İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda internet istifadəçiləri artır, amma bölgələr geri qalır – 5G vədləri nə oldu?

Azərbaycanda internetdən istifadə edənlərin sayı ildən-ilə artır və artıq əhalinin böyük əksəriyyəti internetə çıxış əldə edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2021-ci ildə 86,7, 2022-ci ildə 88,1, 2023-cü ildə 89,2, 2024-cü ildə isə 90,8 nəfər olub. Beləliklə, 2021-2025-ci illərdə ölkə üzrə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 4,8 nəfər artıb. 2025-ci ildə ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Paytaxtda hər 100 nəfərə 95,1 internet istifadəçisi düşüb. 2021-ci ildə Bakıda bu göstərici 93 nəfər idi.

İqtisadi rayonlar arasında Bakıdan sonra ən yüksək göstərici Abşeron-Xızı iqtisadi rayonunda olub – hər 100 nəfərə 93,5 internet istifadəçisi. Burada Sumqayıt şəhərində göstərici 94, Abşeron rayonunda 93,2, Xızı rayonunda isə 88,5 nəfər təşkil edib.

2025-ci ildə hər 100 nəfərə 91,5 internet istifadəçisinin düşməsi rəqəmsallaşmanın genişləndiyini göstərsə də, regionlar arasında müəyyən fərqlərin hələ də qaldığı görünür. Bəs internetə çıxışın genişlənməsi regionlarda rəqəmsal imkanların da eyni səviyyəyə çatması deməkdirmi? Paytaxtla bölgələr arasındakı fərq niyə tam aradan qalxmır?

Məlumat üçün bildirək ki, regionlarda mobil internetin keyfiyyəti ilə bağlı problemin 4G/5G şəbəkələrinin yayılmasından sonra həll olunacağı deyilirdi. Bu texnologiyanın ölkə üzrə yayılmasının əsas məqsədlərindən biri internet infrastrukturunun inkişaf etdirilməsi və əhalinin daha sürətli, keyfiyyətli internetə çıxış imkanlarının artırılmasıdır. Lakin 5G-nin tətbiqi ilə yanaşı, regionlarda internetə çıxış problemi də tam həll olunmalıdır. Çünki ölkənin bəzi rayon və kəndlərində əsas problem internetin ümumiyyətlə olmaması və ya zəif olması ilə yanaşı, mövcud bağlantının sürətinin və keyfiyyətinin aşağı olmasıdır. Bu baxımdan 5G ilə yanaşı, 4G şəbəkəsinin də regionlarda genişləndirilməsi, ucqar yaşayış məntəqələrinin sürətli internetlə təmin olunması və paytaxtla bölgələr arasındakı rəqəmsal fərqin azaldılması əsas məsələlərdən biri olaraq qalır.
Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." —  TodayPress.tv

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, internet istifadəçilərinin sayının artması regionlarda rəqəmsal imkanların da avtomatik olaraq paytaxtla eyni səviyyəyə çatması demək deyil.

Burada iki fərqli məsələni ayırmaq lazımdır,  internetə çıxışın olması və həmin internetdən hansı səviyyədə istifadə edilməsi. Məsələn, bir rayonda əhalinin böyük hissəsinin internetə çıxışı ola bilər, amma yüksək sürətli və keyfiyyətli internetin, fiber-optik bağlantının, müasir mobil şəbəkənin və rəqəmsal xidmətlərin əlçatanlığı Bakı ilə eyni eyni deyil.

Paytaxtda internet infrastrukturunun daha geniş və inkişaf etmiş olması əsas səbəblərdən biridir. Bakı əhalisinin sıxlığı, biznes və dövlət qurumlarının burada cəmləşməsi, daha çox operator və xidmət təminatçısının fəaliyyət göstərməsi investisiyaların da əsasən bu əraziyə yönəlməsinə şərait yaradır. Nəticədə yeni texnologiyalar, yüksək sürətli internet və rəqəmsal xidmətlər paytaxtda daha sürətlə yayılır.

Regionlarda isə coğrafi məsafələr, əhalinin daha seyrək yerləşməsi və bəzi yaşayış məntəqələrinin dağlıq və ya çətin relyefdə olması infrastrukturun qurulmasını nisbətən bahalı və çətin edir. Operator üçün az sayda abonentin yaşadığı əraziyə böyük investisiya yatırmaq iqtisadi baxımdan daha uzun müddətdə özünü doğrulda bilər. Buna görə də rəqəmsal infrastrukturun regionlarda inkişafı müəyyən qədər daha yavaş gedir”.

İqtisadçının sözlərinə görə, digər mühüm məsələ insanların rəqəmsal bacarıqları və internetdən istifadə məqsədidir: “İnternetə çıxışın olması hələ vətəndaşın elektron dövlət xidmətlərindən, onlayn bankçılıqdan, distant təhsildən, elektron ticarətdən və digər rəqəmsal imkanlardan effektiv istifadə etdiyi anlamına gəlmir. Paytaxtda rəqəmsal xidmətlərdən istifadə imkanları və bu sahədə maarifləndirmə daha yüksək ola bilər. Bununla belə, rəqəmlər regionlarda da ciddi irəliləyiş olduğunu göstərir. Ümumilikdə internet istifadəçilərinin payının 90 faizdən yuxarı qalxması rəqəmsal uçurumun əvvəlki illərlə müqayisədə xeyli azaldığını göstərir. İndi əsas məsələ sadəcə internetə çıxışı artırmaq deyil, bütün bölgələrdə keyfiyyətli, sürətli və münasib qiymətli interneti təmin etməkdir.

Yəni rəqəmsallaşmanın növbəti mərhələsində əsas göstərici internetdən istifadə edənlərin sayından daha çox, insanların həmin bağlantıdan hansı keyfiyyətdə və hansı məqsədlərlə istifadə edə bilməsi olacaq. Paytaxtla bölgələr arasındakı fərqin tam aradan qaldırılması üçün həm infrastruktur yatırımlarının regionlara yönəldilməsi, həm də əhalinin rəqəmsal savadlılığının artırılması vacibdir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR