Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bunu Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial media hesabında yazıb. O bildirib ki, nəşriyyat əməkdaşları tərcüməçinin vəfatından xəbərsiz olublar: "Neçə gündür yeni tərcümə vermək üçün ona zəng edirik, telefonu sönülüdür. İndi öyrənirik ki, Ziya avqustun 1-də Qubada, 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Ailəsi də hadisənin necə baş verdiyi ilə bağlı ciddi suallar qaldırır.
Mənə maraqlıdır: belə bir ölüm faktı necə bu qədər səssiz qala bilər?
Hadisə zamanı 17 nəfər orada olub. Ailə bədənində zədə izi gördüyünü bildirir. Hadisənin yeri və necə baş verməsi ilə bağlı müxtəlif ifadələrin olduğunu deyir. Bütün bunlara baxmayaraq, təxminən bir aya yaxın müddətdə biz – onun uzun illər əməkdaşlıq etdiyi nəşriyyat belə – ölümündən xəbər tutmamışıq.
Bir məsələni də bilmək istəyirəm: bu ölüm faktı üzrə hüquq-mühafizə orqanları tərəfindən hansı araşdırma aparılıb? Cinayət işi başlanıb, yoxsa başlanmayıb? Başlanmayıbsa, hansı əsasla?".
Qeyd edək ki, Ziya Muradovun bacısı, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova Musavat.com-a müraciət edərək bildirib ki, 62 yaşlı Ziya Muradov avqustun 1-də Qubanın Xanəgah kəndində yarğana baxış zamanı həyatını itirib. Ailəsinə mərhumun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Lakin mərhumun bacısı ölümün bəzi məqamlarının ailə üçün cavabsız qaldığını deyir.
Onun sözlərinə görə, hadisə günü Ziya Muradovun da olduğu qrup Qubanın Xanəgah kəndində yarğana baxmağa gedib.
“Hadisə də orada baş verib – ürəyi dayanıb. Amma məsələ burasındadır ki, orada 17 nəfər olub. Bu 17 nəfərdən bir nəfər belə hadisə ilə bağlı danışmadı. Nə yazan oldu, nə şəkil çəkən, nə video çəkən, nə də məlumat verən. Azərbaycanda kimisə ilan vuranda belə hamı yazır ki, filan kənddə filankəsi ilan vurub. Amma burada kifayət qədər tanınmış bir insan dünyasını dəyişib və heç kim bu barədə danışmır. Nə baş verdiyini bilmirik”.
Aytən Muradova bildirib ki, qardaşının meyitin yuyulması zamanı onun belinin aşağı hissəsində, böyrək nahiyəsində böyük göyərmə müşahidə edilib.
“Onun belinin aşağı hissəsində, böyrək nahiyəsində böyük göyərmə, zədə izi var idi. Həmin nahiyənin nədən zədələndiyini bilmirəm. Çünki hadisə vaxtı orada olmamışam”, - deyə o bildirib.

Mərhumun ailəsinə ölüm səbəbinin ürək çatışmazlığı olduğu bildirilsə də, bacısı bununla bağlı sualların olduğunu deyir: “Vəfat səbəbi kimi ürək çatışmazlığı göstərilib. Yanındakı adamlar da deyiblər ki, guya ürək çatışmazlığı olub. Amma bu adamın əvvəllər ürək çatışmazlığı ilə bağlı heç bir problemi olmayıb. 62 yaşı var idi. Nə ürəyi ilə bağlı problemi vardı, nə də başqa ciddi xəstəliyi. Dağlara gedirdi, aktiv həyat yaşayırdı. Heç bir problemi olmayan adam idi. Ötən il müayinə də olunmuşdu. Ona görə də hadisənin necə baş verdiyi bizim üçün qaranlıq olaraq qalır". Aytən Muradova hadisədən sonra müxtəlif şəxslərin verdiyi məlumatların da bir-birini təsdiqləmədiyini iddia edir. Onun sözlərinə görə, hadisənin harada və necə baş verməsi ilə bağlı fərqli versiyalar səsləndirilib:
“Biri deyir, maşının yanında ürəyi dayanıb, biri deyir yuxarıda olub, başqa biri deyir ki, oradan aşağı düşə bilməyib. Polis bölməsindədyik deyiblər, amma orada olmayıblar. “Meyitxanadayıq” deyiblər, meyitxanada da olmayıblar. Belə çoxlu müəmmalı məqamlar var”.
Bacısı mərhumun həyat yoldaşının da hadisə zamanı orada olduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşının danışdıqları ilə digər şəxslərin söylədikləri arasında uyğunsuzluqlar var.
“Məsələn, hadisə ilə bağlı orada bir rus bələdçi və onun rəfiqəsi də olub. Heç birinin danışdıqları bir-birinə uyğun gəlmir. Yəni kimin düz danışdığını bilmirik. Deyilənə görə, hadisə axşam saat 8 radələrində baş verib. Guya ürəyi dayanıb. Amma həmin vaxt harada olublar, hara gediblər, yarğana necə düşüblər, hadisədən sonra nə baş verib – bunların heç birini bilmirik”.
Şahanə Rəhimli
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ