Onlayn ictimai-siyasi qəzet
İrəvandan Bakıya kritik gediş-sülh prosesində yeni mərhələ
Azərbaycan və Ermənistan arasında sülh prosesinin dərinləşdirilməsi istiqamətində növbəti mühüm təmas baş tutub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşü və görüşdən sonra səsləndirilən açıqlamalar Bakı ilə İrəvan arasında dialoqun yeni mərhələyə keçdiyini göstərir. Simonyanın sözlərinə görə, tərəflər sülh prosesinin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar. Ermənistan rəsmisi Azərbaycan tərəfinin sülhlə bağlı bütün addımları atdığını və bu istiqamətdə fəaliyyətini davam etdirdiyini məmnunluqla qeyd edib. Daha diqqətçəkən məqam isə indiyədək həllini tapmayan məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqi barədə razılığın əldə olunmasıdır.

Bu açıqlama onu göstərir ki, Bakı ilə İrəvan arasında münasibətlər yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, tərəflər konkret həll mexanizmləri üzərində də işləməyə başlayırlar. Xüsusilə uzun müddətdir gündəmdə olan məsələlərin yeni mexanizmlərlə tənzimlənməsi sülh prosesinin praktiki mərhələyə keçməsi baxımından diqqətçəkən məqamdır. Alen Simonyanın Azərbaycana səfər ehtimalını açıqlaması isə bu prosesin davamıdır. Əgər səfər baş tutarsa, bu, iki ölkə arasında yüksək səviyyəli birbaşa təmasların intensivləşməsi baxımından mühüm siyasi hadisəyə çevriləcək.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının əvvəlki katibi Armen Qriqoryanın dövründə də Azərbaycana səfər planı gündəmə gəlmişdi. Lakin həmin təşəbbüs reallaşmamışdı. İndi isə regionda sülh gündəliyinin daha konkret məzmun alması fonunda Simonyanın Bakı səfəri ehtimalının yenidən gündəmə gəlməsi xüsusi diqqət çəkir.
Alen Simonyanın Azərbaycana mümkün səfəri Bakı ilə İrəvan arasında sülh prosesində yeni dönüş yaradacaqmı? Tərəflərin razılaşdığı “yeni mexanizmlər” hansı məsələlərin həllinə hesablanıb? Azərbaycan və Ermənistan arasında həllini gözləyən məsələlərin aradan qaldırılması üçün yeni mərhələ başlayırmı? Simonyanın Bakı səfəri sülh sazişinin imzalanmasına aparan yolu sürətləndirə bilərmi?
Milli Məclisin deputatı Könül Nurullayeva Musavat.com-a bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin dərinləşdirilməsi istiqamətində baş tutan son təmaslar regionda yeni siyasi reallığın formalaşdığını göstərir: “Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutan görüş də bunu təsdiqləyir. Həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşü və görüşdən sonra səsləndirilən açıqlamalar Bakı ilə İrəvan arasında dialoqun konkret məsələlərin həlli istiqamətində davam etdirildiyini göstərir. Ən mühüm məqamlardan biri indiyədək həllini tapmayan məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqi barədə razılığın əldə olunmasıdır. Bu məqam sülh prosesinin gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması yalnız sülh sazişinin imzalanması ilə məhdudlaşmır. Sülhün dayanıqlı olması üçün tərəflər arasında etimadın möhkəmləndirilməsi, kommunikasiya kanallarının açıq saxlanılması, müxtəlif məsələlərin operativ şəkildə müzakirəsi və yaranan problemlərin siyasi dialoq yolu ilə aradan qaldırılması vacibdir. Bu baxımdan yeni mexanizmlərin yaradılması mübahisəli məsələlərin həlli üçün institusional və praktiki yanaşmaya üstünlük verildiyini göstərir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Azərbaycana mümkün səfəri ilə bağlı açıqlaması da diqqət çəkir. Ermənistan rəsmisinin belə bir səfəri istisna etməməsi Bakı ilə İrəvan arasında birbaşa təmasların daha da intensivləşdirilməsi ehtimalını artırır”.
![]()
Parlamentarinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycan və Ermənistan rəsmiləri arasında birbaşa siyasi dialoqun daha yüksək səviyyədə davam etdirilməsi vacibdir: “Belə səfərlər tərəflər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və operativ şəkildə qərarların qəbul edilməsi baxımından əhəmiyyətlidir. Əslində Ermənistan tərəfinin son açıqlamalarında Azərbaycanın sülh istiqamətində atdığı addımların müsbət qiymətləndirilməsi müsbət haldır. Lakin bu prosesə yalnız bəyanatlar üzərindən qiymət vermək doğru olmaz. Ermənistanın konstruktiv mövqeyinin real göstəricisi bundan sonra atılacaq praktiki addımlar olacaq. Xüsusilə əldə olunan razılaşmaların icrası, Konstitusiya dəyişikliyi, qarşılıqlı etimadın gücləndirilməsi və mövcud problemlərin həlli istiqamətində konkret nəticələrin əldə edilməsi əsas meyar olaraq qalır. Azərbaycanın mövqeyi isə aydındır. Regionda davamlı sülh və təhlükəsizlik təmin olunmalı, dövlətlər arasında münasibətlər beynəlxalq hüququn prinsipləri əsasında normallaşmalı, qarşılıqlı ərazi bütövlüyünə hörmət edilməlidir. Prosesin yekun nəticəyə çatması Ermənistanın siyasi iradəsindən, əldə olunmuş razılaşmaların praktiki icrasından və qarşılıqlı etimadın möhkəmləndirilməsindən asılı olacaq. Qarşıdakı dövrdə əsas məsələ əldə olunan razılaşmaların davamlı nəticələrə çevrilməsi olacaq. Əgər bu istiqamətdə irəliləyiş təmin edilərsə, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün regionun yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının əsasını təşkil etməsi üçün ciddi imkan yaranacaq”.
Cavanşir Abbaslı
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ