İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Rusiya hərbi bazasına "hücumu" başlandı: Kreml üçün "çevriliş ssenarisi" yenidən ön plana keçir

Əgər, indiki proseslər davam edərsə, Cənubi Qafqazda yalnız Kremlin təsir sistemi zəifləməyəcək, üstəlik, Rusiyanın bu regiondakı geopolitik manevr imkanları da ciddi şəkildə məhdudlaşacaq... Baş nazir Nikol Paşinyanın "Əgər, Rusiya öz hərbi bazasını Ermənistandan çıxartsa, biz buna qətiyyən etiraz etməyəcəyik" məzmunlu açıqlaması isə rəsmi İrəvanın geopolitik seçimini artıq etdiyini göstərir...

Ermənistan ətrafındakı proseslər artıq sadəcə, Kreml və rəsmi İrəvanın qarşılıqlı münasibətlərindəki böhran olmaqdan çıxır. Belə ki, Cənubi Qafqazda Rusiyanın onilliklər ərzində formalaşdırdığı regional hegemoniya sisteminin dağılması və yeni geopolitik arxitekturanın qurulması prosesi sürətlənir. Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları isə Kremlin artıq bu reallığı qəbul etməyə başladığını, eyni zamanda, rəsmi İrəvana açıq şəkildə siyasi seçim tələb etdiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin “Biz nə etməli idik, Azərbaycanın daxili işlərinə qarışmalı idik” sualı əslində, Rusiyanın Ermənistanla yaranmış böhranın qarşısında aciz qaldığını biruzə verir. Kremlin əsas arqumenti ondan ibarətdir ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqdan sonra Rusiyanın regionda əvvəlki təhlükəsizlik rolunu davam etdirməsi üçün siyasi-hüquqi əsaslar zəifləyib. Və bu, həm də o deməkdir ki, Rusiya dolayısı ilə Cənubi Qafqazdakı hərbi-siyasi proseslərə artıq əvvəlki səviyyədə müdaxilə etmək imkanlarından çox-çox uzaq olduğunu etiraf edir.

Maraqlıdır ki, iki ölkə arasında KTMT məsələsi ilə bağlı yaranmış qarşıdurma da məhz bu kontekstdə diqqəti çəkir. Rəsmi İrəvan bu hərbi-siyasi təşkilatdan konkret təhlükəsizlik təminatı tələb edir. Kreml isə delimitasiya edilməmiş sərhədləri əsas gətirərək, rəsmi İrəvanın iradlarının əsassız olduğunu arqumentləşdirir. Beləliklə də, KTMT faktiki olaraq, Ermənistan üçün təhlükəsizlik mexanizmindən daha çox siyasi mübahisə predmetinə çevrilir.

8a619baa-8062-4e71-a462-8fee5dab11ba.jpg (189 KB)

Digər tərəfdən, prezident Vladimir Putin Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı daha sərt mesaj verib. O, bildirib ki, Ermənistan hərbi bazaya ehtiyac duymursa, Rusiya “sabah belə” oradan çıxa bilər. Əslində, bu, Kremlin rəsmi İrəvana verdiyi açıq xəbərdarlıq medajıdır. Yəni, o, dolayısı ilə eyham vurur ki, Rusiyanin Ermənistandakı hərbi mövcudluğunun gələcəyini təyin edən hüquqi prosedurlar Kremlin əlində cəmləşib.

Ancaq hazırda Kremlin ən böyük narahatlığı Rusiya hərbi bazasının gələcək taleyi deyil, məhz Ermənistanın siyasi istiqamətinin Qərbə yönəlik dəyişməsi ilə bağlıdır. Belə ki, prezident Vladimir Putin bir tərəfdən, Ermənistanın Avropa Birliyinə doğru hərəkətinin suveren seçim olduğunu etiraf etmək məcburiyyətində qalır. Ancaq eyni zamanda, Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqında paralel iştirakın mümkün olmadığını bildirir. Yəni, Kreml əslində, bununla, rəsmi İrəvana təzyiq göstərərək, faktiki olaraq, Ermənistanı hələlik hazır olmadığı geopolitik seçimə məcbur buraxmağa çalışır.

Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistana yönəlik "KTMT-dən çıxarılmağı gözləmə, bu qurumu özün tərk et" çağırışı da Kremlin rəsmi İrəvana təzyiqlərinin artıq açıq-aşkar sərtləşdiyini göstərir. Yəni, Kreml bu məsələ ilə bağlı referendumun keçirilməsini tələb etməklə, siiyasi baxımdan, Ermənistanın KTMT-dən uzaqlaşmasının məsuliyyətini də məhz rəsmi İrəvanın üzərinə qoymağa çalışır.

Digər tərəfdən, Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın viza rejimi ilə bağlı son xəbərdarlığı da böyük maraq doğurur. Çünki bu, Rusiyanın Ermənistana qarşı istifadə edə biləcəyi sosial-iqtisadi təzyiq rıçaqlarının hələ də mövcud olduğunu göstərir. Kreml rəsmi İrəvana mesaj verir ki, Ermənistanın Qərbə doğru atdığı hər bir addımın müəyyən əks təsirləri də mütləq olacaq. Ancaq burada Rusiya üçün əsas problem Kremlin əvvəlki təzyiq mexanizmlərinin effektivliyinin artıq ciddi şəkildə azalması ilə birbaşa bağlıdır.

7e57908b-5868-4812-9f92-645accd4211d.jpg (197 KB)

Məsələ ondadır ki, Rusiya ilə kəskin ziddiyyətlər içərisində olan Ermənistanın qarşısında artıq tədricən yeni alternativlər formalaşmağa başlayıb. Belə ki, Avropa Birliyi Rusiyanın iqtisadi-ticari sanksiyalarından sonra Ermənistan iqtisadiyyatına dəstək məqsədilə erməni məhsullarına müvəqqəti ticarət güzəştləri hazırlayır. Və bəzi məlumatlara görə, bu güzəştlər Ermənistanın Avropa Birliyi məkanına ticari ixracının təxminən 80 faizini əhatə edə bilər.

Üstəlik, daha maraqlı məqam isə odur ki, həmin güzəştlərin Rusiyaya ixrac edilən məhsulların önəmli hissəsinə şamil oluna biləcəyi də vurğulanır. Avropa Birliyinin yaydığı məlumata görə, bu güzəştlər Rusiyaya ixrac edilən təzə meyvə, tərəvəz və bitkilərin təxminən 99 faizini, alkoqolsuz və spirtli içkilərin isə 91 faizindən çoxunu əhatə edən kateqoriyalara tətbiq ediləcək. Yəni, əslində, bu, sadəcə, iqtisadi yardım deyil, Ermənistanın Rusiya bazarından asılılığını azaltmağa yönəlmiş geopolitik mexanizmdir.

Belə anlaşılır ki, Avropa Birliyi rəsmi İrəvana “Rusiyadan uzaqlaş” deməklə, kifayətlənmir, eyni zamanda, bunun üçün iqtisadi-ticari alternativlər də yaratmağa çalışır. Bu baxımdan, Ermənistan üçün əsas məsələ odur ki, Rusiya itirilə biləcək imkanlardan danışarkən, Avropa Birliyi rəsmi İrəvana yeni imkanlar təklif edir.

Bununla belə, baş nazir Nikol Paşinyanın Avropa Birliyinə üzvlüklə bağlı referendum ideyasına hazırda ehtiyatla yanaşması isə onun davam edən prosesin risklərini də anladığını göstərir. Belə ki, rəsmi İrəvan Rusiyadan uzaqlaşma kursunu davam etdirir. Ancaq buna baxmayaraq, Paşinyan hakimiyyəti Rusiya ilə birdəfəlik və açıq qarşıdurmaya getməkdən də çəkinir. Və ona görə də, Paşinyan hakimiyyəti hələlik Rusiyadan “mərhələli ayrılma” strategiyası üzrə hərəkət etməyə üstünlük verir.

f4b1d21c-42c9-4822-9acb-514d695eb55f.jpg (205 KB)

Məsələ ondadır ki, rəsmi İrəvan əvvəlcə siyasi məsafəni artırır, ardınca iqtisadi-ticari alternativlər yaradır, daha sonra isə Ermənistanın təhlükəsizlik sistemini dəyişməyə çalışır. Nəticədə bu mərhələlərin hər biri uğurla həyata keçirildikcə, Rusiyanın Ermənistana qarşı təzyiq imkanları da azalır. Və Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanı Moskvaya dəvət etməsi də məhz bu prosesin artıq kritik mərhələyə çatdığını göstərir.

Maraqlıdır ki, Rusiya prezidenti erməni baş nazir ilə iki ölkənin bütün sahələr üzrə əməkdaşlıq imkanlarını “tələsmədən” təhlil etmək istəyir. Ancaq bu görüşün arxasında əslində, həm də Kremlin Ermənistanı Rusiyanın orbitində saxlaya bilib-bilmıyəcəyi ilə bağlı daha taleyüklü suallar da dayanır. Halbuki, rəsmi İrəvan üçün isə bu məsələ artıq yalnız Rusiya ilə münasibətlərdən ibarət deyil. Çünki Paşinyan hakimiyyəti hazırda Ermənistanın təhlükəsizlik və iqtisadi modelini yenidən qurmağa çalışır.

Göründüyü kimi, əgər, bu proses davam edərsə, Cənubi Qafqazda yalnız Kremlin təsir sistemi zəifləməyəcək, üstəlik, həm də Rusiyanın yerini yeni güc balansı da tutacaq. Ermənistanın Qərbə yaxınlaşma prosesi sürətləndikcə, Rusiyanın bu regiondakı geopolitik manevr imkanları da ciddi şəkildə daralacaq, Kreml üçün Paşinyan hakimiyyətinə qarşı "çevriliş ssenarisi" yenidən ön plana keçəcək. Çünki baş nazir Nikol Paşinyanın "Əgər, Rusiya öz hərbi bazasını Ermənistandan çıxartsa, biz buna qətiyyən etiraz etməyəcəyik" məzmunlu açıqlaması isə rəsmi İrəvanın geopolitik seçimini artıq etdiyini göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR