Onlayn ictimai-siyasi qəzet
Rusiyadan Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinə növbəti sərt mesaj gəlib. Musavat.com erməni mediasına istinadla xəbər verir ki, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan Ermənistanda müxalifət nümayəndələrinin və ictimai-siyasi xadimlərin təqib edilməsini pisləyərək həbs olunanların azad edilməsini tələb edib. Abramyan sentyabrın 3-də Qagik Tsarukyanın işi üzrə keçiriləcək məhkəmə iclası ilə bağlı yaydığı bəyanatda Ermənistan hakimiyyətini “qanunsuzluq siyasəti” yürütməkdə ittiham edib. O, Tsarukyanla yanaşı, Robert Köçəryan, Samvel Karapetyan, Andranik Tevanyan və digər müxalifət nümayəndələrinin də təqib və həbsə məruz qalmasını kəskin tənqid edib.

Rusiya Erməniləri İttifaqının rəhbəri xüsusilə Ermənistan Apostol Kilsəsinə qarşı aparılan siyasətə diqqət çəkib. Onun sözlərinə görə, katolikosun və din xadimlərinin təqib edilməsi, kilsənin daxili işlərinə müdaxilə yolverilməzdir. Abramyan hesab edir ki, Paşinyan hakimiyyətinin siyasi motivli addımları Ermənistanın hüquqi və demokratik institutlarına ciddi zərbə vurur. O, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarını hakimiyyət təzyiqinə boyun əyməməyə və vicdanlarına uyğun hərəkət etməyə çağırıb. Qagik Tsarukyanın müdafiəsinə qalxan Abramyan onun Ermənistan iqtisadiyyatına böyük sərmayələr yatırdığını və minlərlə ailənin işlə təmin olunmasına töhfə verdiyini vurğulayıb. O, Tsarukyanın xaricdə biznes qurmaq üçün aldığı təkliflərə baxmayaraq, Ermənistanda qalmasını da onun ölkəyə bağlılığının göstəricisi kimi təqdim edib.Abramyan daha ciddi ittiham da səsləndirib. Onun iddiasına görə, Paşinyan Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvəni parlamentdən kənarlaşdırmaqla kifayətlənməyib, həm də Ermənistanın iri biznes dairələrini zəiflətməyə və siyasi-iqtisadi meydanı hakimiyyətin yeni tərəfdaşları üçün açmağa çalışır. “Qagik Tsarukyan güclü insan və liderdir. Hətta həbsxanada olduğu halda belə, onu təqib edənlərdən daha güclü və ruhən daha azaddır”, – Abramyan bildirib.
Rusiya Erməniləri İttifaqının prezidentinin bəyanatının əsas tələbi isə açıq şəkildə ifadə olunub: Ermənistanda bütün siyasi məhbuslar dərhal azad edilməli, hakimiyyətin siyasəti ilə razılaşmayan şəxslərin qorxudulmasına və təqibinə son qoyulmalıdır. Beləliklə, Paşinyan hakimiyyətinin müxalifətə, iri biznesə və Ermənistan Apostol Kilsəsinə münasibəti ətrafında mübahisələr yeni mərhələyə keçir. Abramyanın sərt bəyanatı isə Moskvadakı erməni diasporunun ən tanınmış simalarından birinin Ermənistan rəhbərliyinə açıq siyasi mesajı kimi qiymətləndirilir.
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ