zonalara çevrilib. Sosial platformalarda saxta hesablardan ianələr (hədiyyələr) göndərilməsi vasitəsilə mənşəyi məlum olmayan pullar influenserlərə ötürülür və leqal qazanc kimi sistemə daxil edilirdi. VÖEN tələbi və bank hesablarının sahibkarlıq fəaliyyətinə bağlanması, dövlət orqanlarına daxil olan vəsaitlərin kimdən və hansı məqsədlə gəldiyini şəffaf şəkildə izləmək imkanı verəcək. Həmçinin, brendlər və şirkətlər tərəfindən bloqerlərə nağd şəkildə və ya kartdan-karta edilən böyük ödənişlər dövlət nəzarətindən kənarda qalırdı. Ənənəvi media reklam gəlirlərindən tam vergi verdiyi halda, rəqəmsal platformanın vergidən kənarda qalmasının iqtisadi disbalans yaratdığı da düşünülə bilər”.
Nigar Həsənli
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ