Onlayn ictimai-siyasi qəzet
Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanundan imtina etmək niyyətində deyil.
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyü prosesinin başlanması haqqında qanunun qəbul edilməsi barədə qərar ölkənin vətəndaş cəmiyyəti tərəfindən verilib. “Bu qanunun qəbul edilməsi düzgün addım idi. Mən hazırkı prosesi də müsbət qiymətləndirirəm”, deyə Paşinyan vurğulayıb.

Bundan əlavə, Ermənistanın baş naziri bu qanunun qəbul edilməsi də daxil olmaqla, ölkəsinin xarici siyasətdə əhəmiyyətli uğurlar əldə etdiyinə əmin olduğunu bildirib. “Bəzi tərəfdaşlar deyirlər: “Bəlkə bunu ləğv edək?” Mən isə hər zaman cavab verirəm ki, bu mümkün deyil. Çünki burada, təkcə Ermənistan parlamentinin siyasi iradəsi deyil, həm də Ermənistan xalqının iradəsi var”, - deyə Paşinyan əlavə edib.
Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirmək qərarı Cənubi Qafqazda yeni geosiyasi reallıqlar fonunda diqqət çəkir. İrəvan üçün bu istiqamət, təkcə xarici siyasət seçimi deyil, həm də bir çox baxımdan yeni imkanlar vəd edir. Aİ ilə daha sıx əlaqələr Ermənistanın Avropa bazarlarına çıxışını genişləndirə, investisiya imkanlarını artıra və ölkədə islahat proseslərini sürətləndirə bilər. Eyni zamanda, İrəvanın Qərbə yaxınlaşmasının Rusiya ilə münasibətlərə necə təsir edəcəyi də regionun əsas suallarından biri olaraq qalır. Analitiklər hesab edirlər ki, Ermənistanın Avropaya inteqrasiya cəhdi Azərbaycanla sülh prosesinin alternativi kimi deyil, əksinə, regional sabitlik və iqtisadi əməkdaşlıqla paralel aparıldığı təqdirdə daha böyük nəticələr verə bilər. Xüsusilə, TRIPP çərçivəsində kommunikasiyaların açılması Ermənistanın həm Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrinin genişlənməsinə, həm də yeni tranzit imkanlarından gəlir əldə etməsinə şərait yarada bilər.
Deputat Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Cənubi Qafqazda geosiyasi balans artıq bərqərar olub. Onun sözlərinə görə, bu reallığı ciddi surətdə dəyişə biləcək faktor yoxdur: “Eyni zamanda, dünya bu regionda stabilliyin olmasında maraqlıdır. Əsas məqam isə Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində iştirakı, həmçinin, bütün güc mərkəzləri ilə normal qonşuluq münasibətlərinin olmasıdır. Ermənistanın Avropa İttifaqına üzvlük niyyəti onun seçimidir. Azərbaycan bu məsələyə müdaxilə etmir. Ümumiyyətlə, Azərbaycan heç bir ölkənin daxili və xarici siyasətinə qarışmır. Yalnız ölkəmizin suverenliyinə mənfi təsir ehtimal olduqda münasibət bildirir”.

Deputat vurğulayıb ki, Ermənistanın Aİ-ə üzvlüyü Azərbaycanla sülh prosesinə maneçilik yarada bilməz: “Azərbaycan ərazi bütövlüyünü təmin edib, tərəflər arasında sülh müqaviləsi paraflanıb, beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi öz əksini tapıb. Azərbaycan bu gün konstitusiyasından ərazi bütövlüyümüzə olan iddianın aradan qaldırılmasını tələb edir.
Bundan sonra sülh müqaviləsi imzalanacaq. İkitərəfli münasibətlərin bütün istiqamətləri üzrə fəaliyyət başlayacaq. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.
TRIPP çərçivəsində kommunikasiyaların işə düşməsi ilk növbədə Ermənistan üçün faydalıdır - büdcəyə əlavə gəlirlər daxil olacaq, yeni iş yerləri açılacaq, yeni investisiya imkanları yaranacaq, Azərbaycan və Türkiyə ilə münasibətlər qurulacaq. Hesab edirəm ki, Azərbaycanın strateji siyasəti hər zaman olduğu kimi, bu məsələlərdə də regionda sülhün və əmin-amanlığın möhkəmlənməsində əsas rol oynayır”.
Nigar Həsənli
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ