Onlayn ictimai-siyasi qəzet
Avstraliya sahillərində lentə alınan görüntülər dünyanın diqqətini çəkib.
Musavat.com xəbər verir ki, Hind okeanında çəkilən görüntülərdə balasını itirən ana delfin ölmüş balasını altı gün ərzində kürəyində daşıyıb.
Bala delfinin, ehtimal ki, doğuşdan sonra yaranan tənəffüs problemləri səbəbindən öldüyü bildirilir. Ana delfin isə altı gün ərzində onun cəsədini tərk etməkdən imtina edib, heç nə yemədən balasını kürəyində daşıyaraq üzüb.
Bu müddət ərzində 14 delfindən ibarət sürü də onu tək qoymayıb. Digər delfinlər ana ilə yanaşı üzərək onun kədərinə sanki şərik olublar.
Geographe Marine Research təşkilatının mütəxəssisi Rodni Peterson bildirib ki, dron vasitəsilə bu mənzərəni izləyərkən "bədəni üşüdən hisslər" yaşayıb. Onun sözlərinə görə, delfinlər son dərəcə ağıllı və sosial canlılardır.
Alimlər qeyd edirlər ki, delfin anaları bəzən ölmüş balalarını həftələrlə canlı hesab edir və dərin kədər səbəbindən uzun müddət qidalanmaqdan imtina edirlər.
Qeyd olunur ki, həmin ana delfin 2025-ci ilin mart ayında da balasını itirmişdi.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ