İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin çağırdı, Paşinyan Moskvaya gedir: Kreml İrəvana qarşı “şahmat” gedişi edir...

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcəyini açıqlayıb. O, Rusiya Prezidenti Vladimir Putinlə son görüşündə bununla bağlı razılıq əldə etdiklərini və müəyyən işçi razılaşmalarına gəldiklərini bildirib.

Ermənistan hökumət başçısının sözlərinə görə, Moskva səfəri zamanı Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdırılması” ideyası da müzakirə olunacaq. Söhbət iki ölkənin hansı məsələlərdə ortaq mövqedə olması, hansı istiqamətlərdə isə fikir ayrılıqlarının mövcudluğunun müəyyənləşdirilməsindən gedir.

Bu səfər nə vəd edir?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a açıqlamasında diqqətə çatdırdı ki, Putinin Paşinyanı Moskvaya dəvət etməsi və onun da dəvəti qəbul etməsi onu göstərir ki, Ermənistanın Qərbə doğru siyasi dönüşünə baxmayaraq, Rusiya amili İrəvan üçün hələ də asanlıqla kənara qoyula biləcək faktor deyil:

“Ermənistan Rusiyanın asanlıqla əldən vermək istədiyi ölkə deyil. Məlumdur ki, Ermənistan son illərdə KTMT-də iştirakını faktiki dondurub, Rusiya ilə təhlükəsizlik əlaqələrini məhdudlaşdırıb və Avropa İttifaqı ilə inteqrasiyanı strateji istiqamətə çevirib. Lakin İrəvanın iqtisadi və enerji baxımından Moskva ilə mövcud bağlılığı davam edir. Ermənistanın xarici ticarətində Rusiyanın böyük payı var, ölkə Rusiya qazından ciddi şəkildə asılıdır və Ermənistanın Avrasiya İqtisadi İttifaqından dərhal çıxması ciddi iqtisadi nəticələr yarada bilər. Məhz buna görə Paşinyanın Moskva ilə dialoqu davam etdirmək məcburiyyətindədir. Amma bu Ermənistanın Qərb kursundan imtina anlamına gəlmir. Paşinyan çalışır ki, Qərbə yaxınlaşma kursu ilə yanaşı Rusiya ilə münasibətləri də tamamilə pozmasın. Bu da təbiidir. Çünki Paşinyanın hələ ki, alternativləri yoxdur. Hazırda maraqlı olan odur ki, tərəflər münasibətlərin yalnız siyasi səviyyədə deyil, ayrı-ayrı istiqamətlər üzrə “inventarlaşdırılması”, yəni hansı məsələlərdə ortaq mövqedə olduqlarının, hansı sahələrdə isə fikir ayrılıqlarının mövcudluğunun müəyyənləşdirilməsi barədə razılığa gəliblər. Putin də Moskvada bu məsələlərin onun və Paşinyanın iştirakı ilə, mütəxəssislərlə birlikdə konkret şəkildə nəzərdən keçiriləcəyini bildirib. Əslində bu yanaşma özü onu göstərir ki, Ermənistan-Rusiya münasibətləri artıq əvvəlki “strateji müttəfiqlik” şablonu ilə izah edilə biləcək mərhələdə deyil. Paşinyan açıq şəkildə bildirir ki, regionda vəziyyət dəyişib və Qarabağ münaqişəsi dövründə mövcud olan münasibətlər modeli artıq əvvəlki məzmununu itirib. Bu məsələdə Paşinyan kifayət qədər haqlıdır, həqiqətən də regionda sülhün formalaşması Ermənistan-Rusiya münasibətlərinə də yeni baxış tələb edir”.

Bayramov Rəşad Aydın oğlu (@R.A.Bayramov) • Facebook

Politoloqun fikrincə, Ermənistan-Rusiya münasibətlərində mövcud vəziyyət Moskva üçün də əslində yeni vəziyyətdir:

“Rusiya Ermənistanın Avropa İttifaqına yaxınlaşmaq niyyətini özünün əsas narahatlıq mənbələrindən biri hesab edir. Bişkek görüşündə Putin açıq şəkildə bildirib ki, Ermənistanın Aİ-yə üzvlük istiqamətində atdığı addımlar Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı mövqeyi ilə ziddiyyət yarada bilər. Putin eyni zamanda Ermənistanın öz inkişaf istiqamətini seçmək hüququnu tanıdığını desə də, belə bir seçimin Rusiya ilə iqtisadi münasibətlərə təsirsiz qalmayacağını vurğulayıb. Deməli, Moskva səfərinin əsas mövzularından birinin məhz Ermənistanın gələcək geosiyasi və iqtisadi istiqaməti olacağı ehtimalı yüksəkdir. Burada tərəflərin dərhal ortaq mövqeyə gələcəyini gözləmək çətindir. Paşinyan Ermənistanın manevr imkanlarını genişləndirmək və Qərblə münasibətləri inkişaf etdirmək istəyir. Rusiya isə Ermənistanı öz iqtisadi və təhlükəsizlik sistemindən tamamilə uzaqlaşmış vəziyyətdə görmək istəmir. Bununla belə, öncə də qeyd etdiyim kimi Rusiyanın Ermənistan iqtisadiyyatındakı şirkətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdəki fəaliyyəti də Moskvanın İrəvan üçün əhəmiyyətini qoruyur. Bu baxımdan “inventarlaşdırma” ifadəsi xüsusilə əhəmiyyətlidir. Əslində tərəflər münasibətlərin siyasi emosiyalardan çıxarılaraq praktik maraqlar əsasında yenidən qurulmasına çalışırlar. Hansı sahələrdə əməkdaşlıq davam etdirilə bilər, hansı öhdəliklər yenidən nəzərdən keçirilməlidir, Aİ ilə yaxınlaşma Rusiya ilə iqtisadi əlaqələrə necə təsir edəcək, təhlükəsizlik sahəsində Rusiyanın rolu hansı səviyyədə qalacaq, bütün bunlar masada olacaq.

Hansısa istiqamətlərdə kompromislər ola bilərmi? Prinsipcə ola bilər. Ermənistan məhsullarına Rusiya bazarında məhdudiyyətlərin yumşaldılması, Ermənistanın Aİ istiqamətində addımlarının Rusiyaya qarşı kəskin siyasi kampaniyaya çevrilməməsi, təhlükəsizlik sahəsində Rusiya ilə mövcud kanalların tam bağlanmaması istiqamətində hansısa razılaşmalar ola bilər. Bunun müqabilində Moskva İrəvandan Aİİ və Rusiya ilə iqtisadi əlaqələri qorumasını, KTMT-dən dərhal çıxmamasını və Rusiyanın Cənubi Qafqazdakı maraqlarını tamamilə nəzərə almadan xarici siyasət yürütməməsini istəyə bilər. Düşünürəm ki, əsas olan indi Putin və Paşinyan arasında hansısa sahədə razılaşmalar yox, Qərbin bu razılaşmalara necə reaksiya verəcəyidir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR