Onlayn ictimai-siyasi qəzet
Türkiyə ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan “Ballard Partners” lobbi şirkəti ilə bir illik müqavilə imzalayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri yazıb.
“Middle East Eye”ın xəbərinə görə, Florida Respublikaçılar Partiyası çevrələrində tanınan ianə toplayıcısı Brayan Ballardın rəhbərlik etdiyi “Ballard Partners” avqustun 8-də Türkiyənin Milli Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, şirkətə ayda 200 min dollar ödəniləcək. Razılaşmanın ümumi dəyəri isə 2,4 milyon dollar təşkil edəcək.
Müqaviləyə əsasən, “Ballard Partners” ABŞ federal hökuməti qarşısında Türkiyəyə “hökumətlə əlaqələr xidmətləri, strateji məsləhət və müdafiə xidmətləri” göstərəcək.
Məlumata görə, şirkət həmçinin Türkiyəni Konqresdəki proseslər və ABŞ siyasəti barədə mütəmadi məlumatlandıracaq.
“Ballard Partners”ın Türkiyə adından fəaliyyət göstərməsi ilk dəfə deyil. Türkiyə Trampın ilk prezidentlik dövründə, 2017-ci ildə də şirkətlə 1,5 milyon dollar dəyərində müqavilə imzalayıb.
Bu razılaşma “Ballard Partners”ın Vaşinqtonda ofis açmasından sonra bağladığı ilk böyük müqavilələrdən biri olub. Şirkətin 2017-ci ildəki fəaliyyətinin Türkiyənin “Halkbank”ı ilə bağlı sanksiyalardan yayınma işi üzərində cəmləşdiyi bildirilib.
Tramp administrasiyasının Ədliyyə Nazirliyi bu ilin əvvəlində banka qarşı ittihamları geri götürüb.
Yeni müqavilə əvvəlkindən fərqli olaraq Milli Müdafiə Nazirliyi ilə imzalanıb.
Ankaranın Vaşinqtondakı lobbi fəaliyyətinin əsas istiqamətlərindən biri Türkiyənin 2019-cu ildə Rusiyanın istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərini almasının ardından çıxarıldığı F-35 qırıcı təyyarə proqramına yenidən qaytarılmasıdır.
Türkiyə ABŞ-la S-400 mübahisəsindən sonra F-35 proqramından çıxarılıb.
“Middle East Eye” ötən ay Ankaranın ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına nail olmaq məqsədilə S-400 sistemlərini üçüncü ölkəyə, ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərinə satmağı nəzərdən keçirdiyini yazıb.
Ankara, həmçinin Türkiyə üçün istehsal edilən, lakin uzun illərdir ABŞ-də saxlanılan altı F-35 qırıcısını təhvil almağa ümid edir.
ABŞ Ədliyyə Nazirliyinə təqdim olunan sənədlərə görə, Türkiyə üçün çalışacaq “Ballard Partners” komandasına Floridanın keçmiş Demokrat konqresmeni Robert Veksler də daxildir.
Veksler Türkiyənin mövqeyini dəstəkləməsi ilə tanınan şəxslərdən biridir. O, 2001-ci ildə ABŞ-Türkiyə münasibətləri və türk-amerikalılar üzrə Konqres qrupunun yaradılmasına rəhbərlik edən şəxslər arasında olub.
Veksler eyni zamanda Vaşinqtonda yerləşən S. Daniel Abraham Yaxın Şərq Sülh Mərkəzinin rəhbəridir və İsrail tərəfdarı çevrələrlə əlaqələri ilə tanınır.
Türkiyə adından çalışacaq komandada Tramp administrasiyasında fəaliyyət göstərmiş Tomas Budri də yer alır.
Budri 2025-ci ilin aprel ayına qədər Trampın xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında qanunvericilik məsələləri üzrə baş direktor vəzifələrində çalışıb.
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uolts vəzifəsindən uzaqlaşdırılarkən Budri də administrasiyanı tərk edib.
Həmin dövrün xəbərlərində Trampın ifrat sağçı fəal Laura Lumirlə görüşündən qısa müddət sonra Budrini və daha beş məmuru vəzifədən azad etdiyi iddia olunmuşdu. Bildirilirdi ki, Lumer görüş zamanı bəzi administrasiya əməkdaşlarının Trampa qarşı sədaqətsiz olduğunu iddia edən araşdırmaları prezidentə təqdim edib.
“Ballard Partners”ın komandasında şirkətin baş tərəfdaşlarından və Brayan Ballardın ən yaxın əməkdaşlarından biri olan Sil Lukis də yer alır.
“Bloomberg”in bu ilin əvvəlində yaydığı xəbərə görə, “Ballard Partners”ın keçmiş əməkdaşları arasında Ağ Evin aparat rəhbəri Syuzi Uayls və ABŞ-ın keçmiş baş prokuroru Pam Bondi də olub.
Şirkət 2026-cı ilin ilk rübündə federal səviyyədə lobbi fəaliyyətindən 30 milyon dollardan çox gəlir əldə edib.
Bu göstərici şirkəti Vaşinqtonun “K Street” kimi tanınan lobbi sektorunda ilin ilk rübündə ən çox gəlir əldə edən lobbi şirkətinə çevirib.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ