Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Nyu-York şəhərində, Staten-Aylenddə ildırımın vurduğu kişi möcüzəvi şəkildə sağ qalıb. Hadisənin baş verdiyi an təhlükəsizlik kamerasına düşüb.
Musavat.com xəbər verir ki, Tomas Fahmi avtomobilinə tərəf gedərkən qəfil ildırım zərbəsinə tuş gəlib və yerə yıxılıb. Lakin o, huşunu itirməyib və qısa müddət sonra ayağa qalxaraq yaxınlıqdakı evə gedib.
Kişi bədənində güclü elektrik zərbəsi, yanma, keyimə və ağrı hiss etdiyini bildirib. Buna baxmayaraq, onun bədənində görünən ciddi yanıq və ya ağır xəsarət aşkarlanmayıb. Fahmi xəstəxanaya aparılıb, bir gecə həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb.
İldırım insanı birbaşa vurmaqla yanaşı, yaxınlıqdakı ağac və ya başqa obyektə düşərək yan sıçrayışla, həmçinin yer səthi boyunca yayılan elektrik cərəyanı vasitəsilə də zədələyə bilər. İldırım zərbəsi ürəyin dayanmasına, sinir sistemi və əzələlərin zədələnməsinə, yanıqlara və digər ağır fəsadlara səbəb ola bilər.
İldırım çaxarkən nə etmək lazımdır? Göy gurultusu eşidilən kimi qapalı binaya və ya üstü sərt avtomobilə sığınmaq lazımdır. Açıq ərazidə, su hövzələrinin yaxınlığında və hündür, tək ağacların altında dayanmaq təhlükəlidir. Yerə uzanmaq da olmaz. Evdə isə pəncərələrdən, su kranlarından və elektrik şəbəkəsinə qoşulmuş cihazlardan uzaq durmaq tövsiyə edilir. Sonuncu göy gurultusundan sonra ən azı 30 dəqiqə çölə çıxmamaq məsləhətdir.
İldırım vurmuş insana toxunmaq təhlükəli deyil — onun bədənində elektrik yükü qalmır. Belə halda dərhal təcili tibbi yardım çağırılmalı, nəfəs və nəbz yoxlanılmalıdır.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ