Onlayn ictimai-siyasi qəzet
Xəbəriniz var yəqin, yoxdursa da, indi olsun, özbək qardaşların sözü olmasın, Amerika Qoşma Ştatlarında (AQŞ) üzərində prezident Donald Trampın əksi olan 1 dollarlıq sikkə buraxılıb.
Düzdür, bu 1 dollarlıq sikkə tədavül üçün deyil, kolleksiya məqsədi daşıyır, amma indiyədək belə şey olmayıbmış. Tramp son 100 ildə ilk sağ prezidentdir ki, ölkə valyutasında əksi yer alır.
Bunun təşəbbüskarı maliyyə naziri Skott Bessentdir. O, kitabdan-kitaba salıb, sağa-sola tüyünüb, axır ki, şefinə belə bir sürpriz edib. Hələ ser Bessent 250 dollarlıq kağız əskinas da buraxdırmaq niyyətində olub, Konqres imkan verməyib.
Siz Raşmor dağında 5-ci prezident olaraq öz nəhəng büstünün yonulmasını istəyən, Hörmüz boğazına “Tramp boğazı” deyilməsini tələb edən, arada bizin Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılmasını uman misterin nə qədər təvazökar biri olduğunu bilirsiniz, bu xüsusda danışmaq artıq olar.
Yeri gəlmişkən, bizim üçün o qədər də fərqi yoxdur, təki Zəngəzur dəhlizi açılsın, adı nə olur, olsun. Hərçənd elə qatı patriotlarımız var ki, o dəhliz “Aşot-Armen yolu” adlandırılsa, ömür-billah o yoldan keçib Ordubada getməzlər. Belə baxanda o yol bizimdirsə, niyə başqasının adını daşımalıdır? Tramp istisnadır. Eks olandan sonra əks getmək, dəhlizin adını dəyişmək texniki məsələdir.
Sağ adamın adını əbədiləşdirmək, heykəlini qoymaq mədəni ölkələrdə yaxşı qəbul olunmur. Elə ABŞ-də də belə bir qanun varmış. Adının əbədiləşdirilməsini istəyən adam gərək əbədiyyətə qovuşsun, yoxsa qanunvericilik ədəbiyyatı imkan vermir.
Bu görməmişliyin ən yayğın vaxtı sovet dövründə olub. Müttəfiq respublikaların hamısında mütləq Stalin rayonları varmış. (Müəllif bu yazını məhz keçmiş Stalin rayonunda, yəni Səbayeldə yazır). O biri liderlərin də adları sağlıqlarında əbədiləşdirilibmiş. Adamlar bəzən öz adlarına olan şəhərlərə gedib xalq qarşısında çıxış edirmişlər.
Belə şeylərdə qoca Şərqin üzü ağdır. İmkan versən, indinin özündə də rəhbərlərə “qibleyi-aləm” deyərlər. Necə ki, bir sıra Şərq ölkələrində hökmdarın adının qabağında təxminən 3 metrlik epitet olur.
O vaxt qardaş Türkmənistanda Saparmurat Niyazova (Türkmənbaşı) qızıl suyuna çəkilmiş fırlanan heykəl qoymamışdılarmı? Necə sensorlamışdılarsa, heykəl eyzən günəşə baxır, günəşlə fırlanırdı. Rəhmətlik özü də belə şeyləri sevirdi, ona görə də əshabələrinin təşəbbüsünə “yox” deməmişdi, demişdi, xalqın tələbinə qarşı çıxmaq demokrat liderə yaraşmaz. Nəticədə ölkə sağ adamın heykəlləri ilə dolmuşdu. Yəni adamı sağ ikən əbədiləşdirmişdilər. Fəqət bu “əbədi”yiliyin ömrü çox çəkmədi. Kimya elminin sayəsində saçına dən düşməyən ağsaqqal vəfat edəndən bir müddət sonra heykəllərinin demontajı başlandı. 12 metrlik fırlanan heykəlin fırlanmasını dayandırdılar, Aşqabadın mərkəzindən şəhərin cənub kənarına köçürdülər. Amma ta heykəlin günəşlə fırlanmasını lazım bilmədilər, dedilər, sakitcə dur yerində, dünyanın heç harasında səndən başqa fırlanan heykəl yoxdur.
Rəhbərlərin özündən çox şey asılıdır, gərək yaltaqların permanent təşəbbüslərinə vaxtında “stop” qoysunlar. Yoxsa onlarda müvafiq fantaziya tükənən deyil. Biri heykəl qoymaq istəyəcək, o biri yekə bir şəhərin adını dəyişdirib liderin adını verməyə çalışacaq, başqa biri ərşə-gürşə çıxan təşəbbüs qaldıracaq.
Deyilənə görə, II dünya müharibəsindən sonra sovet marşalları yığışıb Stalinə generalis-simus rütbəsi təşkil etmək istəyəndə “ellər atası” gülümsəyib, deyib, nə gərək var. O, belə şeyləri, tərifi, mədhi, şəxsiyyətə pərəstişi sevmirmiş. Amma marşallar dirəşiblər. Rokossovski deyib ki, sən də marşalsan, mən də, məni həbs etdirmək istəsən, gərək məndən rütbəcə yüksək olasan. Yalnız ondan sonra, sırf ülvi niyyətlə, sarsaqlayan marşalları həbs etdrimək üçün Stalin generalis-simus olmağa razılıq verib. Yoxsa deyirmiş, belə şeylərə ehtiyac yoxdur., mən də adi insanam.
Tramp isə indilikdə elə demir, deyir, zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, gövhəri-laməkan mənəm, dar ilə künfəkan mənəm, can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm və sair və ilaxır.
Açıqca hiss olunur ki, o, nəinki ABŞ-yə və qərb yarımkürəsinə, eləcə də cahana sığmaz hala gəlib. Komandasının üzvləri də elə düşünürlər. Ancaq bir tərəfdən ABŞ-nin qəribə qanunları, o biri tərəfdən Ali Məhkəməsi ağsaqqalın gül kimi təşəbbüslərini rədd edir. Gah Konqres işə pəl vurur, gah da demokratlar “impiç-impiç” deyibən pıç-pıç edirlər.
Onunki Şərq tərəflərdir. Olaydı bizim regionda, Türkmənistandan fırlanan heykəlin mexanizmini, halallığını alar, postamentə öz abidəsini qoyar, günəşlə birlikdə fırlanardı.
**
Dünya köhnə dünyadır, pərəstişkarları təzədir.
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ