İnsanlara hürriyət, millətlərə istiqlal!

15 əsr öncənin möcüzəsi – Qumdakı qədim alban məbədi və Şeyx Nizami

Qafqaz Albaniyasının yadigarlarından biri də Qax rayonunun Qum kəndi ərazisindədir. IV - V əsrlərə aid günbəzli  alban məbədinin qalıqları görənləri heyrətə gətirir.

Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir-red.) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunub və burada bərpa işləri aparılıb. Tarixi mənbələrə görə, Qum məbədi Moisey Kalankatuklunun “Albaniya tarixi” əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Ehtimallara görə, fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı 3-cü Mömün Vaçaqanın göstərişi ilə inşa olunub. Abidədə ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılıb. Sonrakı dövrdə isə P.D.Baranovski tərəfindən tədqiq edilərək öyrənilən Qum bazilikası VI əsrə aid edilib.  Q.N.Çubinaşvili və D.A.Axundov da Qum bazilikasında tədqiqat işləri aparıb.

Qeyd etdiyimiz kimi, məbədin qalıqları Qum kəndinin mərkəzində yerləşir. Dövrümüzə yalnız üç nefli bazilikanın əsas hissəsi və qismən örtük kütləsi çatıb. Vaxtilə məbədin üçtərəfli qalereyaya malik olmasını şərq divarındakı kiçik otaqlar yaxınlığında qalmış divar qalıqları və qərb qalereyasının sütun qalıqları sübut edir. Məbədin daxili həcmi düzbucaqlı formada olmaqla 36.5x19.3 metr ölçüyə malikdir. Daxildən əsas ibadət zalı iki cüt T-formalı müstəqil sütun və bir cüt pilyastrla üç nefə bölünüb. Tikilinin əsas həcmi cənub və şimalda qalereyaları formalaşdıran üçtərəfli keçidə əhatə edilmişdir. Şimal və cənub qalereyalarının şimal hissəsində uzun otaqlar yerləşir. Məbədin divarları sıraların düzgünlüyü saxlanmaqla mavi və tünd yaşıl əhəng daşından inşa edilmişdir. Məbədin fasadında üzlük daşların düşdüyü yerlərdə hörgü zamanı inşa edilmiş beton formalı qarışıq görünməkdədir. Hörgü zamanı əhəng daşı və bişmiş kərpicin qarışıq istifadə edilməsi tədqiqatçı Q. Çubinaşvilinin məbədi VIII-IX əsrlərə aid etməsi üçün əsas olub.

Turistlərin və yerli sakinlərin ən çox üz tutduğu tarixi məkanın aurası görənləri özünə cəlb edir. Ətraf yaşıllıq, müxtəlif meyvə ağacları ilə haşiyələnib, bir tərəfdən dağların qoynundakı çeşmələrdən qaynayan, arx aşağı axan şəffaf suyun cazibəsi ruha sakitlik verir. Arx kənarındakı xudmani çayxana da ziyarətə gələnlərin dinclik tapması üçün gözəl məkandır. Müxtəlik çiçəklərdən toplanmış arı balı, növbənöv mürəbbələr...Buranın sahibəsi də olduqca mehriban və qonaqcanlıdır. Deyir alban məbədinin daim ziyarətçiləri olur və onların gəlişi həm də ailə büdcəsinə əlavə gəlirlər gətirir.

Məbədin quruluşu, 15 əsrin şaxta-boranına, sərt sınaqlarına mətanətlə duruş gətirməsi onu tikib, gələcək nəsillərə ərməğan edənlərin necə mahir usta olmasının xəbərçisidir. Daha bir möcüzə kilsə divarları və damında çoxsaylı əncir ağaclarının bitməsi, hətta meyvə verməsidir. Əncir ağacının müqəddəsliyi barədə deyimlər də qeyr-ixtiyari yada düşür. Amma ağacların kökləri divarlarda aşınma təhlükəsi də yaradır. Hər an iri bir daş ziyarətə gələnlərin üstünə aşa bilər, bu təhlükəni önləmək üçün təmir işləri mütləq aparılmalıdır...

Bu sirli-sehirli ünvan hara qədər tədqiq olunub, tam tədqiq olunubmu? Müşahidələr nikbin qənaətə əsas vermir. Bəzən yarımçıq tədiqatçılıq sonradan kimlərində bu kimi tarixi abidələrimizə iştahla baxmasına bəhanə verir, şərait yaradır. Necə ki, qonşulardan vaxtaşırı bu kimi iddialar eşitmişik və hələ də bu söhbətlər bitməyib. Azərbaycan tarixinin ayrılmaz və çox qiymətli bölümüdür alban məbədləri. Bu məbədlərin kompleks şəkildə tədqiq edilməsi, daha sonra əsaslı təmiri və hətta mümkün olarsa, ziyarətçilərin ixtiyarına verilməsi həm tariximizə önəmli töhfə olar, həm də mənasız iddialara birdəfəlik son qoyardı. Qax, Zaqatala, Balakən, Şəki bölgəsində belə məbədlərin sayı kifayət qədərdir.

Yeri gəlmişkən, Qum kəndini yerli sakinlər həm də böyük Azərbaycan şairi Nizami Gəncəvinin yurdu kimi də təqdim edirlər.  Kəndin yüksəkliyində Nizami Gəncəvinin büstü ucaldılıb. Qarşısındakı mərmər lövhənin üzərində isə Şeyx Nizamiyə məxsus olduğu iddia edilən

“Mən bir dürr tək Gəncə dənizində batsam da, Dağlıq Qum əyalətindənəm”, - sözləri həkk edilib. Nizaminin Qum kəndindən olması rəvayətdir, elmi təsdiqini tapmayıb, amma sakinlər bu, böyük dühanı elə həmkəndliləri kimi qəbul edirlər.

Bu məkanda həm Şəhidlər Xiyabanı var, həm də 1941-45-ci illərdə həlak olanların xatirəsinə qoyulmuş abidə. Vətən Müharibəsində həlak olmuş şəhid gizir Fərid Ramazanov isə bu məkanda dəfn edilib. Şəhidlərimizin və böyük Nizaminin ruhuna dualar oxuyub, Qum məscidinə baş çəkirik. Günorta namazına təsadüf edir gəlişimiz...

Yazılası o qədər gözəl məqamlar, diqqət çəkən müşahidələr var ki, yazmaqla bitməz. Vətənimizin hər bir guşəsi gəzməli, görməli, heyrətlənməli ünvanlarla zəngindir. Qədir-qiymətini bilək...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR