Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib. Dövlət başçıları cari vəziyyəti müzakirə ediblər. Bu görüşdən əvvəl də tərəflərin ayaqüstü söhbətləşməsinə dair bir başqa foto yayılmışdı. Prezident Əliyevlə Putinin söhbətinin səmimi atmosferdə keçdiyi görüntülərdən də hiss olunur.

Qeyd edək ki, 2026-cı ildə Azərbaycan-Rusiya əlaqələri siyasi dialoq, iqtisadi əməkdaşlıq və bəzi hallarda yaranan regional və informasiya xarakterli gərginliklər müstəvisində davam edir. Azərbaycanla Rusiya arasında yaşanan son gərginliklər, Moskvada səfirliyimiz önündə təxribat, rus mediasında yer alan qərəzli yazılar, təhdidlər fonunda liderlərin görüşü münasibətlərin yaxşılaşacağı gözləntiləri yaradıb.
Yeri gəlmişkən, Vladimir Putin Bişkekdən geri dönəndən sonra verdiyi ilk açıqlamada Azərbaycan Prezidenti haqda xoş sözlər ifadə edib. Rusiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi müasir və ziyalı insan adlandırıb. Putin bu barədə Qarabağ ətrafında baş verən hadisələrdən danışarkən bildirib. Rusiya Prezidenti qeyd edib ki, Qərb ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və orada yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin ediləcəyini bildirirdilər. “Prezident Əliyev Qarabağın erməni əhalisinə pis heç nə etməyəcəkdi. O, müasir, ziyalı insandır. Onların maraqlarını təmin etməyə çalışacaqdı, buna yüz faiz əminəm. Amma onlar yenə də orada qalmayacaqlardı. Belə də oldu”, – deyə Putin bildirib.
Bişkek söhbətindən sonra gərginliyin aradan qalxdığı, Bakı-Moskva əlaqələrində yeni dövrün başlandığını demək olarmı?
Deputat Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, bu gün Azərbaycanla Rusiya arasında normal qonşuluq münasibətləri var: “Bir-birimizin suverenliyinə hörmətlə yanaşırıq, milli maraqlarımızın ortaq nöqtəsini tapmağa çalışırıq. Dünən cənab prezidentimizlə Rusiya prezidentinin səmimi görüşü göstərdi ki, tərəflər arasında səmimi mehriban qonşuluq münasibətləri var. Şübhəsiz ki, bu görüşdə iki dövlət müəyyən məsələlərə öz mövqelərini ortaya qoyublar, birgə fəaliyyət məsələsini müzakirə ediblər. Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması hər iki tərəfin marağındadır. Azərbaycan qonşu dövlətlərlə həmişə mehriban qonşuluq münasibətləri saxlayıb. Eyni zamanda, digər dövlətlərin daxili işlərinə heç zaman qarışmayıb. Həmçinin öz daxili işlərinə də kiminsə qarışmasına imkan verməyib”.

Deputat xatırladıb ki, Azərbaycanda rus dilində məktəblər, universitet təhsili var, rus icması Azərbaycan vətəndaşlarının bütün hüquqlarına malikdir: “Rusiyada Azərbaycanla bağlı məsələ qalxanda ən yüksən səviyyədə həmin problemin həllinə dair fəaliyyət göstərilir və biz Rusiyada yaşayan azərbaycanlıların maraqlarını, təhlükəsizliyinin qorunmasını həmişə özümüzün Rusiya ilə münasibətlərimizdə prioritet məsələlərdən biri hesab etmişik. Bundan sonra da münasibətlərimizin normal olacağını dövlət rəhbərlərinin səmimi görüşü bir daha təsdiq etdi”.
Etibar Seyidağa,
Musavat.com
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ