İnsanlara hürriyət, millətlərə istiqlal!

Cazın əfsanəsi vəfat etdi  

Caz musiqisinin dünyaca məşhur nümayəndəsi, ikiqat “Qremmi” mükafatı laureatı Kassandra Vilson 70 yaşında dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, tanınmış müğənni sentyabrın 1-də ABŞ-ın Missisipi ştatının Cekson şəhərindəki evində, ailəsi, yaxın dostları və menecerinin əhatəsində son nəfəsini verib. Onun ölüm səbəbi açıqlanmayıb.

Kassandra Vilson özünəməxsus, dərin kontralt səsi ilə caz dünyasında xüsusi yer tuturdu. O, ənənəvi caz çərçivələrindən kənara çıxaraq blüz, folk, pop, R&B və kantri elementlərini musiqisində birləşdirirdi.

Müğənninin yaradıcılığında 1993-cü ildə təqdim olunan “Blue Light ’Til Dawn” albomu mühüm dönüş nöqtəsi hesab olunur. Bu albomla Vilson müxtəlif musiqi janrlarından olan əsərləri özünəməxsus caz üslubunda təqdim edərək daha geniş auditoriyanın diqqətini çəkmişdi.
Sənətçi karyerası ərzində iki dəfə “Qremmi” mükafatına layiq görülüb. Onun “New Moon Daughter” albomu 1997-ci ildə, “Loverly” albomu isə 2009-cu ildə ən yaxşı caz vokal albomu nominasiyasında “Qremmi” qazanıb.

Kassandra Vilson yaradıcılığı boyu Miles Davis, Vinton Marsalis və Elvis Kostello kimi tanınmış musiqiçilərlə əməkdaşlıq edib.

2015-ci ildə isə əfsanəvi caz müğənnisi Billi Hollideyə həsr olunmuş “Coming Forth by Day” albomunu təqdim edib.

“Time” jurnalı 2001-ci ildə Vilsonu “Amerikanın ən yaxşı müğənnisi” adlandırıb. 2022-ci ildə isə o, ABŞ Milli İncəsənət Fondunun təqdim etdiyi “Caz ustası” fəxri adına layiq görülüb.

Onun vəfatı caz dünyasında böyük itki kimi qiymətləndirilir. O, özünəməxsus vokal üslubu və müxtəlif musiqi janrlarını bir araya gətirən yaradıcılığı ilə caz tarixində silinməz iz qoyub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR