İnsanlara hürriyət, millətlərə istiqlal!

Banklar yenə varlanır, əhali faiz bataqlığında

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar-iyul ayları üzrə bank sektorunun maliyyə göstəricilərini açıqlayıb.

Musavat.com xəbər verir ki, açıqlanan statistika bankların kredit və depozit portfelinin, eyni zamanda xalis mənfəətinin artdığını göstərir.

Staistikaya əsasən 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda fəaliyyət göstərən banklar ümumilikdə 858,7 milyon manat xalis mənfəət əldə ediblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz çoxdur.

Hesabat dövründə bankların əməliyyat mənfəəti 1 milyard 307,2 milyon manat təşkil edib.

Banklar 7 ay ərzində dövlət büdcəsinə 213,4 milyon manat mənfəət vergisi ödəyiblər.

Bu dövrdə bankların kredit portfeli 32 milyard 95,3 min manata çatıb. Bu, iyun ayı ilə müqayisədə 274 milyon manat, yaxud 0,9 faiz, ilin əvvəli ilə müqayisədə isə 2 milyard manatdan çox, yaxud 6,8 faiz artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 3 milyard 597,1 milyon manat və ya 12,6 faiz təşkil edib.

Kredit portfelləri üzrə nəzərdən keçirdikdə müsbət bir tendensiya – biznes kreditlərinin daha sürətlə artması müşahidə olunur. Belə ki, iyulun sonunda kredit portfelinin 54 faizi və ya 17 milyard 333 milyon manatı biznes kreditlərinin, 31,3 faizi - 10 milyard 36,8 milyon manatı istehlak kreditlərinin, 14,7 faizi - 4 milyard 725,5 milyon manatı ipoteka kreditlərinin payına düşüb. Beləliklə, 2025-ci il dekabrən 31-i ilə müqayisədə biznes kreditləri 1 milyard 226,7 milyon manat və ya 7,6 faiz, istehlak kreditləri 682,6 milyon manat və ya 7,3 faiz, ipoteka kreditləri 123 milyon manat və ya 2,7 faiz artıb. Rəqəmlər göstərir ki, yanvar-iyul aylarında kredit portfelinin artımında biznes kreditlərinin payı daha yüksək olub.

Biznes kreditləri illik müqayisədə 2 milyard 277,2 milyon manat və ya 15,1 faiz, istehlak kreditləri 1 milyard 34,6 milyon manat və ya 11,5 faiz, ipoteka kreditləri isə 285,3 milyon manat və ya 6,4 faiz artıb.

698b2d8d949c7698b2d8d949c81770728845698b2d8d949c5698b2d8d949c6.jpg (154 KB)

Kreditlərin məbləğinin artması bankların faiz gəlirlərinin də yüksəlməsi ilə müşayiət olunur. Belə ki, Azərbaycan bankları 2026-cı ilin yanvar-iyul aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 538 milyon manat faiz gəliri əldə ediblər. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 370.3 milyon manat və ya 16.7 faiz çoxdur. Lakin göründüyü kimi, kreditlərin məbləğindəki artım onlardan əldə olunan faiz gəlirlərindəki artımdan daha zəifdir. Nəzərə alsaq ki, kreditlərdəki artımın mühüm hissəsi biznes kreditləri hesabınadır, onda faiz gəlirlərinin daha aşağı sürətlə artması məntiqəuyğun olardı: biznes kreditlərinin faizi istehlak kreditlərindən daha aşağıdır. Lakin bu, baş verməyib, çünki ölkədə kredit faizlərinin yüksəlməsi davam edir.

Mərkəzi Bankın açıqladığı statistikaya əsasən yanvar-iyul aylarında, eləcə də illik ifadədə kredit faizlərində artım davam edib. Manatla kreditlər üzrə orta faiz dərəcəsi yanvar ayındakı 15.44 faizdən avqustda 15.74 faizə yüksəlib. Bu zaman fiziki şəxslərə verilən manat kreditlərinin orta faizi 17.07 faizdən 17.31 faizə, hüquqi şəxslərə verilən kreditlərin faiz dərəcəsi isə 11.63 faizdən 11.77 faizə çatıb.

Xarici valyutada kreditlər üzrə orta faiz yanvar ayındakı 5.80 faizdən avqustda 5.78 faizə qədər artıb.

Maraqlıdır ki, banklar verdikləri kreditlərin faizini qaldırdıqları halda, əhali də daxil olmaqla, yığdıqları əmanətlərin faizlərini endiriblər. Belə ki, iyulun 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi depozit portfeli 40 milyard 394.3 milyon manat təşkil edib. Bu göstərici iyunun sonu ilə müqayisədə 1,6 faiz, yaxud 650,6 milyon manat, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 10,2 faiz, yaxud 3 milyard 743,4 milyon manat artıb. Cəmi depozitlərin17 milyard 466.5 milyon manatı fiziki şəxslərə məxsus olub.

Yanvarda 9,44 faiz olan müddətli depozit və əmanətlər üzrə manatla orta faiz dərəcəsi yavqustdun 1-də 9,12 faizə düşüb. Bu dövrdə fiziki şəxslərin manatla müddətli əmanətləri üzrə orta faiz 10.26 faizdən 9.99 faizə, hüquqi şəxslərin depozitləri üzrə isə 7,15 faizdən 6,86 faizə qədər azalıb. Xarici valyutada müddətli depozitlərin orta faizi isə 3.18 faizdən 3.13 faizə düşüb.

Beləliklə, banklar əhali və qeyri-əhalidən pulu daha ucuza götürüb, onu elə həmin təbəqələrə daha baha borca veriblər. Bankların faiz gəlirlərindəki artımın ikinci mühüm səbəbi də məhz əmanət faizlərinin salınıb, kredit faizlərinin artırılmasıdır.

Bu proses isə daha bir məntiqi nəticəyə gətirib çıxarır: artan faiz yükü verilən kreditlərin geri qayıtmama səviyyəsini artırır. Rəsmi statistikaya əsasən bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 0,5, ilin əvvəli ilə müqayisədə 37,85 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36,6 faiz çoxdur.

Ümumi məbləğlə yanaşı, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı da kəskin artıb. İyulun sonuna bu göstərici 2,1 faiz təşkil edib – əvvəlində 1,6 faiz idi.

Problemli kreditlərin artmasında faizlərin yüksəlməsi ilə yanaşı əmək bazarı, real sektorda baş verən proseslər də mühüm rol oynayır. Belə ki, ölkədə real iqtisadiyyatın artım tempi kəskin azalıb. Birinci rübdə 0,3 faizlik iqtisadi daralma, yeddi ayın yekununda 1,4 faizlik artım, o cümlədən məşğulluğun əsas təminatçısı olan qeyri-neft sektorunda cəmi 2,2 faizlik artım qeydə alınıb.

Ötən ilin sonu, bu ilin əvvəlində neft bazarında qiymət azalması, neft hasilatındakı eniş fonunda dövlət qurumlarında ixtisarlar aparılıb, may ayın qədər dövlət büdcəsindən əsaslı xərclərin maliyyələşdirilməsi demək olar ki, tam dayandırılıb. Bu da büdcə vəsaitləri hesabına maliyyələşdirilən tikinti, bərpa layihələrində çalışanların əmək haqlarının gecikdirilməsinə, son nəticədə, həmin şəxslərin kredit ödənişlərində problemlərə səbəb olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin birinci yarısında Azərbaycanda 7,7 min iş yeri bağlanıb. Bu iş yerlərinin 41,6 faizi qeyri-dövlət sektorunda, 58,4 faizi dövlət sektorunda olub. Göstərici illik ifadədə 2 dəfəyə yaxın artıb – ötən ilin eyni dövründə bağlanan iş yerlərinin sayı 4,3 min olmuşdu. Eyni zamanda keçən il bağlanan iş yerlərində qeyri-dövlət sektorunun payı 53,4 faiz idi.

2026-cı il avqust ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,1 min nəfər olub. Ötən ilin eyni dövründə bu göstərici 231,3 min nəfər olmuşdu. Məşğulluq orqanlarında yalnız rəsmi əmək müqaviləsi ilə işləyib iş yerini itirən şəxslərin işsiz kimi qeydiyyata alındığını nəzərə alsaq, işsiz qalan həmin 15,8 min nəfərin kredit ödəmək qabiliyyətini itirdiyini deyə bilərik.

ABŞ-İran, Rusiya-Ukrayna münaqişələrinin qlobal bazarlara mənfi təsirləri getdikcə artır. Xüsusilə ərzaq bazarında bahalaşma sürətlənir. Bu fonda Azərbaycan hökuməti büdcə xərcləmələrini azaltmaq planlarını açıqlayıb. Bu isə daha çox insanın kredit ödəmə qabiliyyətini itirməsinə səbəb olacaq...

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR