İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağlamalı kino

Yaxud, teatrımız bələdiyyənin vəziyyətində

Ət istehsalında azalma olsa da, mədəniyyət istehsalımız daim inkişaf edir. Burada Braziliyadan dana əti almaq kimi proseslərə hələlik ehtiyac duyulmur. Ona görə də təzəlikcə kino qanununa dəyişiklik edildi, orada milli və xarici prodüser anlayışlarına fərq qoyuldu. Sən demə, indiyəcən kino qanunumuzda yerli prodüser anlayışı yazılmayıbmış! Dəhşətdir. Mən də deyirəm, niyə milli kinomuz xarici ekranlara çıxa bilmirdi. Son dəqiqədə aldığım məlumata görə, Amerikada həbsdə olan prodüser Harvi Vaynşteyn Azərbaycan kinosunda yerli və xarici prodüserlərin fərqinin qanuna salınmağını eşidəndə həbsxana müdirini çağırıb, karserə salınmağı xahiş edib.

Əslində bu dəqiqə bütün dünya kinosu böhran yaşayır və bunu xilas eləmək bizim kinoçəkənlərin borcudur. 2026-cı ilin “Oskar”ına namizəd filmlərin bəzisinə baxandan sonra Vaqif Mustafayevin axırıncı filminə şükür eləmişəm. Misal üçün, tarixi rekorda – 16 nominasiyaya layiq görülən (inşallah, heç birisini almaz) “Günahkarlar” filminin qısa süjeti belədir ki, iki zənci qardaş kafe açırlar, yeyib-içməyin qızğın vaxtında vampirlər kafeyə basqın edir, hamını dişləyirlər. Axırda da Günəş çıxır, vampirlər yanır. Vallah, şişirtmə eləmirəm, kino aşağı-yuxarı təxminən bundan ibarətdir. Biabırçı bir “əsərdir”.

Xortdanın nağılına 16 Oskar verirsənsə, gərək mükafatın adını dəyişəsən. Müəyyən hərfləri yerində saxlamaq şərtiylə.

“Sirat” adlı film var, qəhrəmanlar o qədər tez-tez minaya düşüb partlayırlar ki, bilmirsən bu dramadır, yoxsa komediyadır, rejissor məzələnirmi...

Ta sinəmiz açılıb, birini də yazaq. Yoahim Triyer adında rejissorun “Sentimental dəyərlər” filmi son ilin seçilən filmlərindəndir. Filmdə ata 2 qızını uşaq vaxtı atıb, Norveçdən çıxıb gedib İsveçə. İndi qızlar böyüyüb, ata da rejissordur, gəlib qızını kinoya çəkir. Filmdə qəmli musiqi verilir, qızlar ağlaşır, ata infarkt olur, təzədən durur, yenə ağlaşırlar və sairə. Filmdə axan göz yaşlarını toplasan Əhmədliyə yayda su vermək olar. Elə bil, Xoşqədəmin verilişidir, Rusiyadan qız gəlib Ağdaşda papasını tapıb, ağlaşırlar. (Bu, real əhvalatdır, təzə olub və qətiyyətlə yazıram ki, Xoşqədəmin həmin verilişi Yoahim müəllimin filmindən min dəfə abırlıdır).

Hələ Amerikada bir film də var, hamilə qadın pulemyotu götürüb Rembo kimi “ta-ta-ta” atır.

Əlbəttə, keçən ilki mükafatları süpürləyib aparan film iki fahişənin mənasız həyatından bəhs edirdisə, indi bacıların ağlaşması rekorda haqq edir. (“Ölülər”dən Şeyx Nəsrullahın sitatının əsl yeridir: “Bacılar hanı? Bacıları görmürəm”). Ümumiyyətlə, dünya kinosu üçün çətin günlərdir. Bir ölkənin prezidenti başqa ölkənin prezidentini kartof kisəsi kimi qulaqlayıb aparırsa, Hitlerin varisi Kiyevdə “faşist” axtarmaq adıyla camaatı qırırsa, lap elə yarasa soyutması üzündən planetin qapıları bağlanırsa, belə bir tarixi dönəmdə hansı kinonu çəkmək olar ki, camaatda maraq oyatsın? Mümkün deyil. Hələ süni intellekt adlı axmaq tətbiq işin lap zibilini çıxartmaqdadır, at izi it izinə qarışıb.

Keçən il bir çox manıs və aktyorlar, teatr işçilərimiz bəyanat vermişdilər, deyirdilər, həyatımız üçün təhlükə var, qorxuruq. Onları qorxudan isə elə sahəyə məsul məmurlar idi. Qorxu filmi üçün yaxşı süjet idi. Amma nədənsə dövlət büdcəmizdən... skiflər haqqında tarixi serial çəkilməsinə vəsait ayrılmışdır. 800 min manata yaxın pul verirlər. Guya biz skiflərin kim olduğunu dəqiqləşdirmişik, indi də filmini çəkirik. Ondansa AXC-Müsavat cütlüyü haqqında çəkin, onların dövrü skiflərin dövründən maraqlı idi.

Nəhayət, son günlərin əsas islahatçı addımı teatrlarda baş rejissor, baş rəssam, bədii rəhbər kimi vəzifələrin ləğvi oldu. Çünki baş rejissorlar əsas qalmaqal subyektləri idilər. Gah aktyor və aktrisalarla saçyolduya çıxırdılar, gah tamaşaçılarla. Hökumət də çıxış yolunu vəzifəni dibindən ləğv eləməkdə tapdı. Bu, eyni zamanda aktrisalara mesajdır: sakit olmasanız, teatrı tam bağlayarıq.

Çox mümkündür. Həyat teatrdan daha maraqlıdırsa, bunun işləməyi nəyə lazımdır?

Əslində hökuməti saxlayıb bizim hamımızı ləğv eləmək lazımdır. Prinsipcə, bu istiqamətdə uğurlu addımlar var: keçən il müstəqillik dövrümüzün ən aşağı uşaq doğumu qeydə alınıb. Yoxsa bəziləri durmadan zəvzəyirdi: “Uşaq pulu, uşaq pulu...” Al gəldi! Uşaq olmayandan sonra, uşaq pulu kimə veriləcək?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR