Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanına dair son xəbərdarlığı Azərbaycanda da ciddi suallar doğurur. Zelenski bəsyan edib ki, Rusiya səmasında təhlükəsiz dövr başa çatıb və bundan sonra Ukrayna dronlarının Rusiya ərazisində uçuşları daha da artacaq. Onun sözlərinə görə, Rusiya hava məkanından istifadə edən tərəfdaş ölkələr və aviaşirkətlər mövcud təhlükəni nəzərə almalıdır.
Bu xəbərdarlığın ardınca Rusiya hava limanlarında uçuşların kütləvi şəkildə gecikdirilməsi və bəzi reyslərin ləğvi müşahidə olunub. Türkiyənin “Pegasus” aviaşirkəti Bodrumdan Moskvaya planlaşdırılan PC1456 reysini ləğv edib. Vnukovo hava limanının məlumatlarında Moskva-İstanbul, Moskva-Bodrum və Moskva-Dalaman istiqamətlərində bir sıra “Pegasus” reyslərinin də baş tutmadığı göstərilib. “Türk Hava Yolları”nın İstanbul reyslərindən ən azı ikisi, Şarm əl-Şeyx istiqamətində bir reys də ləğv olunub. Ukraynanın Rusiyanın dərinliklərinə dron hücumlarını artıracağı barədə açıqlaması Rusiya üzərindən uçan Azərbaycan təyyarələrinin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Xüsusilə ona görə ki, Bakı ilə Moskva arasında hava əlaqəsi kifayət qədər intensivdir.
Hazırkı uçuş cədvəllərinə görə, yalnız AZAL Bakı-Moskva xəttində həftədə təxminən 32 birbaşa reys həyata keçirir. Bu, orta hesabla hər gün 4-5 reys deməkdir. Bundan başqa, Moskva-Bakı istiqamətində digər aviaşirkətlərin uçuşları da həyata keçirilir. Azərbaycanla Rusiya arasında hava əlaqəsi Moskva ilə məhdudlaşmır: Sankt-Peterburq, Yekaterinburq və digər Rusiya şəhərləri ilə də birbaşa uçuşlar mövcuddur.
Deməli, Rusiya səmasında təhlükəsizliklə bağlı hər hansı ciddi problem Azərbaycan aviaşirkətlərinin fəaliyyətinə və Rusiyaya gedib-gələn yüzlərlə sərnişinə birbaşa təsir göstərə bilər.
Hazırda Azərbaycanın rəsmi qurumlarından Zelenskinin son xəbərdarlığına ayrıca münasibət açıqlanmayıb. Lakin Bakı üçün əsas məsələ siyasi mövqe nümayiş etdirməkdən daha çox mülki aviasiyanın təhlükəsizliyidir. 2024-cü il faciəsindən sonra Azərbaycan üçün Rusiya hava məkanının təhlükəsizliyi məsələsinin nə qədər həssas olduğu artıq məlumdur.
Zelenskinin “Rusiya səmasında təhlükəsiz dövrlər bitdi” mesajı fonunda Bakının qarşısında da praktiki sual yaranır: Rusiya ərazisində dron hücumları intensivləşirsə, Azərbaycan aviaşirkətlərinin bu ölkənin hava məkanından istifadəsi hansı əlavə risklərlə üzləşəcək? Zelenskinin Bakı daxil xəbərdarlığı-blef, yoxsa?
Əgər Moskva və digər Rusiya şəhərlərinin hava limanlarında uçuşların dayandırılması adi hala çevrilərsə, bunun Bakı-Moskva hava əlaqəsinə də təsir göstərməsi qaçılmaz olacaq. Söhbət təkcə reyslərin gecikməsindən getmir. Burada sərnişinlərin təhlükəsizliyi, təyyarələrin sığortası, uçuş marşrutlarının dəyişdirilməsi və Rusiya hava məkanından tranzit istifadənin yenidən qiymətləndirilməsi kimi məsələlər də ortaya çıxır.
Bakı üçün vəziyyətin daha bir acı tərəfi var: Azərbaycan Rusiya səmasında mülki təyyarə təhlükəsini artıq yaşamış ölkədir. Buna görə də Ukraynanın son xəbərdarlığı digər ölkələr üçün yeni risk siqnalı sayılsa da, Azərbaycan üçün bu, xüsusilə ciddi xəbərdarlıqdır.
Rusiya səmasında təhlükəsizliyin pisləşməsi davam edərsə, Bakı üçün prioritet Moskva ilə hava əlaqəsinin həcmi deyil, həmin uçuşların sərnişin və ekipaj üçün nə dərəcədə təhlükəsiz olması olacaq.
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Zelenskinin xəbərdarlığını sadəcə “blef” kimi qiymətləndirmək düzgün olmaz. Eyni zamanda bunu Azərbaycan aviasiyasına yönəlmiş birbaşa xəbərdarlıq kimi də qəbul etmək doğru deyil: “Bu, blefdən daha çox real təhlükəyə söykənən siyasi xəbərdarlıqdır. Çünki xəbərdarlığın arxasınca real hadisələr-hava limanlarında məhdudiyyətlər, reyslərin ləğvi və təyyarələrin geri qaytarılması artıq baş verib. Kiyev Rusiyanın hava məkanından istifadə edən aviaşirkətlərə mesaj verir ki, artıq bu marşrutların təhlükəsizliyinə görə risk və məsuliyyət məsələsini yenidən qiymətləndirsinlər. Bu, Rusiyanın beynəlxalq aviasiya baxımından daha da təcrid edilməsinə hesablanmış addım kimi də görünür. Bu xəbərdarlıq kommersiya aviaşirkətlərinə və sığorta bazarına əlavə təzyiq yarada biləcək. “Rusiya hava məkanı təhlükəlidir” demək bütün Rusiya üzərindən uçuşların eyni dərəcədə təhlükəli olduğu anlamına gəlmir. Risk konkret əraziyə, marşruta, hava hücumlarının intensivliyinə və həmin anda tətbiq edilən uçuş məhdudiyyətlərinə görə dəyişə bilər. Rusiya Zelenskinin “Rusiya səması faktiki bağlanacaq” iddiasını rədd edir və nəqliyyat qurumları hava əlaqəsinin pozulmasına imkan verməyəcəklərini bildirirlər”.
Professor hesab edir ki, Bakının bu mərhələdə emosional və ya siyasi reaksiya verməsindən daha çox, AZAL və aidiyyəti dövlət qurumları səviyyəsində risk qiymətləndirilməsini yeniləməsi vacibdir: “Xüsusilə Moskva, Sankt-Peterburq və digər Rusiya şəhərlərinə uçuşlarda marşrutların hansı hava dəhlizlərindən keçdiyi, həmin dəhlizlərin dron fəaliyyətinin müşahidə olunduğu zonalara yaxınlığı, alternativ marşrutların mövcudluğu və sığorta riskləri nəzərdən keçirilməlidir. Zelenskinin açıqlamasını nə panika yaradacaq şəkildə şişirtmək, nə də “siyasi blefdir” deyərək əhəmiyyətsizləşdirmək lazım deyil”.
Etibar Seyidağa,
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ