Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşik Dövlətlərini 250 illik yubileyi münasibətiylə təbrik edirəm. Düzdür, bir az gec oldu, bayram dünən idi, ümid edirəm yola verərlər.
ABD haqqında, məncə, ən maraqlı sözlərdən birini aktyor Çarli Çaplin, 1940-cı illərdə söyləmişdir. O vaxt Çarli filmini təqdim üçün Londona gedibmiş, bu zaman ABŞ MKİ şefi Quver qərar çıxartdırır ki, Çaplinə geri dönüş qadağan olunmalıdır. Guya Çaplin kommunistdir. Çaplinə bu xəbər çatanda şlyapasını göyə tullayıb (zənn edirəm), məhşur oynaq təzimini edib (bu da ehtimaldır) və söyləyib: “Gözüm atırdı elə sizin Amerika üçün. Amerika mənim üçün bitmişdir. Orada indən belə lap İsus Xristos dirilib gəlsin və prezident olsun – qəti qayıtmaram”.
Bəli. Hal-qəziyyə bu cürdür, kim istəsə oynasın, kim istəsə ağlasın. Ancaq istənilən halda ABŞ dünya tarixinin ən maraqlı dövlət eksperimentlərindən biridir. Ümumiyyətlə, bu temada 2006-cı ildə çəkilən “İdiokratiya” adlı hər mənada fantastik, gözəl film var, kim baxmayıbsa təcili tapıb baxsın.
Çaplindən söz düşmüşkən, dünya çempionatında Fransa-Paraqvay oyununa baxırdım və bir daha fikirləşdim ki, gülüş ən öldürücü silahlardan biridir. Orada paraqvaylı oyunçular əsl antifutbol oynayır, fransız oyunçu Kilian Mbappe-ni qıcıqlandırır, yıxır, dürtmələyir, söz atırdılar. Çalışırdılar nəsə toqquşma olsun, Mbappe qırmızı kart alıb qovulsun, meydan bunlara qalsın. Mbappe isə bu dürtmələrə az-çox cavab verməklə yanaşı (bizim el dilində yazsam, bu da “qabağından yeyən oğlan” deyil), əsasən gülüb keçirdi. Bütün oyun boyu bizə Mbappenin paraqvaylı oyunçulara gülməyini nümayiş etdirdilər. Həqiqətən, gülüş ciddi mübarizə üsuludur, biləsiniz.
Həmin oyunda paraqvaylı oyunçunun penalti nöqtəsini ayaqqabısı ilə qazıb korlamaq cəhdi isə yəqin futbol tarixinə düşdü. Guya bu yolla qolu önləyirdi (hakim Paraqvayın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmişdi). Əlbəttə, bizim üçün belə şeylər yeni deyil, vaxtilə, 1999-cu ildə Fuad Musayev AFFA prezidenti olanda ona badalaq vurmaq üçün Azərbaycan-Portuqaliya oyununda Bəhramov adına stadionun işıqlarını söndürmüşdülər.
Amerika haqqında bir maraqlı afyorizm isə budur: “Dünyadakı ən böyük ədalətsizliklərdən biri ondadır ki, qitəni Xristofor Kolumb kəşf eləmişdi, ancaq ona Ameriqo Vespuççinin adını qoyublar”. Doğrudan da, böyük dərddir. Hərçənd, bunun da milli alternativlərini tapa bilərik, istəsək. Məsələn, Şəmkirin bir icra başçısı var idi, atasının adını rayondakı kəndə qoymuşdu.
Növbəti aktual tema azyaşlı uşaqların sosial şəbəkədə qeydiyyatını qadağan edən qanunun qəbul olunmağıdır. Hökumət bunu hansı mexanizmlə edəcək, məlum deyil. Məsələn, belə çıxır indən sonra hər birimiz internetdə hansısa profil-mrofil açanda şəxsiyyət vəsiqəmizin surətini, notariusda təsdiqlənmiş hansısa başqa sənədi, nə bilim, JEK-dən arayışı, uçaskovının təqdimat məktubunu, xaricdə söyüşcül qahımımızın olmadığı barədə arayışı və sairəni əlaqədar orqanlara göndərməliyik. Əks halda, sosial şəbəkəyə üzv olan adamın uşaq, yoxsa böyük olduğunu müəyyənləşdirmək mümkün deyil. Və bu sənədləri təqdim edəndən sonra insanların anonimlik, gizlilik, özünüqoruma mexanizmləri gedəcək işinin dalıyca. Bax, əsl tuthatut onda başlaya bilər.
Əlbəttə, şəxsən sosial şəbəkənin aktiv istifadəçisi deyiləm, anonim şərhlər yazanları, trol ordusu saxlayan qurum və şəxsləri də pisləyirəm, mən sadəcə sistemi, prinsipləri şərh elədim. Uşaqları qorumaq adıyla böyüklərə nəzarət gücləndirilir, belə hesab edirəm.
Yazını isə Mövlanadan bir hədislə bitirək, əziz oxucuların bu bazar günü xoş keçsin: “Bir adamın ayağına tikan batanda ayağını dizi üstünə qoyar. İynə ucu ilə tikanın başını arayar, tapmazsa oranı ağzının suyu ilə isladar. Ayağa batan tikanı tapmaq bu dərəcədə müşkül olursa, ürəyə batan tikan necədir? Cavabını sən ver!”
05 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ