İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan tezliklə "BÖYÜK KÖÇ" başlayacaq: Kreml ordunu və ölkənin gələcəyini itirəcək

Kreml geopolitik ambisiyalarını hələlik qorumağa çalışsa da, Rusiyanın qarşısındakı real problem getdikcə, başqa müstəviyə keçir... Yəni, indi Kremlin bu geopolitik kursu daha nə qədər insan, maliyyə və sosial resurs hesabına davam etdirə biləcəyi ilə bağlı ciddi suallar nisbətən ön plana keçməyə başlayıb...

Rusiya hakim dairələrindən verilən son açıqlamalar Kremlin həm ölkədaxili siyasi vəziyyətə, həm də Ukraynada davam edən müharibənin yaratdığı nəticələrə münasibətində önəmli məqamları ortaya çıxarır. Belə ki, xarici işlər naziri Sergey Lavrov bir tərəfdən Rusiyanın “SVO”nu, yəni Ukraynaya qarşı savaşı “öz müharibəsi hesab etməyən” çoxsaylı insanlardan “taleyin hökmü” ilə xilas olduğunu bildirir. Digər tərəfdən isə Qərbin prezident Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiyanın əvvəlki kimi “itaətkar” olmayacağını gözləmədiyini iddia edir.

Təbii ki, belə açıqlamalar əslində, Kremlin son illərdə formalaşdırdığı siyasi modelin önəmli xüsusiyyətini göstərir. Belə ki, Kreml Ukrayna savaşını yalnız xarici siyasət məsələsi kimi deyil, həm də Rusiya cəmiyyətinin siyasi loyallığının sınağı kimi də təqdim edir. Rus nazir iddia edir ki, “SVO”nu “yad müharibə” hesab edən insanların böyük hissəsi artıq Rusiyanı tərk edib. O, həmin şəxslərin başqa ölkələrdə yaşadığını və Rusiyaya qarşı fəaliyyət göstərdiklərini də iddia edib.

Rus nazirin xüsusilə də, Rusiyanın parçalanması ilə bağlı xaricdə keçirilən konfranslara diqqət çəkilməsi, Kremlin Ukrayna müharibəsini həm də ölkənin ərazi bütövlüyü və dövlətçiliyi ilə əlaqələndirdiyini göstərir. Ancaq ölkəni tərk edənlərin sayının artması Rusiyada yalnız siyasi müxalifətin zəifləməsi kimi qiymətləndirilə bilməz. Çünki bu proses eyni zamanda, əmək bazarına, demoqrafik vəziyyətə və hərbi səfərbərlik imkanlarına da təsir edən amilə çevrilir. Çünki xüsusilə də, müharibənin uzanması ucbatından ölkədən gedən hər bir əmək qabiliyyətli insan Rusiyanın insan resursları baxımından, əlavə itki deməkdir.

4c7ece96-38fb-4572-9bc1-39ac8261626b.jpg (142 KB)

Rus nazirin digər açıqlaması isə Kremlin Rusiyanın siyasi tarixini də öz məqsədləri üçün istifadə etdiyini göstərir. Çünki o, prezident Vladimir Putinin 2000-ci ildə hakimiyyətə gəlməsini Rusiyanın “tarixi rolunu” və “ləyaqət hissini” bərpa etmək istəyinin ifadəsi kimi təqdim edir. Onun fikrincə, Qərbdəki “birqütblü dünya” tərəfdarları Rusiyanın Boris Yeltsin dövründə olduğu kimi, “itaətkar” qalacağını düşünürdülər. Və Kremlin hazırkı xarici siyasəti isə bu yanaşmanın dəyişdirilməsi kimi təqdim olunur.

Belə anlaşılır ki, Kreml Rusiyanın son 25 ildəki geopolitik kursunu Qərbin təsirindən qurtuluş və dünya nizamının çoxqütblülüyə keçidi kimi izah edir. Ukrayna müharibəsi də həmin konsepsiyanın ən kəskin mərhələsi kimi təqdim olunur. Ancaq burada ciddi paradoks odur ki, Kreml bir tərəfdən ölkənin böyük dövlət statusunun bərpasından danışır. Digər tərəfdən isə müharibənin yaratdığı insan və iqtisadi resursların ciddi çatışmazlığı ilə üzləşir. Və bu isə Rusiyanın müharibəni davam etdirmək üçün insan resursunu haradan və necə təmin edəcəyi ilə bağlı ciddi suallar doğurur.

Məsələ ondadır ki, Qərb kəşfiyyatının iddiasına görə, Rusiyanın müxtəlif regionlarında dövlət orqanlarının mümkün yeni kütləvi səfərbərliyə hazırlıq səviyyəsi yoxlanılır. Təlimlər çərçivəsində qısa müddətdə çoxlu sayda insanın qəbul edilməsi, yerləşdirilməsi, qidalandırılması və silahlandırılması ssenarilərinin sınaqdan keçirildiyi bildirilir. Ancaq Kremlin siyasi, sosial və iqtisadi nəticələri nəzərə alaraq, bu barədə bir qərarı mümkün qədər gecikdirməyə çalışacağı da istisna olunmur.

65e7356b-403b-41e5-8019-ea0583e3dc98.jpg (190 KB)

Maraqlıdır ki, Qərb mətbuatında yayılan məlumatlarda da yeni səfərbərliyin sentyabrda keçiriləcək parlament seçkilərindən sonraya saxlanıla biləcəyi ehtimal olunur. Əgər, bu məlumatlar doğrudursa, onda deməli, Kreml üçün bu məsələ yalnız hərbi ehtiyac deyil, həm də ölkədaxili siyasi sabitlik problemidir. Çünki Ukrayna savaşının Rusiya üçün yaratdığı əsas problemlərdən biri də elə məhz canlı qüvvə çatışmazlığıdır. Belə ki, cəbhədə itkilərin artması, müqavilə ilə hərbi xidmətə getmək istəyənlərin sayının azalması və ordunun davamlı şəkildə yeni şəxsi heyətə ehtiyac duyması Kremlin seçim imkanlarını daraldır.

Məsələ ondadır ki, əvvəlki mərhələdə Kreml əsasən könüllülərin və müqaviləli hərbçilərin cəlb edilməsinə üstünlük verirdi. Bunun üçün yüksək maliyyə ödənişləri, müxtəlif sosial güzəştlər və regional təşviq proqramlarından istifadə olunurdu. Ancaq müharibə uzandıqca, bu modelin imkanları da məhdudlaşır. Əgər, orduya müqaviləli cəlbetmə tələb olunan səviyyəni təmin etməsə, onda Kremlin qarşısında daha sərt seçim yarana bilər. Yəni, Rusiya ya müharibənin intensivliyini azaltmalı, ya da əlavə səfərbərlik mexanizmlərindən istifadə etməli olacaq.

Məhz ona görə də Rusiyada mümkün yeni səfərbərlik barədə hər bir məlumat cəmiyyətdə ciddi narahatlıq yaradır. Son vaxtlar Rusiyadan mühacirətə marağın kəskin artması barədə məlumatların yayılması da bu kontekstdə diqqət çəkir. Əksər ekspertlər bu tendensiyanı yeni səfərbərlik barədə şayiələrin yayılması ilə əlaqələndirirlər. Və bu baxımdan, insanların mümkün səfərbərlikdən əvvəl ölkəni tərk etməyə çalışması Kremlə olduqca ciddi problemlər yarada bilər.

9dc83442-3131-4b03-9b3f-73ceebadd2ed.jpg (144 KB)

Məsələ ondadır ki, Rusiya hərbi xidmət üçün potensial insan resurslarının önəmli bir hissəsini sürətlə itirir. Digər tərəfdən, əmək qabiliyyətli əhalinin ölkədən çıxması iqtisadiyyat üçün əlavə təzyiq yaradır. Və bu baxımdan, xarici işlər naziri Sergey Lavrovun belə böhranlı mərhələyə təsadüf edən “Rusiya artıq əvvəlki kimi itaətkar deyil” mesajı da məhz Kremlin siyasi özünəinamını nümayiş etdirməyə hesablanıb. Halbuki, Kreml üçün hazırda əsas təhlükə məhz müharibənin sosial qiymətinin Rusiya cəmiyyətində daha geniş hiss olunmağa başlamasıdır.

Belə ki, yeni səfərbərlik ehtimalı Rusiyadan çıxışı sürətləndirə, əmək bazarında çatışmazlığı dərinləşdirə və cəmiyyətin müəyyən təbəqələrində müharibəyə münasibəti neqativ məzmunda dəyişə bilər. Bu səbəbdən də mümkün yeni səfərbərlik qərarı Kreml üçün yalnız hərbi ehtiyac məsələsi olmayacaq. Yəni bu, həm də ölkədaxili siyasi sabitlik, iqtisadiyyat, demoqrafiya və cəmiyyətin hakimiyyətə münasibəti baxımından, ciddi sınaq mərhələsi olacaq.

Göründüyü kimi, Kreml geopolitik ambisiyalarını qorumağa çalışsa da, Rusiyanın qarşısındakı real problem getdikcə, başqa müstəviyə keçir. Yəni, məsələ artıq yalnız Kremlin Qərbə qarşı nə qədər sərt mövqe nümayiş etdirə bilməsi ilə bağlı deyil. Çünki indi Kremlin bu geopolitik kursu daha nə qədər insan, maliyyə və sosial resurs hesabına davam etdirə biləcəyi ilə bağlı ciddi suallar nisbətən ön plana keçməyə başlayıb. Və Rusiyanın daxilində indiyədək yığılan sosial narazılığın yeni mərhələyə keçməsi Kreml üçün "qaranlıq tunel" effekti verə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR