Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə baş verənlər “İbrahim sazişləri”nin reallaşmasını gecikdirir. Bakının da dəvət aldığı bu müqaviləyə qoşulmağımız bu gedişlə mümkün olmaya bilər. Xüsusən də Bişkek sammitində qəbul edilən bəyannamədə İranın ərazi bütövlüyünə verilən dəstək belə deməyə əsas yaradır. Çünki “İbrahim sazişi”nə qoşulan ilk Mərkəzi Asiyası olan olan Qazaxıstan da Bişkekdə həmin bəyannaməni imzalayıb. Bu da anti-İsrail və anti-ABŞ mövqeyində yer almaqdır. Digər tərəfdən isə Netanyahunun partiyasının seçkilərdə məğlubiyyət ehtimalı yüksəkdir. Bu da “İbrahim anlaşması”nı ertələyə bilər.

Yeri gəlmişkən, ötən ilin sonunda İsrailin xarici işlər naziri Bakıda səfərdə olarkən Azərbaycan XİN-nin rəhbəri Ceyhun Bayramov “İbrahim sazişləri” ilə bağlı suala cavab vermişdi.
Nazir sazişi “bəzi ərəb dövlətləri ilə İsrail arasında əldə edilən razılaşma” adlandıraq bunları demişdi: “Bu razılaşma ilə İsraillə münasibəti olmayan ərəb dövlətləri İsraillə əlaqələr qurur. Bu, “İbrahim sazişləri” əsasında baş verirdi. Amma Azərbaycan və İsrail arasında çoxşaxəli münasibətlər var və bu münasibətlər uzun tarixə malikdir. Bu, ona görə də bizə bir qədər təəccüblü gəlir”.
Bundan əlavə, Türkiyə və İranla hazırkı münasibətlərimizi, Ankaranın isə Təl-Əvivlə getdikcə gərginləşən əlaqələrini nəzərə alsaq, Azərbaycanın sözügedən razılaşmaya qoşulacağı indimi halda real görünmür.
Bəs təhlilçilər necə düşünür?
“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qırğızıstan sammitində ən yadda qalan hadisələrdən biri də təşkilatın yekun Bəyannaməsi oldu. Bəyannamədə açıq şəkildə ABŞ və İsrailin Fələstinə, İrana hücumları sərt şəkildə pislənilirdi. Bundan əlavə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi ikinci dərəcəli sanksiyaları da ciddi şəkildə tənqid olunurdu. Bəyannamənin üslubu o qədər sərt idi ki, bundan sonra o sənədi imzalayan Mərkəzi Asiya ölkələrinin İsraillə “İbrahim sazişi” imzalayacağına inanmıram. Əks halda, İsraili və ABŞ-ı faktiki təcavüzkar dövlət kimi tanıyan Mərkəzi Asiya ölkələrinin hansı haqla onunla strateji müttəfiqliklər qurması həm beynəlxalq aləmdə, həm də daxili auditoriyada sorğulanacaq. Məhz bu səbəbdən də başda Qazaxıstan olmaqla bütün Mərkəzi Asiya ölkələri İsrail və ABŞ-la aralardında məsafə saxlayacaqlar”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bu qənaətə gəlib. Həmsöhbətimiz xatırladıb ki, ötən ilin noyabrında ABŞ-da keçirilən C5+1 zirvəsində iştirak edən Qazaxıstan prezidenti Qasım Cömərd Tokayev ölkəsinin “İbrahim sazişi”nə qoşulacağını açıqlamışdı: “Qısa müddətdən sonra Qazaxıstan bu formata qoşulduğunu bəyan etdi. Üzərindən 1 il keçməmiş ŞƏT-in Bişkek sammitinin İsraili və ABŞ-ı pisləyən Bəyannaməsinə Tokayevin də imza atması şəxsən mənə qəribə gəldi. Görünən bu idi ki, Qazaxıstan lideri öz mövqeyindən geri çəkilib”.
Heydər Oğuz Qazaxıstan və Mərkəzi Asiya ölkələrinin “bir addım irəli, iki addım geri” addımını yalnız bir amillə izah edə biləcəyini vurğulayır: “Zənnimcə, təcrübəli diplomat olan Tokayev ABŞ və İsraildə yaxın aylarda keçiriləcək seçkilərdə Netanyahu və Tramp komandalarının uğur əldə edə bilməyəcəyini düşünür və onlarla araya məsafə qoymağa çalışır”.
Ekspertin fikrincə, son zamanlar İsrail və ABŞ-da keçirilən rəy sorğuları da bu ehtimalı dəstəkləyir: “Kantar İnstitutunun İsrailin dövlət televiziyası KAN üçün apardığı son sorğuları da göstərir ki, Netanyahunun ifrat sağçı və ultra-ortodoks yəhudilərdən ibarət bloku hakimiyyətlərini qorumaq üçün yetərli səs toplaya bilməyəcək. İsrail qanunvericiliyinə görə, hökumət qurmaq üçün 120 deputatlıq parlamentin yarısından çoxunun səsini almalısan. 31 avqustda açıqlanan son rəy sorğusunda isə Netanyahunun ifrat sağçı koalisiya üzvləri (Yəhudi Gücü Partiyası, Dini Sionizm Partiyası və İsrail Xalqı partiyası) gələn ay keçiriləcək parlament seçkilərində cəmi 52 deputat çıxara biləcək. Dərd burasındadır ki, Netanyahunun rəqibi hesab edilən keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun Yaşar Partiyası və müttəfiqləri də tələb olunan 61 deputat limitinin çox altında qalır. Onların növbəti seçkilərdə 55 deputat çıxara biləcəkləri gözlənilir. Bu isə o deməkdir ki, İsraildə 27 oktyabr 2026-cı il seçkilərindən sonra ciddi hökumət böhranı yaşanacaq”.

Siyasi şərhçi eyni sözlərin Tramp hakimiyyəti üçün də keçərli olduğunu düşünür: “ABŞ analitiklərinin təxminlərinə görə, son ara seçkilərində Respublikaçı partiya Nümayəndələr Palatasındakı çoxluq haqqını itirəcək. Amma o, Senatdakı üstünlüyünü qoruyacaq. Beləcə iki əsas dayağından birini itirən Tramp hakimiyyətinin son iki ilində, öz təbirləri ilə desək, “topal ördəyə” çevriləcək”.
Belə bir vəziyyətdə ABŞ-İsrail tandemi ilə birgə yürüməyin perspektiv baxımından xeyli təhlükəli olduğunu düşünən Heydər Oğuz Mərkəzi Asiya ölkələrinin tərəddüdlərini anladığını bildirib.
Bəs İbrahim anlaşmaları nədir və Mərkəzi Asiya ölkələri bu təşəbbüsə niyə qoşulmaq istəyirlər?
Analitikin fikrincə, “İbrahim anlaşmaları” projesinin ilk rüşeymləri “dinlərarası dialoq”, “mədəniyyətlərin qovuşması” və s. kimi devizlərlə 2010-cu illərdə ortaya atılsa da, 2020-ci ildə Tramp tərəfindən rəsmən elan olunmuşdu: “Trampın yəhudi əsilli kürəkəni Cared Kuşner tərəfindən hazırlandığı iddia olunan “İbrahim anlaşmaları” projesi ərəblərlə yəhudilərin eyni soydan – İbrahim peyğəmbərdən gəldiyini əsas gətirib onların dinc və yanaşı yaşamasını, iqtisadi əməkdaşlıq qurmalarını, yeri gələndə ortaq xarici təhdidə qarşı birgə mübarizə aparmalarını təklif edir. Fəqət 2023-cü ildə başlayan İsrail-Fələstin qarşıdurması, ardınca ABŞ/İsrail-İran müharibəsi ərəb ölkələrinin bu projeyə diqqətini azaltdı. İsrailin əliyalın fələstinlilərə qarşı effektiv mübarizə apara bilməməsi, ABŞ-nin İran cəbhəsində gözlənilən uğuru sərgiləməməsi Yaxın Şərqdə böyük xəyal qırıqlıqları yaratdı. İş o yerə çatdı ki, Səudiyyə Ərəbistanı kimi körfəz ölkələri arasında böyük nüfuza malik olan dövlət belə Türkiyə və Pakistanla Məkkə ittifaqı hərbi bloku yaratmağa qərar verdi. Yaxın gələcəkdə Misir, İordaniya və digər ərəb ölkələrinin də Məkkə ittifaqına qoşulması gözlənilir”.
Müsahibimiz deyib ki, İsrail anlaşmalarının əsas iqtisadi ümidi sayılan Hindistan-Yaxın Şərq-İsrail-Avropa (IMEC) ticarət xətti də artıq sıradan çıxmış vəziyyətdədir: “Onun yerinə Türkiyənin irəli sürdüyü Hicaz dəmir yolu və Qalxınma yolu kimi iqtisadi dəhlizləri ön plana çıxır. Görünən budur ki, ABŞ da Türkiyənin bu projelərini dəstəkləyir. İsrailin son zamanlar Türkiyə ilə söz dalaşına girməsinin başlıca səbəblərindən biri də budur. Belə bir vəziyyətdə Mərkəzi Asiyanın ölü doğulmuş “İbrahim anlaşmaları”ndan yapışıb qalması tarixi səhv olardı”.
Emil Salamoğlu
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ