İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyanın Kremllə gizli sövdələşməsinin sirri açılır: Türkiyə-Rusiya toqquşması artıq təhlükəli həddə çatıb

Suriyanın gələcək xarici siyasətinin əsas xüsusiyyətlərindən biri məhz “hansısa tərəfi seçmək” deyil, müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını qorumaqdır... Ona görə də, hazırda bu, Türkiyəyə iqtisadi sahədə, Rusiyaya isə hərbi-strateji istiqamət üzrə mövcud mövqeləri toxunulmaz saxlamaq imkanları açır...

Suriya ətrafında siyasi və təhlükəsizlik arxitekturası yenidən formalaşmağa başlayıb. Eyni zamanda, bu ölkənin gələcək geoiqtisadi və geopolitik istiqamətləri ilə bağlı önəmli proseslər də paralel şəkildə inkişaf edir. Belə ki, bir tərəfdən, Türkiyə rəsmi Dəməşqlə iqtisadi əlaqələri genişləndirərək, Suriyanın bərpası prosesində özünün özəl sektorunun rolunu artırmağa çalışır. Digər tərəfdən isə Rusiya hələ də bu ölkədəki hərbi mövcudluğunu qorumaqla, Yaxın Şərqdə geostrateji dayaqlarından birini itirməməyə cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, bu iki ziddiyyətli istiqamətin paralel şəkildə inkişafı Suriyanın Türkiyə və Rusiya ilə münasibətlərində yeni geopolitik balansın formalaşdığını biruzə verir. Türkiyə Suriyanın iqtisadi məkanında təxminən 40 şirkətlə, ümumilikdə isə 200-ə yaxın iştirakçı ilə təmsil olunmaq istəyir. Bu, rəsmi Ankaranın Suriya ilə əməkdaşlığa yalnız siyasi-diplomatik müstəvidə deyil, həm də konkret geoiqtisadi layihələr prizmasından yanaşdığını göstərir.

Belə anlaşılır ki, Türkiyənin Suriya siyasətində iqtisadi alətlər getdikcə, daha önəmli rol oynamağa başlayıb. Rəsmi Ankara üçün əsas hədəf yalnız Türkiyə məhsullarının Suriya bazarına çıxarılması deyil. Türkiyə şirkətlərinin Suriyada istehsal proseslərinə cəlb olunması, qarşılıqlı investisiyaların artırılması və texnologiya mübadiləsinin həyata keçirilməsi də böyük önəm daşıyır. Və bu, iki dövlətin biznes strukturlarının üçüncü ölkələrin bazarlarına birgə çıxması üçün daha uzunmüddətli strategiyanın artıq formalaşmaq üzrə olduğunu göstərir.

ttt-sss-rrr.JPG (50 KB)

Əslində, bu yanaşma Suriyanın yenidən qurulması prosesində Türkiyəyə olduqca ciddi geoiqtisadi üstünlüklər qazandıra bilər. Uzunmüddətli savaş mərhələsindən çıxan və böyük infrastruktur, sənaye və sosial layihələrə ehtiyac duyan Suriya Türkiyə şirkətləri üçün geniş bazar imkanları yaradır. Üstəlik, coğrafi yaxınlıq, logistika imkanları və Türkiyənin regional ticarət şəbəkələri isə bu prosesdə rəsmi Ankaranın rəqabət üstünlüyünü daha da artırır.

Ancaq Suriya ətrafında gedən proses yalnız geoiqtisadi rəqabətlə məhdudlaşmır. Belə ki, bu ölkədə Rusiyanın hərbi mövcudluğunu hələ də qoruması onu göstərir ki, Kreml də Suriyanı Yaxın Şərqdəki geostrateji sistemindən tamamilə çıxarmaq niyyətində deyil. Çünki rəsmi Dəməşq və Kreml arasında əldə olunan razılaşmaya görə, Rusiyanın bu ölkədəki hərbi bazaları müəyyən status dəyişiklikləri ilə fəaliyyətini davam etdirəcək.

Halbuki, bu məsələ son bir neçə il ərzində Rusiya-Suriya münasibətlərinin ən önəmli ziddiyyət mövzularından birinə çevrilmişdi. Çünki Rusiyanın bu bazalardan məhrum olması Kremlin Aralıq dənizi və bütövlükdə Yaxın Şərqdəki hərbi imkanlarını ciddi şəkildə zəiflədə bilərdi. Belə ki, Tartusdakı keçmiş SSRİ dövründə yaradılmış hərbi-dəniz bazası Rusiyanın Aralıq dənizinə çıxışının əsas dayaqlarından biridir. 2015-ci ildə Rusiyanın Suriyadakı hərbi əməliyyatlara qoşulmasından sonra Xmeymim aviabazasının da bu sistemə daxil olması Kremlin regiondakı hərbi imkanlarını daha da genişləndirmişdi.

Təbii ki, bu hərbi bazaların Rusiya üçün əhəmiyyəti yalnız Suriyanın ərazisi ilə məhdudlaşmır. Onlar Rusiyanın Yaxın Şərqdəki hərbi-logistik imkanlarının qorunmasına, həmçinin Afrikadakı Rusiya əməliyyatlarının təchizatında önəmli məkan açır. Ona görə də, Rusiyanın Suriyadakı hərbi infrastrukturu Kreml üçün həm praktiki, həm də geopolitik əhəmiyyət daşıyır.

rrr-sss-ttt.JPG (42 KB)

Burada ən maraqlı məqamlardan biri isə Suriyanın yeni hakimiyyətinin ölkədə Rusiyanın hərbi mövcudluğunu tamamilə aradan qaldırmaq variantını seçməməsi ilə bağlıdır. Əgər, rəsmi Dəməşq Kremlin bölgədəki rolunu tamamilə arzuolunmaz hesab etsəydi, Rusiya hərbi bazalarının bağlanması istiqamətində daha sərt mövqe tuta bilərdi. Halbuki, bunun əvəzində rəsmi Dəməşq Kreml ilə dialoqu davam etdirməyə üstünlük verib.

Məsələ ondadır ki, Suriyanın yeni lideri Əhməd əş-Şaraanın 2025-ci ilin oktyabrında və 2026-cı ilin yanvarındakı Moskva səfərləri də bu baxımdan, böyük maraq doğurur. Çünki onun Rusiyanın Suriya və regionda sabitliyin təmin edilməsində “tarixi rol” oynadığını bildirməsi, rəsmi Dəməşqin Kreml ilə münasibətlərdə bütün körpüləri yandırmaq niyyətində olmadığını göstərir. Yəni, rəsmi Dəməşq Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirərkən, Rusiyanı da tamamilə oyundan kənarlaşdırmamağa çalışır.

Başqa sözlə, rəsmi Dəməşq bir tərəfdən, iqtisadi inkişaf və yenidənqurma prosesi üçün Türkiyənin geniş imkanlarından yararlanır. Digər tərəfdən isə Rusiyanın hərbi-siyasi resurslarını da müəyyən mənada, məhz balanslaşdırıcı amil kimi saxlamağa üstünlük verir. Bu yanaşma tərzi Suriyanın xarici siyasət kursunda çoxvektorlu münasibətlər modelinin formalaşmaqda olduğunu göstərir. Nəticədə Türkiyə Suriyanın iqtisadi-ticari gələcəyində daha böyük rol əldə etməyə çalışırsa, Rusiya bu ölkədə daha çox hərbi-strateji mövcudluğunu qorumağa cəhd göstərir.

a7f49b6c-ea5c-485d-af9d-71ba2f882f68.jpg (137 KB)

Bu baxımdan, Türkiyə və Rusiyanın Suriyadakı təsir imkanları eyni istiqamətdə deyil, əksinə tamamilə fərqli sahələr üzrə paralel şəkildə möhkəmlənir. Eyni zamanda, Rusiya hərbi bazalarının Suriyada qalması Kremlin ABŞ və İsraillə regional rəqabəti baxımından da böyük önəm daşıyır. Çünki Rusiya hərbi qüvvələrinin Yaxın Şərqin mərkəzində yerləşməsi Kremlə bu regiondakı prosesləri izləmək, siyasi-diplomatik manevr imkanlarını qorumaq şansı verir.

Bütün bunlara paralel olaraq, Türkiyə Suriyanın yenidən qurulması prosesində öz şirkətlərini, kapitalını, texnologiyasını və logistika imkanlarını ön plana çıxarır. Əgər, bu proses davamlı xarakter alarsa, Türkiyə Suriyanın iqtisadi strukturuna həm uzunmüddətli, həm də genişmiqyaslı şəkildə inteqrasiya oluna bilər. Nəticədə Türkiyə iqtisadi sahədə, Rusiya isə hərbi-strateji istiqamətdə mövqelərini qorumaq imkanları qazanmış olar. Rəsmi Dəməşq isə hazırda bu iki güc mərkəzi arasında prinsipial seçim etməkdənsə, onların imkanlarından paralel şəkildə yararlanmağa üstünlük verir. Və bu, Türkiyə-Rusiya qarşıdurmasını daha təhlükəli mərhələyə də keçirə bilər.

Göründüyü kimi, Suriyanın gələcək xarici siyasətinin əsas xüsusiyyətlərindən biri “bir tərəfi seçmək” deyil, müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını qorumaqdır. Bu baxımdan, Suriya Yaxın Şərqdə müxtəlif güclərin maraqlarının kəskin şəkildə kəsişdiyi önəmli geopolitik məkana çevrilmək üzrədir. Və ona görə də, Suriyanın gələcək geopolitik taleyi böyük ölçüdə məhz bu mürəkkəb situasiyada balansı necə qoruya biləcəyindən asılı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR