İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb mediasında anti-Azərbaycan kampaniyasının arxasındakı SİRR – Media eksperti ifşa etdi

 

Son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur.

Bu barədə Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı sentyabrın 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı subyektiv mülahizələrə əsaslanan, hadisəni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb.

Bəs nədən məhz son dövrlər Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır? Bu kampaniyanın arxasında regionda sülh istəməyən erməni diasporu və onlarla iş birliyində olan qüvvələr dayana bilərmi? Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını Qərbdə hansı güclər istəmir?
Müşfiq Ələsgərli

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Musavat.com-a bildirib ki, Böyük Britaniyanın “The Independent”və “The Guardian”qəzetlərinin, BBC-nin, Fransanın “Le Monde” qəzetinin, Polşanın TVP kanalının və digər Qərb media resurslarının Azərbaycana qarşı son tənqidi materialları təxminən bir həftə hərzində hazırlanaraq yayımlanıb. Bu, hansısa media qurumunun hansısa ölkə barədə tənqidi məqalə hazırlaması çərçivəsini aşır, kampaniya xarakteri alır: “Təsadüfi deyil ki, Medianın İnkişafı Agentliyi də sentyabrın 3-də açıqladığı bəyanatında bu materialları “Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsi” kimi qiymətləndirib. Yəni, çox aydın şəkildə görünür ki, Azərbaycana qarşı sistemli informasiya savaşı başladılıb.

Bu materialları ayrı-ayrılıqda nəzərdən keçirdikdə onların məzmununda və yayım zamanında diqqət çəkən ortaq cəhətlər var. Məsələn, bu məqalələrin hamısında jurnalistikanın balans və obyektivlik prinsipləri pozulub. Yazıların heç birində Azərbaycan tərəfinin mövqeyinə ya ümumiyyətlə yer verilməyib, ya da onun mövqeyi hadisənin mahiyyətini izah edə biləcək həcmdə təqdim olunmayıb. O cümlədən, Qarabağ mövzusuna birtərəfli yanaşma sərgilənib. Bu məsələ hüquqi proseslər kontekstində deyil, bir tərəfin mövqeyi əsasında qurulub, emosional ifadələrdən istifadə olunub.

Qəribəlliklərdən biri də budur ki, qərb mediası bütün qondarma problemlərin hamısını birdən-birə, eyni həftənin içində xatırlayıb: insan haqları, Qarabağ mövzusu, Azərbaycanın geopolitik siyasəti eyni həftənin içində xatırlanıbsa və hamısı da tənqid olunubsa, deməli ortada sifariş vardır. Müxtəlif Qərb ölkələrinə məxsus, fərqli auditoriyalara hesablanmış media resurslarının eyni vaxtda Azərbaycanın müxtəlif həssas mövzularını beynəlxalq gündəmə çıxarması bunun kampaniya xarakteri daşıması ehtimalını gücləndirir”.

Ekspertin fikrincə, bu informasiya dalğasının arxasında geosiyasi amilləri axtarmaq lazımdır: “Azərbaycanın son illərdə Cənubi Qafqazda qazandığı mövqenin mühüm nəticələrindən biri ölkənin regional nəqliyyat və enerji layihələrində rolunun kəskin artmasıdır. Xüsusilə Orta Dəhliz Azərbaycanı Avropa ilə Mərkəzi Asiya və Çin arasında mühüm tranzit həlqəyə çevirir. Bu, Cənubi Qafqazın geosiyasi əhəmiyyətini də dəyişir. Yəni, Cənubi Qafqaz regionu artıq yalnız Azərbaycan-Ermənistan münaqişəsinin həll edildiyi coğrafiya deyil. O, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən yeni iqtisadi və nəqliyyat sisteminin mühüm hissəsinə çevrilir. Azərbaycan-Ermənistan münasibətlərinin aradan qalxması, sülh prosesinin möhkəmlənməsi və regional kommunikasiyaların açılması Cənubi Qafqazda uzun illər davam etmiş qarşıdurma modelini dəyişir. Amma bu dəyişiklik Cənubi Qafqazı daimi münaqişə mərkəzi kimi görmək istəyən, regionu münaqişələr üzərindən nəzarətdə saxlamaq istəyən mərkəzlər üçün əlverişli deyil.

Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan, bu regionu fərqli qütblər arasında mədəni körpüyə çevirməyə çaılşan Azərbaycana qarşı informasiya təzyiqinin başladılması təsadüfi deyil”.


Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR