İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada yeni BÖHRAN: Bu dəfə...

Avropa İttifaqı "ChatGPT"-ni sərt rəqəmsal qaydalarının əhatəsinə daxil edib. Lakin Brüsselin seçdiyi hüquqi model gözlənilməz boşluq yaradıb: "ChatGPT"-də axtarış etmək nəzarət altına düşsə də, süni intellektlə adi söhbətlərin mühüm hissəsi eyni qaydalarla əhatə olunmaya bilər. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Avropa Komissiyası "ChatGPT"-ni Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində “Çox Böyük Onlayn Axtarış Sistemi” kimi təsnif edib. Bununla OpenAI üzərinə şəffaflıq və risklərin azaldılması ilə bağlı əlavə öhdəliklər qoyulur. Qaydaların pozulması şirkətə qlobal illik gəlirinin 6 faizinə qədər cərimə bahasına başa gələ bilər. Problem ondadır ki, "ChatGPT" artıq sadəcə məlumat axtarmaq üçün istifadə edilmir. İnsanlar onunla şəxsi problemlərini müzakirə edir, məsləhət alır, siyasi məsələlər barədə danışır və hətta onu virtual həmsöhbət kimi görürlər. Yeni təsnifat əsasən ChatGPT-nin axtarış sistemi funksiyasına şamil olunur. Çatbotun istifadəçi ilə qarşılıqlı söhbət apararaq öz cavablarını formalaşdırdığı hallar isə ən sərt DSA öhdəliklərinin əhatəsindən kənarda qala bilər.

Avropa Parlamentinin deputatı Kristel Şaldemose bunun xüsusilə uşaqlar üçün risk yaratdığını bildirir. Onun sözlərinə görə, süni intellektdən emosional asılılıq, manipulyativ və asılılıq yaradan dizayn kimi problemlərin hansı qaydalarla tənzimlənəcəyi aydınlaşdırılmalıdır. Seçkilərlə bağlı da oxşar hüquqi boşluq yarana bilər. Məsələn, ChatGPT-dən yerli seçkidə namizədlərin kim olduğunu soruşmaq axtarış fəaliyyəti kimi DSA-nın əhatəsinə düşə bilər. Lakin istifadəçinin çatbotla “kimə səs verməliyəm?” mövzusunda uzun söhbəti eyni hüquqi rejimə daxil olmaya bilər.

Ekspertlər problemin səbəbini "ChatGPT" kimi sistemlərin mövcud hüquqi kateqoriyalara tam uyğun gəlməməsində görürlər. Amsterdam Universitetinin hüquq üzrə dosenti Joao Pedro Kintais "ChatGPT"-ni eyni zamanda axtarış sistemi, onlayn platforma və öz məzmununu yaradan sistem xüsusiyyətlərini birləşdirən “hibrid” texnologiya adlandırıb. Aİ-nin ayrıca Süni İntellekt Aktı "ChatGPT"-nin arxasında dayanan modellərin yaratdığı sistem risklərini tənzimləyir. Lakin ekspertlər hesab edirlər ki, gündəlik istifadə zamanı ortaya çıxan emosional asılılıq, uşaqların müdafiəsi, seçkilərə təsir və dezinformasiya kimi məsələlər üçün mövcud qaydalar hələ bütün suallara cavab vermir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR