Onlayn ictimai-siyasi qəzet
İran İslam Respublikasının Bakıdakı Səfirliyi Musavat.com saytında yayımlanan “Rusiya və İran Azərbaycanda separatizm ocağı yaradır? - ŞOK İDDİA” başlıqlı materialla bağlı “Yeni Müsavat” Media Qrupunun redaksiyasına etiraz məktubu göndərib.
Musavat.com xəbər verir ki, məktubda səfirlik 28 avqust 2026-cı ildə yayımlanan materialdan narazılığını ifadə edib və yazıda İran İslam Respublikasına qarşı “əsassız xəbərlərin” yayıldığını, “qərəzli ittihamların” irəli sürüldüyünü iddia edib.
Səfirlik bu cür məlumatların gərginlik yaratdığını və İrana qarşı mənfi ictimai rəy formalaşdırmağa yönəlmiş təbliğat kimi qiymətləndirildiyini bildirib.
Məktubda, həmçinin belə yanaşmanın “ABŞ və sionist rejimin İrana qarşı yürütdüyü siyasətin davamı” hesab edildiyi qeyd olunub.
İran səfirliyi bəyan edib ki, İran İslam Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünə və milli suverenliyinə hörmətlə yanaşıb. Açıqlamada İranın Cənubi Qafqaz siyasətinin regionda sabitliyin, sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə əsaslandığı və bu siyasətin hazırda da davam etdirildiyi vurğulanıb.
Bundan əlavə, səfirlik gələcəkdə “həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların” yayılmasından çəkinməyə çağırış edib.

03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ