İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin bu ştatında edamlar dayandırıldı – Sakinlər ayağa qalxdı: SƏBƏB

ABŞ-nin Tennessi ştatında 1996-cı ildə törətdiyi dəhşətli qətlə görə ölüm hökmü alan 50 yaşlı Krista Paykın edamı gözlənilməz skandalla nəticələnib. İki ölümcül doza pentobarbital vurulmasına baxmayaraq sağ qalan məhbus hazırda xəstəxanada kritik vəziyyətdədir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, 2 gün öncə keçirilən edam cəhdindən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan Krista Payk həyati əhəmiyyətli tibbi yardım alır.

Baş verən dəhşətli hadisə ştat qubernatorunun il ərzində planlaşdırılan bütün edamları təxirə salmasına səbəb olub. Məhbusun vəkili Rendi Spivey jurnalistlərə açıqlamasında edam otağında baş verənlərin dəhşətli mənzərə yaratdığını bildirib: “Edam qrupu 1 saat ərzində damardaxili iynə vurmağa çalışdı. Təkcə sol qolunda istifadə edilən ən azı 7 iynə saydım. Uğursuz cəhddən sonra qolundan çəkilən iynələrdən biri hətta əyilmişdi. İkinci doza vurulduqdan sonra da Miss Paykın hələ də nəfəs aldığı aydın görünürdü”

Vəkillər bildirir ki, müştərilərinə lazımsız əzab verilib və bu, onun qəddar və qeyri-adi cəzadan müdafiə olunmaq hüququnu kobud şəkildə pozur. Müdafiə tərəfi indi cəzanın yüngülləşdirilməsini tələb edir. Krista Paykın qətlə yetirdiyi yeniyetmənin anası May Martinez uğursuz edam cəhdindən sonra verdiyi açıqlamada “bu tam bir xaosa çevrildi” deyərək narazılığını bildirib.

Bəs necə oldu ki, vurulan doza insanı öldürmədi?

Казнь Кристы Пайк в США "не удалась", говорят адвокаты, она в больнице  после двух смертельных инъекций | Евронью́с

Ekspertlərin fikrincə, “Pentobarbital” maddəsi venaya düzgün daxil olmadıqda və ya damar partladıqda zəncirvari ölüm prosesi yarımçıq qalır. Normalda bu maddə bədənə daxil olduqda aşağıdakı dəhşətli proseslər baş verir: beyin neyrotransmitteri kəskin güclənir, beynin elektrik fəaliyyəti anında dayanır. Şəxs saniyələr içində şüurunu itirərək dərin komaya düşür. Beynin nəfəsalma mərkəzi tormozlanır, nəfəs kəsilir, qan təzyiqi sıfıra enir. Oksigensiz qalan beyin və ürək tamamilə dayanır.

Krista Paykın hadisəsində isə damar problemi səbəbindən zəhər orqanizmə tam çatmayıb və ABŞ hüquq tarixi analoqu olmayan bir skandalla üz-üzə qalıb.

Məlumata görə, 1976-cı ildən bu yana ABŞ-da 1663 kişi edam edildiyi halda, qadınların sayı cəmi 18 nəfərdir! Krista Payk bu statistikaya daxil olan 19-cu qadın olacaqdı, lakin sistem iflas etdi. Tennessi İslah Departamenti hələ də protokolun qanuni olduğunu müdafiə edir. Lakin dünya mətbuatının gözü indi Neşvildədir. Ölüm iynəsindən sağ çıxan qatilin taleyi necə olacaq? Məhkəmə ikinci dəfə edam əmri verəcəkmi?

Tennessi ştatının qubernatoru Bill Li olayla bağlı müstəqil və hərtərəfli araşdırma aparılması barədə göstəriş verib və ştatda bütün edamları dayandırıb. Bu qərar dekabrın 3-nə planlaşdırılan digər məhbus Qari Sattonun da edamının təxirə düşməsi deməkdir. Edamın baş tutumaması siyasi cəbhədə də müzakirələri alovlandırıb.

Respublikaçı senator Marşa Blekbern vəziyyəti faciəvi adlandıraraq çıxış yolunu edam üsulunu dəyişməkdə görüb: “Çıxış yolu sadədir – elektrikli stulu geri qaytarın”.

Demokrat namizəd Cerri Qrin isə bu təklifi tənqid edərək gələcək bütün edamlara tam moratorium qoyulmasının tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, bu, 2026-cı ildə Tennessi ştatında baş verən ikinci uğursuz edam cəhdidir. May ayında oxşar səbəbdən iynə vurmağa damar tapılmadığı üçün məhbus Toni Karrutersin edamı ləğv edilmiş və ona bir illik möhlət verilmişdi.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR