Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçmiş hakimiyyət nümayəndələrinə qarşı hüquqi təqiblər yenidən gündəmə gəlib.
Sabiq prezidentlər-Robert Köçəryan və Serj Sərkisyanla bağlı son günlərdə yaşanan proseslərin fonunda bu dəfə ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan üçün “yolun sonu” görünməyə başlayıb...
Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində Ohanyanın müdafiə naziri olduğu dövrdə mənzillərin bölüşdürülməsi prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ilkin istintaq yekunlaşıb.
İstintaqın məlumatına görə, Ohanyan Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyasının üzvlərinin köməyi ilə vəzifə səlahiyyətlərini aşaraq bir sıra şəxslərin hüquq və qanuni mənafelərinə ciddi ziyan vurub. Ermənistan prokurorunun qərarı ilə Seyran Ohanyana qarşı Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsi ilə ictimai cinayət təqibi başlanıb. Maddə vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən və ya nüfuzundan sui-istifadə etməsi, yaxud səlahiyyət həddini aşması hallarını əhatə edir.
Qeyd edək ki, Seyran Ohanyan uzun illər Ermənistanın hərbi-siyasi elitasının əsas simalarından biri olub. Onun barəsində cinayət təqibinin başlanması ölkədə keçmiş hakimiyyət nümayəndələri ətrafında hüquqi proseslərin yenidən diqqət mərkəzinə keçdiyini göstərir.
Xüsusilə, Ermənistanın keçmiş prezidentləri ilə bağlı müxtəlif istintaq və məhkəmə proseslərinin fonunda indi keçmiş müdafiə nazirinin də cinayət işinə cəlb olunması İrəvanda hakimiyyət-keçmiş hakimiyyət qarşıdurmasının yeni mərhələyə keçib-keçmədiyi sualını gündəmə gətirir.
Burada daha bir diqqətçəkən məqam isə odur ki, söhbət Ermənistanın müdafiə sistemində uzun illər yüksək vəzifə tutmuş şəxsdən gedir. Mənzil bölgüsü kimi sosial xarakterli məsələdə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamın irəli sürülməsi keçmiş hərbi rəhbərlərin fəaliyyətinə hüquqi qiymət verilməsi baxımından da diqqət çəkir.

Paşinyan hakimiyyəti keçmiş hərbi-siyasi elitanı tamamilə sıradan çıxarmaq istəyir?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu baş verənləri Musavat.com-a dəyərləndirdi: “Ermənistanın keçmiş siyasi hakimiyyətlərində təmsil olunan şəxslərin törətdiyi cinayət əməlləri heç kəsə sirr deyil, o cümlədən Paşinyan hökumətinə. Təbii ki, hazırkı hakimiyyət siyasi məqsədəuyğunluq prinsipindən məsələyə yanaşdığı üçün cinayət faktları görməzdən gəlirdi. Amma Ermənistanda parlament seçkiləri ərəfəsində revanşistlər, kilsə və lobbi üçüncü qüvvələrin dəstəyi ilə hakimiyyətə ciddi təzyiq göstərdilər və müxtəlif təxribatlara əl atdılar. Buraya ölkədə xaosun yaradılmasına, qarşıdurmaya cəhdlə yanaşı, Paşinyana qarşı qara piar kampaniyasının aparılması və digər addımlar daxildir. Ona görə də seçkidən sonra hökumətin bu istiqamətdə tədbirlər görəcəyi bəlli idi. Hökumətin Rusiya ilə pərdəarxası münasibətləri, seçkidə Rusiyanın maraqlarının təmin olunması və digər amillərlə Köçəryan və digərlərinin həbsi üçün zəmin formalaşdırıldı. Ona görə də hesab edirəm ki, Ermənistanın keçmiş siyasi hakimiyyətlərində təmsil olunan şəxslərlə bağlı hazırda davam edən istintaq tədbirləri davamlı prosesin məntiqi nəticəsidir. Onu da yaddan çıxarmamalıyıq ki, həmin hakimiyyətlər dönəmi təkcə Ermənistanda korrupsiya və özbaşınalıqlarla məhdudlaşmır. Bura həmçinin beynəlxalq cinayət faktları-Azərbaycana qarşı törədilən bəşəri cinayətlər də da daxildir”.
Cavanşir Abbaslı
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ