İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Mərkəzi Asiya strategiyası və Mərkəzi Avrasiyanın yüksəlişi


Azərbaycanın son illərdə Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi siyasət artıq ikitərəfli münasibətlərin genişləndirilməsi çərçivəsindən çıxaraq daha böyük geosiyasi məna kəsb edir. Bu siyasətin əsas xüsusiyyəti Mərkəzi Asiya dövlətləri ilə tarixi, siyasi və mədəni yaxınlığın müasir nəqliyyat, enerji, ticarət, investisiya və institusional əməkdaşlıq mexanizmləri ilə tamamlanmasıdır.

Nəticədə Azərbaycanla Mərkəzi Asiya arasında əvvəllər ayrı-ayrı istiqamətlər kimi görünən əlaqələr getdikcə vahid strateji məntiq çərçivəsində birləşir. Bu proses yalnız Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin inkişafı ilə məhdudlaşmır. Daha geniş miqyasda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi və geoiqtisadi qarşılıqlı fəaliyyət məkanı formalaşır. Xəzərin iki sahili arasında nəqliyyat və enerji bağlantılarının güclənməsi, Orta Dəhlizin əhəmiyyətinin artması, ticarət və investisiya əlaqələrinin genişlənməsi bu məkanın əvvəlki regional təsəvvürlərdən fərqli yeni məzmun qazanmasına səbəb olur. Burada prinsipial məqam ondan ibarətdir ki, söhbət coğrafi sərhədlərin dəyişməsindən getmir. Dəyişən həmin sərhədlər arasında yaranan münasibətlərin xarakteridir. Vaxtilə iki ayrı geosiyasi məkan arasında təbii sərhəd kimi qəbul edilən Xəzər bu gün getdikcə daha çox onları birləşdirən strateji platformaya çevrilir. Azərbaycan isə bu bağlantının yalnız coğrafi deyil, siyasi, iqtisadi və institusional dayaqlarından biri kimi çıxış edir. Məhz bu reallıq yeni bir konseptual yanaşmanı zəruri edir. Bu baxımdan, düşünürəm ki, Azərbaycanla Mərkəzi Asiya arasında formalaşan və Xəzər üzərindən Qərbə doğru genişlənən bu qarşılıqlı əlaqələr sistemini “Mərkəzi Avrasiya” anlayışı ilə ifadə etmək mümkündür.

Burada söhbət xəritədə yeni region yaratmaqdan getmir. “Mərkəzi Avrasiya” daha çox mövcud coğrafi məkanlar arasında formalaşan yeni funksional geosiyasi və geoiqtisadi əlaqələr sisteminin adıdır.

Mərkəzi Avrasiya hazırda klassik mənada formalaşmış siyasi-coğrafi region deyil. Bu, ilk növbədə, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında Xəzər üzərindən yaranan və nəqliyyat, enerji, ticarət, investisiya, siyasi koordinasiya və humanitar əlaqələr vasitəsilə genişlənən qarşılıqlı fəaliyyət məkanıdır.

Azərbaycan Bayrağı REKORD QIRDI | Modern.az


Bu yanaşmanın elmi əhəmiyyəti də mövcud coğrafi sərhədləri dəyişdirmədən, həmin sərhədlər arasında yaranan yeni funksional əlaqələri izah etməkdən ibarətdir.

Qeyd edim ki, “Mərkəzi Avrasiya” ifadəsi elmi ədəbiyyatda əvvəllər də işlədilib. Bu baxımdan Eldar İsmayılov və Vladimir Papavanın 2010-cu ildə nəşr olunmuş “Rethinking Central Eurasia” (“Mərkəzi Avrasiyanı yenidən düşünmək”) monoqrafiyası xüsusi əhəmiyyət daşıyır.
İsmayılov və Papavanın yanaşmasının bizim üçün ən mühüm tərəfi ondan ibarətdir ki, müəlliflər regionu yalnız coğrafi yaxınlıq əsasında deyil, onun geosiyasi və geoiqtisadi xüsusiyyətləri əsasında təhlil etməyə çalışırlar. Onların konsepsiyasında Mərkəzi Qafqaz və Mərkəzi Asiya iki subregion kimi götürülür və hər ikisini əhatə edən daha böyük məkan üçün “Mərkəzi Qafqaz-Asiya” termini irəli sürülür. Müəlliflər eyni zamanda bu məkanın siyasi və mədəni baxımdan tam inteqrasiya olunmuş region olmadığını nəzərə alır, lakin komponentlərin ortaq xüsusiyyətlərinin onları vahid regional çərçivədə nəzərdən keçirməyə imkan verdiyini vurğulayırlar.

Bu yanaşma bizim üçün mühüm metodoloji başlanğıc nöqtəsi ola bilər. Çünki burada “region” anlayışı bütövlükdə dövlətlərin xəritədəki mövqeyi ilə müəyyən edilmir. Söhbət ortaq geosiyasi problemlər, iqtisadi maraqlar, resursların qarşılıqlı tamamlanması və nəqliyyat əlaqələri əsasında yaranan funksional məkandan gedir.

İsmayılov və Papavanın daha bir mühüm tezisi Mərkəzi Qafqazla Mərkəzi Asiyanın iqtisadi baxımdan bir-birini tamamlaması ilə bağlıdır. Onların fikrincə, Mərkəzi Asiyanın resursları ilə Mərkəzi Qafqazın Qərbə çıxışı təmin edən nəqliyyat imkanları arasında qarşılıqlı tamamlayıcılıq mövcuddur. Mərkəzi Qafqazın Mərkəzi Asiya ilə Qərb arasında körpü rolunu oynaya biləcəyi də bu yanaşmanın əsas müddəalarındandır.

Bu yanaşma 2010-cu ildən sonrakı geoiqtisadi dəyişikliklər fonunda müəyyən aktuallıq qazanır. Çünki bir zamanlar nəzəri şəkildə qeyd edilən tamamlayıcılıq artıq konkret infrastruktur və iqtisadi layihələr vasitəsilə reallığa çevrilib. Orta Dəhliz, Xəzər üzərindən yükdaşımalar, Bakı–Tbilisi–Qars dəmir yolu, Azərbaycan və Mərkəzi Asiya arasında enerji və investisiya layihələri bu əlaqəni nəzəri fərziyyədən real geoiqtisadi sistemə doğru inkişaf etdirir.

Şübhəsiz ki, Azərbaycanın baxış bucağının yaratdığı reallıqlarla daha öncə irəli sürülən nəzəri konsepsiyalar arasında mühüm metodoloji fərq var. 2010-cu ildə nəzəri olaraq təsvir edilən regional qarşılıqlı tamamlayıcılıq 2020-ci illərdə infrastruktur, enerji, ticarət və siyasi əməkdaşlıq vasitəsilə daha konkret məzmun qazanmağa başlayıb.

Bu baxımdan, Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqlar fonunda dəyərləndirə biləcəyimiz “Mərkəzi Avrasiya” anlayışı İsmayılov–Papava konsepsiyasının eynisi deyil, müasir geoiqtisadi reallıqları əks etdirən tamamilə yeni bir yanaşmadır. Bu yeni yanaşmada əsas diqqət Azərbaycan–Mərkəzi Asiya bağlantısına yönəlir. Azərbaycan burada yalnız Cənubi Qafqazın bir hissəsi kimi deyil, Mərkəzi Asiyanın Xəzər üzərindən Qərbə çıxışını təmin edən strateji bağlantı məkanı kimi çıxış edir.
Azərbaycan-Türkiyə əlaqələri tarixdə və bu gün | "Nuhçıxan" İnformasiya  Agentliyi

Yəni Mərkəzi Avrasiya Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanı Xəzər üzərindən nəqliyyat, enerji, ticarət, investisiya və siyasi əməkdaşlıq şəbəkələri vasitəsilə birləşdirən formalaşmaqda olan funksional geosiyasi və geoiqtisadi məkandır.

Əgər əvvəlki mərhələdə əsas sual “Mərkəzi Qafqaz və Mərkəzi Asiyanı vahid regional çərçivədə nəzərdən keçirmək mümkündürmü?” idisə, bu gün qarşıya daha konkret sual çıxır: Mərkəzi Asiya ilə Azərbaycan arasında artıq formalaşan nəqliyyat, enerji və iqtisadi əlaqələr bu məkanı müstəqil geoiqtisadi məkan kimi nə dərəcədə institusionallaşdıra bilər? Məhz bu sual “Mərkəzi Avrasiya” anlayışını keçmişin geosiyasi terminologiyasından çıxararaq XXI əsrin yeni geoiqtisadi reallıqlarının izahı üçün aktual analitik kateqoriyaya çevirir. Deməli, yeni olan anlayışın özü deyil, ona verilən məzmundur.

Əvvəlki yanaşmalarda “Mərkəzi Avrasiya” daha çox postsovet məkanının siyasi-coğrafi təsnifatı kimi izah edilirdisə, bugünkü reallıq həmin termini başqa müstəviyə çıxarmağa imkan verir. İndi əsas məsələ bu dövlətlərin keçmişdə hansı siyasi məkana daxil olması deyil, onların gələcəkdə hansı iqtisadi, nəqliyyat və geosiyasi sistemlərdə bir-birinə bağlanmasıdır. Bu fərq isə kifayət qədər prinsipialdır. Çünki regionları yalnız xəritə üzərindəki sərhədlər müəyyən etmir. XXI əsrdə region həm də infrastruktur, ticarət, enerji, investisiya, təhlükəsizlik və siyasi koordinasiya əlaqələrinin yaratdığı funksional məkan deməkdir.
Məhz bu baxımdan Azərbaycanla Mərkəzi Asiya arasında formalaşan münasibətlər yeni konseptual yanaşma tələb edir. “Mərkəzi Avrasiya” konsepsiyasının coğrafi əsası Xəzər dənizidir.

Ənənəvi geosiyasi yanaşmada Xəzər bir-birindən ayrılan iki məkan – Mərkəzi Asiya və Cənubi Qafqaz arasında təbii sərhəd kimi qəbul edilə bilərdi. Lakin nəqliyyat və enerji infrastrukturu bu funksiyanı dəyişir.
Bu gün Xəzər dənizi yalnız enerji resurslarının daşındığı hövzə deyil. O, Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən multimodal nəqliyyat sisteminin mühüm həlqəsidir. Çin və Mərkəzi Asiyadan başlayan Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa istiqamətinə uzanır.

Beləliklə, Xəzər iki region arasındakı məsafəni göstərən coğrafi sərhəddən onları iqtisadi və strateji baxımdan birləşdirən platformaya çevrilir. Bu transformasiya “Mərkəzi Avrasiya” anlayışının əsas coğrafi dayağıdır. Bu yeni məkanın formalaşmasında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın coğrafi mövqeyi onu həm Cənubi Qafqazın, həm də Xəzər hövzəsinin əsas kommunikasiya qovşaqlarından birinə çevirir. Lakin Azərbaycanın əhəmiyyətini yalnız coğrafi mövqeyi ilə izah etmək artıq kifayət deyil.

Ölkənin son illərdə həyata keçirdiyi nəqliyyat və enerji infrastrukturu layihələri bu coğrafi üstünlüyü real geoiqtisadi imkanlara çevirib. Bakı limanı, dəmir yolu bağlantıları, Ələt istiqamətində formalaşan logistika imkanları, enerji infrastrukturu və Türkiyə ilə inteqrasiya olunmuş nəqliyyat şəbəkəsi Azərbaycanın Mərkəzi Asiyanın Qərbə çıxışında rolunu gücləndirib. Bu baxımdan, Azərbaycanı yalnız “Cənubi Qafqaz dövləti” kimi təsnif etmək onun XXI əsrdə qazandığı funksional rolu tam əhatə etmir.

Azərbaycan artıq iki istiqamətli geosiyasi funksiyaya malikdir: həm Cənubi Qafqazdan Avropaya çıxış məkanıdır, həm də Mərkəzi Asiyanın Qərbə inteqrasiyasında əsas bağlantı qovşaqlarından biridir.

Məhz bu iki funksiyanın kəsişməsi Azərbaycanın “Mərkəzi Avrasiya”dakı rolunu müəyyənləşdirən əsas amillərdən biridir. “Mərkəzi Avrasiya” konsepsiyasının ən mühüm logistik dayağı Orta Dəhlizdir.
Çin Avropadan asılıdır, yoxsa Avropa Çindən... - TƏHLİL | Modern.az

Lakin Orta Dəhlizi yalnız Çin–Avropa arasında alternativ yükdaşıma marşrutu kimi qiymətləndirmək konsepsiyanın mahiyyətini məhdudlaşdıra bilər. Əslində bu dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı, daha sonra Türkiyə və Avropa bazarlarını eyni logistika sisteminə bağlayan infrastruktur kimi çıxış edir.

Bu səbəbdən Orta Dəhliz sadəcə tranzit marşrutu deyil. O, Mərkəzi Asiyanın iqtisadi imkanlarını Azərbaycan üzərindən Qərb bazarlarına bağlayan və Cənubi Qafqazı Mərkəzi Asiyanın iqtisadi dövriyyəsinə daha sıx daxil edən struktur mexanizmdir. Başqa sözlə, Orta Dəhliz “Mərkəzi Avrasiya”nın fiziki infrastrukturunu formalaşdırır. “Mərkəzi Avrasiya” konsepsiyasının siyasi məzmununu Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında sürətlə dərinləşən münasibətlər formalaşdırır.

Burada əsas dəyişiklik əməkdaşlığın yalnız intensivləşməsində deyil, sahələrinin genişlənməsindədir. Əgər əvvəlki mərhələdə münasibətlər daha çox diplomatik və humanitar xarakter daşıyırdısa, hazırda nəqliyyat, enerji, investisiya, sənaye kooperasiyası, kənd təsərrüfatı, rəqəmsallaşma, turizm və digər sahələr bir-birini tamamlayan vahid gündəliyə çevrilir.

Xüsusilə Azərbaycan–Qazaxıstan və Azərbaycan–Özbəkistan münasibətləri bu baxımdan fərqlənir.
Qazaxıstanla əməkdaşlıq Xəzərin şərq və qərb sahillərini, Orta Dəhlizi və enerji-nəqliyyat əlaqələrini birləşdirən əsas xəttdir. Özbəkistanla münasibətlər isə Mərkəzi Asiyanın ən mühüm iqtisadi və demoqrafik mərkəzlərindən birinin Azərbaycan vasitəsilə Qafqaz və Avropa istiqamətində əlaqələrinin genişlənməsini nümayiş etdirir. Bu iki xətt isə bir-birini tamamlayır.
Nəticədə Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlər artıq yalnız ikitərəfli əlaqələr toplusu deyil, regional qarşılıqlı asılılıq sistemi kimi nəzərdən keçirilə bilər.
Nəqliyyat və logistik bağlantılarla yanaşı, enerji amili də “Mərkəzi Avrasiya”nın formalaşmasında mühüm rol oynayır. Azərbaycan uzun illərdir Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm tranzit ölkə kimi çıxış edir. İndi isə enerji əməkdaşlığının məzmunu dəyişir. Ənənəvi karbohidrogenlərə əlavə olaraq bərpaolunan enerji, elektrik enerjisinin ötürülməsi və yaşıl enerji dəhlizləri gündəliyə daxil olur.
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihələr reallaşdıqca Xəzər yalnız neft və qaz ixracının deyil, gələcəkdə elektrik enerjisinin və yaşıl enerji potensialının da dəhlizinə çevrilə bilər.
Beləliklə, “Mərkəzi Avrasiya”nın enerji xəritəsi də onun nəqliyyat xəritəsi kimi şərqdən qərbə uzanan qarşılıqlı əlaqələr sisteminə çevrilə bilər.

“Mərkəzi Avrasiya”nın digər mühüm komponenti siyasi-institusional əməkdaşlıqdır.
Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri arasında münasibətlərin inkişafında Türk Dövlətləri Təşkilatı xüsusi yer tutur. Bu platforma siyasi dialoqla yanaşı, nəqliyyat, iqtisadiyyat, enerji, rəqəmsal transformasiya, mədəniyyət və humanitar əlaqələrin əlaqələndirilməsi üçün imkan yaradır.

TDT 16 yaşında

Bu baxımdan TDT-ni “Mərkəzi Avrasiya”nın yeganə institusional çərçivəsi kimi təqdim etmək doğru olmaz. Lakin onun məkanın əsas institusional əlaqələndirici mexanizmlərindən biri olduğu şübhəsizdir.

Burada mühüm məsələ təşkilatın coğrafi əhatəsindən daha çox, üzv dövlətlərin ortaq maraqlarının artmasıdır. Əgər Orta Dəhliz bu məkanın fiziki bağlantısını təmin edirsə, TDT siyasi və humanitar qarşılıqlı əlaqələrin institusional platformalarından birinə çevrilir. Beləliklə, formalaşmaqda olan yeni məkanı üç əsas sütun üzərində təsəvvür etmək mümkündür:
Xəzər coğrafi və kommunikasiya, Orta Dəhliz iqtisadi və infrastruktur bağlayıcılarıdır. Türk Dövlətləri Təşkilatı isə siyasi və institusional bağlayıcılardan biridir. Bu üç xəttin kəsişməsində Azərbaycan xüsusi mövqeyə malikdir. Bu mövqe Azərbaycana yalnız tranzit ölkə statusu qazandırmır. Əksinə, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi, enerji və siyasi əlaqələrin təşkilində getdikcə daha fəal rol oynayan orta güc missiyasını həyata keçirir.
Konsepsiyanın düzgün anlaşılması üçün bir məqamı xüsusilə vurğulamaq lazımdır: “Mərkəzi Avrasiya” anlayışının mahiyyətində hər hansı üçüncü tərəfə qarşı siyasi ittifaq yaratmaq niyyəti dayanmır. Məqsəd funksional regional əməkdaşlıq məkanı formalaşdırmaqdır. Bu xüsusiyyət “Mərkəzi Avrasiya”nı klassik geosiyasi blok anlayışından fərqləndirir. Burada əsas prinsip qarşıdurma deyil, bağlantıdır; qapalı ittifaq deyil, açıq kommunikasiya sistemidir; geosiyasi dominantlıq deyil, qarşılıqlı faydadır. Məhz buna görə bu konsepsiya Azərbaycan xarici siyasətinin çoxvektorlu xarakteri ilə də paralellik təşkil edir.

“Mərkəzi Avrasiya” anlayışının elmi-siyasi dəyəri onun yeni coğrafiya yaratmasında deyil, mövcud coğrafiyada yaranan yeni münasibətlər sistemini izah etməsindədir. Mərkəzi Asiya və Cənubi Qafqaz xəritədə ayrı-ayrı regionlar olaraq qalır. Lakin onların arasında Xəzər üzərindən formalaşan nəqliyyat, enerji, ticarət, investisiya və siyasi əlaqələr getdikcə daha sıx və sistemli xarakter alır. Bu prosesin mərkəzində isə Azərbaycan dayanır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin dərinləşməsi, Orta Dəhlizin inkişafı, Xəzərin logistika potensialının artması, enerji və yaşıl enerji layihələri, Türkiyə və Avropa ilə bağlantıların genişlənməsi Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni funksional məkanın formalaşmasına şərait yaradır. Bu xüsusda, “Mərkəzi Avrasiya” hazırda tam formalaşmış siyasi region deyil, formalaşmaqda olan geosiyasi və geoiqtisadi məkanın analitik adıdır.

CROSSMEDIA - Mərkəzi Asiya ölkələri Azərbaycanın artan siyasi və iqtisadi  əhəmiyyətini qəbul edir-Ekspert

Onun gələcək konturlarını siyasi bəyanatlardan daha çox real infrastruktur, ticarət dövriyyəsi, investisiya, enerji layihələri, nəqliyyat axınları və dövlətlərarası institusional əlaqələr müəyyən edəcək.

Əgər bu tendensiya davam edərsə, gələcəkdə Azərbaycan–Mərkəzi Asiya münasibətlərinə yalnız “Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq” prizmasından baxmaq getdikcə yetərsiz görünəcək.

Daha geniş və daha adekvat çərçivə Mərkəzi Avrasiya olacaq.
Bu məkanın siyasi xəritəsi hələ tam çəkilməyib. Lakin onun iqtisadi və nəqliyyat konturları artıq görünür.

Və həmin xəritədə Azərbaycan sadəcə tranzit ölkə deyil. Azərbaycan Şərqlə Qərb, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici geosiyasi aktor kimi çıxış edir.

Məhz bu reallıq “Mərkəzi Avrasiya” anlayışını coğrafi təsnifatdan daha çox Azərbaycanın son illərdə formalaşdırdığı yeni geosiyasi və geoiqtisadi reallığın analitik ifadəsinə çevirir.

Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı | İqtisadiyyat.az
Elçin Mirzəbəyli
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR