İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Xəzərə gəldi, neft-qaza girişdi

Azərbaycan və Çin arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə keçir. Musavat.com xatırladır ki, Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi neft-qaz layihələrində iştirak etməkdə maraqlı olduğunu açıqlayıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov CNOOC-un Müşahidə Şurasının sədri Çjan Çuançzyan ilə görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın enerji sahəsində genişləndirilməsi imkanlarını müzakirə edib. Tərəflər yeni birgə layihələrin, o cümlədən neft-qaz və yaşıl enerji layihələrinin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə xüsusilə Xəzər dənizində potensial enerji layihələrinə diqqət ayrılıb. CNOOC nümayəndələri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

Sentyabrın 2-də həmçinin Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR ilə CNOOC arasında Anlaşma Memorandumu imzalanıb. Rəsmi məlumata əsasən sənəd neft və qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatı, neft emalı və neft-kimya sahələrində investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur.

Memorandum çərçivəsində Azərbaycan və digər ölkələrdə birgə upstream layihələrinin həyata keçirilməsi, həmçinin neft-qaz sektorunda texnologiya, avadanlıq, mühəndislik, texniki xidmət və əməliyyat dəstəyi sahələrində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Beləliklə, Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna marağı artıq sadəcə danışıqlar səviyyəsində qalmır. CNOOC-un Xəzərdəki layihələrə marağı və SOCAR-la imzalanan memorandum Pekinin Azərbaycanın enerji bazarında iştirakını genişləndirmək niyyətini göstərir.

Qeyd edək ki, CNOOC Çinin dəniz şelfində neft kəşfiyyatı və hasilatı sahəsində ixtisaslaşmış üçüncü böyük dövlət şirkətidir. Şirkət Amerika, Afrika və Asiyada bir sıra layihələrdə iştirak edir. 2013-cü ildə Kanadanın Nexen neft-qaz nəhənginin əsas payını alıb. Bununla da ABŞ, Kanada və Böyük Britaniyada neft-qaz yataqlarında işləməyə başlayıb.

Şirkətin Xəzər dənizinin Azərbaycan ərazisindəki ehtiyatlarına marağı təsadüfi deyil Belə kii, 2024-cü ildə CNOOC Xəzər dənizinin Qazaxıstan şelfində Jılıoy perspektiv strukturunun(neft) işlənməsi üzrə KazMunazQaz şirkəti ilə əməkdaşlığa başlayıb. 2025-ci ilin iyun ayında tərəflər karbohidrogen kəşfiyyatı və hasilatı üçün müqavilə imzalayıblar. Bu, Çin şirkətinin Qazaxıstanın enerji sektorunda iştirakçı olduğu ilk layihədir.

CNOOC Çinin özündə dəniz neft layihələrində ABŞ-ın ConocoPhillips şirkəti ilə tərəfdaşlıq edir.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda CNOOC-un işləyə biləcəyi bir neçə perspektiv struktur var. Bunlar arasında “Zəfər-Məşəl”, “Naxçıvan” xüsusilə fərqlənir.

“Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir.  Bu struktura bir neçə dəfə xarici şirkətlər tərəfindən maraq göstərilib. 1999-cu ildə ExxonMobil-lə strukturun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalansa da, ABŞ şirkəti sonra layihədən çıxıb. Ötən müddət ərzində Almaniyanın RWE və son olaraq Rusiyanın “Lukoil” şirkəti ilə strukturla bağlı memorandum imzalansa da, proses irəliləməyib. Strukturun ehtiyatları 300 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat həcmində proqnozlaşdırılır.

Zəfər-Məşəl perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair ilk saziş ABŞ-ın ExxonMobil şirkəti ilə imzalanıb, daha sonra ona ConocoPhillip şirkəti də qoşulub. Lakin strukturda qazılan ilk kəşfiyyat quyusu kommersiya baxımından cəlbedici sayılan ehtiyatlar üzə çıxarmadığına görə ABŞ şirkətləri işi yarımçıq qoyaraq layihədən çıxıblar. Daha sonra 2013-cü ildə SOCAR-la Norveçin enerji nəhəngi Equinor(keçmiş Statoil) strukturda birgə işə dair niyyət memorandumu imzalasalar da, sənəd icra olunmayıb. Strukturun ehtiyatlarının 200 milyon tona yaxın neft, 37 milyon ton kondensant və 300 milyard kubmtetr qaz olduğu güman edilir.

Çinin son illərdə neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi sahəsində müasir və səmərəli texnologiyaların tətbiqini genişləndirməklə hasilatı sürətlə artırması fonunda CNOOC şirkətinin Azərbaycanın ehtiyatlarına maraq göstərməsi müsbət amil kimi qiymətləndirilə bilər. Avropa İttifaqınıpn öz maliyyə qurumlarına qalıq yanacaq ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqli sahəsinə investisiyaları qadağan etdiyini nəzərə alsaq, Çinin dövlət şirkətinin Azərbaycanın neft-qaz sektoruna gəlişi bu sahəyə Aİ-dənkənar investisiyaların cəlbi baxımından müsbət hadisədir. Məlumdur ki, Azərbaycanın “Şahdəniz”dən sonra ən böyük qaz yatağı olan “Abşeron”un işlənməsinin ikinci mərhələsi, eyni zamanda Azərbaycandan Avropaya qaz nəql edən Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesi məhz Aİ-nin qeyd olunan qadağası üzündən maliyyələşmə problemləri yaşayır.

Bu baxımdan, Çinin 3 ən böyük dövlət şirkətindən birinin gəlişi Azərbaycanın neft-qaz layihələrinin Avropa maliyyəsindən asılılığını azaltmaqla yanaşı, rəqabət mühitinin formalaşması nöqteyi-nəzərindən də mühüm faktordur.

Onu da qeyd edək ki, Çin şirkəti ilə memorandumla eyni gündə SOCAR-ın ABŞ ərazisində iri qaz layihəsində iştirak payı əldə etdiyinə dair məlumat açıqlanıb. Məlumata görə, SOCAR-la ABŞ-nin "Comstock Resources, Inc." şirkəti arasında strateji tərəfdaşlığın qurulması istiqamətində Niyyət Məktubu imzalanıb. Sənədə əsasən SOCAR "Comstock"un "Legacy Haynesville" upstream aktivlərindəki iştirak payının 20 faizini, "Western Haynesville" upstream aktivlərindəki iştirak payının 15 faizini, həmçinin "Pinnacle Gas Services LLC"də "Comstock"a məxsus 73 faizlik iştirak payının 15 faizini əldə edəcək.

Əməliyyatın ümumi dəyəri, standart alış qiyməti düzəlişləri nəzərə alınmaqla, 1,65 milyard ABŞ dolları təşkil edir. Əməliyyatın maliyyələşdirilməsi üçün müvafiq tədbirləri SOCAR planlaşdırır. Tərəflər yekun alqı-satqı müqaviləsinin 31 oktyabr 2026-cı il tarixindən gec olmayaraq razılaşdırılmasını və imzalanmasını, eləcə də əməliyyatın zəruri dövlət və üçüncü tərəf təsdiqlərinin alınması da daxil olmaqla müvafiq şərtlərin yerinə yetirilməsindən sonra 31 dekabr 2026-cı il tarixinədək tamamlanmasını hədəfləyirlər.

Beləliklə də, Azərbaycan öz layihələrinə perspektivli investorları cılb etməklə yanaşı, SOCAR vasitəsilə dünyanın müxtəlif ərazilərində enerji layihələrində iştirakını genişləndirir. Bu prosesdə həm Çin, həm də ABŞ kimi dünyanın ən böyük iqtisadiyyatlarına və ən qabaqcıl texnologiyalarına sahib ölkələrin müvafiq şirkətləri ilə tərəfdaşlıq SOCAR üçün ciddi gəlir imkanları ilə yanaşı, böyük təcrübə imkanı da yaradır.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR