İnsanlara hürriyət, millətlərə istiqlal!

“7 günə möcüzə” vədi - 77 dərdə vəsilə ola bilər

​Sosial şəbəkələrdə “təbii”, “zərərsiz” və “yağları sürətlə əridən” adı altında təşviq edilən arıqlama çayları son zamanlar kütləvi populyarlıq qazanıb. Lakin Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu məhsullarla bağlı son xəbərdarlığı məsələnin arxasında duran böyük riskləri bir daha gündəmə gətirdi. Mənşəyi və tərkibi naməlum olan bu vasitələr sağlamlığa fayda vermək əvəzinə ciddi təhlükə mənbəyinə çevrilə bilər.

Məsələ xüsusilə ona görə aktualdır ki, “təbii”, “bitki tərkibli” və “zərərsiz” kimi təqdim olunan arıqlama çayları geniş şəkildə reklam edilir. Bəs bu məhsullar həqiqətən təhlükəsizdirmi? Elmi araşdırmalar bu suala o qədər də nikbin cavab vermir.

2020-ci ildə Phytotherapy Research jurnalında yayımlanan sistematik icmal və meta-analizdə arıqlamaq üçün istifadə olunan müxtəlif bitki mənşəli preparatlar araşdırılıb. Tədqiqatçıların nəticəsinə görə, nəzərdən keçirilən bitki mənşəli vasitələrdən hər hansı birinin arıqlama məqsədilə tövsiyə edilməsi üçün kifayət qədər sübut yoxdur.

Yaşıl çayla bağlı ayrıca Cochrane sistematik icmalında isə nəticənin daha konkret olduğu görünür: yaşıl çay preparatlarının artıq çəkili və piylənməsi olan insanlarda yaratdığı çəki itkisi çox kiçik olub və klinik baxımdan əhəmiyyətli hesab edilməyib.

Yəni adi çayın və ya bitki çayının “yağları sürətlə əridərək” ciddi çəki itkisi yaratması barədə reklam iddialarını elmi fakt kimi qəbul etmək olmaz.

Əsas təhlükə isə məhsulun tərkibində nə olduğunun bilinməməsidir ABŞ Qida və Dərman Administrasiyası (FDA) arıqlama məqsədilə satılan məhsullarla bağlı ayrıca xəbərdarlıq edir. Qurum bildirir ki, arıqlama həbləri, əlavələri və çayları da daxil olmaqla, bu kateqoriyadakı bəzi məhsulların tərkibində etiketdə göstərilməyən təhlükəli maddələr ola bilər.

Üstəlik, bu yalnız nəzəri risk deyil. Məsələn, FDA laboratoriya analizləri nəticəsində “Tapee Tea” adlı məhsulda etiketdə göstərilməyən deksametazon və piroksikam maddələrini aşkarlayıb.

Bu fakt göstərir ki, “çaydırsa, deməli, zərərsizdir” yanaşması düzgün deyil. Məhsulun bitki tərkibli olması onun avtomatik olaraq təhlükəsiz olduğu anlamına gəlmir.

Deməli, bütün arıqlama çayları təhlükəlidir?

Xeyr. Burada bütün çayları eyni kateqoriyaya salmaq düzgün olmaz. Söhbət xüsusilə mənşəyi bəlli olmayan, tərkibi və təhlükəsizliyi təsdiqlənməyən, sürətli arıqlama vəd edən məhsullardan gedir.
Elmi məlumatlar da göstərir ki, bəzi çayların müəyyən təsirləri ola bilər, lakin bu təsiri “möcüzəvi arıqlama” kimi təqdim etmək üçün kifayət qədər əsas yoxdur. Buna görə istehlakçı məhsulun üzərindəki “təbii”, “detoks”, “yağ yandırır” və “7 günə arıqladır” kimi ifadələrə deyil, onun rəsmi qeydiyyatına, tərkibinə, istehsalçısına və təhlükəsizliyinin təsdiqlənməsinə diqqət etməlidir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR