Onlayn ictimai-siyasi qəzet
Rusiyada pensiya islahatının fəal müdafiəçilərindən olmuş keçmiş əmək naziri Maksim Topilinin ailəsinin Moskva və Bolqarıstanda bahalı daşınmaz əmlaka sahib olduğu iddia edilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondu (FBK) hazırda “Vahid Rusiya” Partiyasından Dövlət Dumasının deputatı olan Topilinlə bağlı araşdırma yayımlayıb.
Araşdırmaya görə, keçmiş nazirin həyat yoldaşının adına Moskvada Xarici İşlər Nazirliyinin binası yaxınlığında sahəsi 77 kvadratmetr olan mənzil rəsmiləşdirilib. FBK onun dəyərini təxminən 58 milyon rubl qiymətləndirir.
Topilinin həyat yoldaşının Bolqarıstanda, Qara dəniz sahilində də 115 kvadratmetrlik apartamentinin olduğu bildirilir. Onun dəyərinin təxminən 12 milyon rubl olduğu göstərilir.
Araşdırmaçılar keçmiş nazirin qızlarının adına isə Moskvada təxminən 68 milyon rubl dəyərində başqa bir mənzilin rəsmiləşdirildiyini bildirirlər.
Beləliklə, FBK-nın göstərdiyi qiymətlərə əsasən, Topilinin həyat yoldaşı və övladlarının adına olan üç daşınmaz əmlakın ümumi dəyəri təxminən 138 milyon rubla çatır.
Araşdırmada Topilinin nazir olduğu dövrdə verdiyi açıqlama da xüsusi xatırladılıb. O, Rusiyada “kasıb pensiyaçıların olmadığını” söyləmiş, daha sonra əhalinin ciddi narazılığına səbəb olan pensiya islahatının fəal tərəfdarlarından biri olmuşdu.
Topilin hazırda Dövlət Dumasında Tatarıstan üzrə “Vahid Rusiya” siyahısından seçilmiş deputatdır. FBK isə araşdırmasında onun əvvəllər Tatarıstanla ciddi əlaqəsinin olmadığını vurğulayır.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ