İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə yaxın oliqarxların gizli aktivləri? Kann villalarının izi biznesmenə çıxdı

Rusiyalı oliqarxların etibarlı biznes tərəfdaşı kimi təqdim edilən Vadim Qurinovun Fransanın Kann şəhərində bahalı daşınmaz əmlaka sahib olduğu üzə çıxıb. Araşdırmaya görə, aktivlərin idarə edilməsində Fransa, Lüksemburq, Kipr və Monakoda yaradılmış şirkətlər şəbəkəsindən istifadə olunub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Fransa reyestrindən əldə edilən sənədlərə əsasən, Vadim və Qalina Qurinovlara Lüksemburqda 5 milyon avro nizamnamə kapitalına malik RILB Property S.C.I. şirkəti məxsus olub. Şirkət 2016-cı ilin dekabrında ləğv edilib. Ləğvetmə prosesinə Qurinovların uzun illər əməkdaşı olmuş, “Kordiant”, “Ryurik” fondu və “Servis-Telekom”da rəhbər vəzifələr tutmuş Nikolay Berdin rəhbərlik edib.

RILB Property Fransanın Riviera International La Bomma şirkətində paya sahib olub. Təxminən 4 milyon avroluq aktivləri olduğu bildirilən bu şirkətin əsas əmlaklarından biri Kannın ən bahalı ərazilərindən sayılan Fransız Rivyerasındakı “La Bomma” villasıdır.

Təxminən 30 sotluq ərazidə yerləşən kompleksə əsas malikanə, baxıcı evi, hovuz və bağ daxildir. Araşdırmaya görə, əmlakın alınması üçün Monako bankından da kredit götürülüb.

2016-cı ilə qədər Riviera International La Bomma Qurinovların nəzarətində Lüksemburqdakı RILB Property SCI və Kiprdəki TIARAVAL Ltd vasitəsilə olub. Lüksemburq şirkətinin iflasından sonra aktivlərin birbaşa ər-arvadın adına keçirildiyi bildirilir.

Araşdırmanın ən maraqlı hissələrindən biri isə Qurinovların Fransa biznesində yaranmış maliyyə problemləri ilə bağlıdır. Şirkətin keçmiş top-menecerlərindən biri ödənilməmiş əməkhaqqı və kompensasiyalara görə 134 min avro tələb edərək məhkəməyə müraciət edib.

2022-ci ildə Riviera International La Bomma-nın əmlakının üzərinə həbs qoyulması və satılması barədə icra sənədi verilib. Aktivlərdən biri hərracda satılıb. Qalina Qurinova şirkətin borclarının 20 min avrodan çox hissəsini şəxsən ödəsə də, Fransa məhkəməsi şirkətin ödəniş qabiliyyətini itirdiyini müəyyənləşdirərək xarici idarəetmə tətbiq edib.

Məhkəmə çəkişməsi Qurinovların Monakodakı başqa bir şirkətinin də izinə çıxmağa imkan verib. Keçmiş əməkdaş bildirib ki, Riviera International La Bomma faktiki olaraq aktivləri az olan şirkətdir və sahibləri “Valeri” adlı Monako şirkətinin hesabına yaşayırlar.

Fransa reyestrində həqiqətən də Valeri adlı Monako şirkəti barədə qeyd mövcuddur, lakin onun təsisçiləri və direktorları açıqlanmır. Araşdırma müəllifləri diqqət çəkirlər ki, Qurinovların qızının adı da Valeriyadır və onun Londonda biznesi var.

“Valeri”nin Fransadakı ünvanı yenə Kann bölgəsinə aparır. Həmin ünvanda 50 sot torpaq sahəsində təxminən 400 kvadratmetrlik dəbdəbəli müasir villa yerləşir. Şirkətin daşınmaz əmlakın icarəsi ilə məşğul olduğu, villanın tikintisinə icazənin 2012-ci ildə alındığı və tikintinin 2017-ci ilin avqustunda tamamlandığı bildirilir.

Məhz 2012-ci ildə Vadim Qurinov “Qazprom”un ən böyük podratçılarından biri olan “Stroytransqaz” şirkətlər qrupunun prezidenti vəzifəsinə gəlib. Şirkətin dövriyyəsi on milyardlarla rublla ölçülürdü.

Qurinov uzun illər Sankt-Peterburq biznes çevrələrində də fəaliyyət göstərib. Araşdırmada onun vaxtilə “Soveks”, “Peterburq Neft Terminalı” və dəniz limanı ətrafında formalaşmış biznes qrupu ilə əlaqələri xatırladılır. Bu çevrə nüfuzlu peterburqlu biznesmen İlya Traber (“Antikvar”) ilə əlaqələndirilir.

Verilən xəbərlərə görə, Qurinovun rolu bununla məhdudlaşmır: hazırda Qərb sanksiyaları altında olan bəzi rusiyalı varlıların qeyri-rəsmi aktivləri məhz onun adına və onunla əlaqəli strukturlara rəsmiləşdirilib. Araşdırma müəllifləri Qurinov ailəsinin hələ 1990-cı illərdən xaricdə geniş şirkətlər şəbəkəsi yaratdığını və həmin şəbəkə vasitəsilə indiki sanksiyalı şəxslərin vəsaitləri hesabına aktivlərin alındığını iddia edirlər.

Beləliklə, Kann villalarından Lüksemburq və Kipr şirkətlərinə, oradan isə sahibləri gizli saxlanılan Monako strukturuna uzanan biznes şəbəkəsi Qurinov ailəsinin xaricdəki aktivlərinin miqyasına dair yeni suallar yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR