İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İsraillə sazişlər: Azərbaycan süni zəkada böyük oyuna qoşulur

Süni intellekt dünyada ən sürətlə inkişaf edən sahələrdən birinə çevrilib. Azərbaycan da bu sahəyə diqqəti artırıb. Təsadüfi deyil ki, Azərbaycan süni intellekt sahəsində böyük irəliləyiş əldə edən iki ölkə - ABŞ və İsraillə müvafiq sazişlər imzalayıb.

Bəs Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsrail kimi ölkələrlə imzaladığı sazişlərin əsas məqsədi nədir və bu əməkdaşlıq hansı sahələrdə daha məhsuldar ola bilər?

elxan.jpg (68 KB)

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"ABŞ Ticarət Palatasının nümayəndələrinin Azərbaycandakı görüşlərində süni intellekt sahəsində ortaq layihələr müzakirə edilmişdi. Azərbaycan ABŞ və İsraillə süni intellekt sahəsində və çiplərin istehsalında ortaq layihələr reallaşdıra bilər. Prezident İlham Əliyev fevralın 11-də müşavirə keçirərək süni intellektdən dövlət qurumlarında geniş vüsətdə istifadə olunması gərəkliyini bildirib. Dövlət başçısının ötən il sərəncamla "2025–2028-ci illər üçün süni intellekt strategiyası"nı təsdiqlədiyini xatırlatmaq lazımdır. Strategiyanın məqsədləri sırasında süni intellekt təlimi mərkəzlərinin yaradılması və ixtisaslaşmış işçi qüvvəsinin yetişdirilməsi göstərilib".

Politoloq xatırladıb ki, süni intellekt üzrə dünyanın ən yüksək səviyyəli toplantılarından biri Hindistan paytaxtı Dehlidə açılıb:

"Sammitin Hindistanda keçirilməsinin səbəbi var. Stanford Universiteti tədqiqatçıları tərəfindən ölçülən qlobal süni intellekt rəqabət qabiliyyətinə görə Hindistan bu sahədə sürətlə irəliləyib və keçən il tədqiqat, istedad, infrastruktur və siyasəti əhatə edən milli süni intellekt ekosistemlərinin qiymətləndirilməsində ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində beş illik plan qəbul edib. Sammit Qlobal Cənubda ilk belə tədbirdir. 2023-cü ildə Böyük Britaniyada keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammitinin və 2025-ci ildə Fransanın ev sahibi olduğu Süni İntellekt sahəsində Fəaliyyət Sammitinin davamı hesab edilən Forumda siyasətçilər, texnologiya şirkətlərinin rəhbərləri, innovatorlar iştirak edirlər. Əsas müzakirə mövzusu süni intellektin idarəetmə, innovasiya və davamlı inkişafdakı roludur. Sammit çərçivəsində BMT agentlikləri tərəfindən süni intellektdən sosial rifah üçün istifadəni nümayiş etdirən bir sıra tədbirlər keçiriləcək. Fransa prezidenti Emmanuel Makron da sammitdə iştirak məqsədilə Hindistana səfər edib.

Siyasətçilər və texnologiya rəhbərləri Dehlidə 5 günlük sammitə toplaşarkən inkişaf etməkdə olan və orta səviyyəli iqtisadiyyatlara ABŞ və Çini kapital tələb edən texnologiya yarışında üstələməyə çalışmaq əvəzinə süni intellekti ictimai infrastruktur kimi yenidən formalaşdırmaq və onu ictimai xidmətlərə tətbiq etmək üçün birlikdə işləmək şansı təqdim etdiklərini söyləyirlər".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR