Onlayn ictimai-siyasi qəzet
ABŞ İranla münasibətlərdə yaranmış gərginlik fonunda təxliyə edilən və ya əməkdaşlarının sayı azaldılan bəzi Yaxın Şərqdəki diplomatik nümayəndəliklərinə şəxsi heyəti geri qaytarmağa başlayır. Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, əməkdaşların Livan, İsrail, Səudiyyə Ərəbistanı və İraqın paytaxtı Bağdaddakı ABŞ diplomatik nümayəndəliklərinə qayıtması nəzərdə tutulur. Bundan əlavə, əməkdaşların ailə üzvlərinin də ABŞ-ın Ər-Riyaddakı diplomatik nümayəndəliyinə qayıtmasına icazə veriləcək. ABŞ-nin bu addımı Vaşinqtonun yaxın perspektivdə İranla münaqişənin daha da genişlənməsi riskini əvvəlki ilə müqayisədə daha aşağı qiymətləndirdiyini göstərir. Bununla belə, bəzi diplomatik nümayəndəliklər ilkin mərhələdə tam heyətlə fəaliyyət göstərməyəcək. Mənbələrin sözlərinə görə, ilk mərhələdə bəzi səfirliklər təsdiqlənmiş ştat sayının maksimum 85 faizi səviyyəsində fəaliyyət göstərəcək.
“Reuters” qeyd edir ki, bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla münaqişədə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlayacağını gözləmədiyinə işarə edə bilər.
Məlumat üçün bildirək ki, Azərbaycanın İrandakı səfirliyi 12 aprel 2026-cı ildə fəaliyyətini yenidən bərpa edib. Səfirlik yeni ünvanda fəaliyyətə başlayıb və səfir də daxil 
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com bildirdi ki, Tramp administrasiyasının İranla gərginlik fonunda təxliyə edilən və ya ştatı azaldılan Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərinin şəxsi heyətini mərhələli şəkildə geri qaytarma qərarında müəyyən edilən coğrafi diferensiasiya diqqəti cəlb edir: “Belə ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Livandakı səfirliklərin əvvəlcə 85 faiz, İraq, Küveyt və Bəhreyndəki missiyaların 75 faizlə ştat həddi ilə, İsrail, İordaniya və Omandakı səfirliklərin isə tam ştatla fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
Tramp administrasiyasının bu qərarı ilk baxışdan texniki-bürokratik addım kimi görünsə də, əslində fevral ayından bəri davam edən İran böhranının psixoloji sərhədini müəyyənləşdirir və bunun arxasında kifayət qədər ciddi siyasi və təhlükəsizlik hesablamasının dayandığını düşünmək üçün əsas verir. Diplomatik heyətin geri qaytarılması qərarı ilk növbədə belə qiymətləndirilə bilər ki, Vaşinqton İranla yeni və daha genişmiqyaslı müharibənin yaxın günlərdə və ya həftələrdə başlamasını əsas ssenari kimi görmür. Əks halda diplomatik personalın, xüsusən də ailə üzvlərinin regiona qaytarılması məntiqsiz olardı. Eyni zamanda geri qaytarılmanın diferensiasiyalaşdırılması və mərhələli şəkildə həyata keçirilməsini təsadüfi hesab etmək olmaz. Mahiyyət etibarilə bu, Vaşinqtonun regional risk xəritəsini necə müəyyənləşdirdiyini göstərir: İran ilə birbaşa sərhəddə olmayan, lakin proksi qüvvələrin təsirinə açıq ölkələr (İraq, Küveyt, Bəhreyn) hələ də təhlükəsizlik baxımından ehtiyatlı hesab olunur.
Bu detalı xüsusilə vacib hesab etmək olar. Burada söhbət müharibə təhlükəsinin tamamilə aradan qalxmasından deyil, əvvəlki illə müqayisədə azalmasından və idarəolunan həddə düşməsindən gedir. Nəzərə almaq lazımdır ki, avqustun ortalarında Vaşinqton və Tehran arasında gərginlik yenidən yüksəlmiş, ABŞ yeni sanksiyalarla hədələmiş, İran isə Hörmüz boğazı ilə bağlı sərt mövqeyini qorumuşdu. Beynəlxalq mediada tərəflər arasında sülh danışıqlarının faktiki olaraq irəliləmədiyi, lakin hərbi əməliyyatların əvvəlki intensivlikdə davam etmədiyi bildirilir. Bu baxımdan Vaşinqtonun diplomatik heyəti geri qaytarması qərarı müharibənin yeni bir mərhələyə - hərbi eskalasiya ehtimalının azalması ilə müşaiyət olunan siyasi-diplomatik təzyiq mərhələsinə keçid barədə mesaj kimi qiymətləndirilə bilər. Başqa sözlə, ABŞ İran üzərində təzyiqi saxlamağa çalışır, lakin bunu hərbi yolla, yeni genişmiqyaslı bombardman kampaniyası ilə deyil, sanksiyalar, dəniz blokadası, diplomatik təzyiq və dolayı danışıqlar vasitəsilə davam etdirməyə üstünlük verir. Bu baxımdan diplomatik nümayəndəliklərin gücləndirilməsi təsadüfi deyil. Müharibədən sonrakı mərhələdə İran daxilində və regionda siyasi prosesləri izləmək, müttəfiqlərlə koordinasiya aparmaq və mümkün danışıqlara hazır olmaq üçün daha çox diplomatın fəaliyyət göstərməsinə ehtiyac var. Diplomatik heyətin geri qaytarılması qərarı həm də Vaşinqtonun İranın da dərhal yeni genişmiqyaslı hücuma keçəcəyinə inanmadığının göstəricisi hesab oluna bilər. Diplomatik heyətinin geri qayıtması təkcə Amerikanın öz hərbi planları haqqında siqnal deyil, həm də İranın yaxın perspektivdə ABŞ-ın regiondakı obyektlərinə əvvəlki miqyasda hücum etməsi ehtimalının aşağı qiymətləndirildiyini göstərir. Əks halda, xüsusən Bağdad, Ər-Riyad və Livan kimi yüksək riskli istiqamətlərdə personalın artırılması çox təhlükəli qərar olardı”.
Siyasi şərhçinin sözlərinə görə, diplomatik heyətin geri qaytarlması qərarı həmçinin Vaşinqtonun daha uzunmüddətli qarşıdurmaya hazırlaşmaqla yanaşı, diplomatik kanalları da bərpa etmək niyyəti kimi də hesab oluna bilər: “Yəni ABŞ İranla barışıq yox, daha uzunmüddətli qarşıdurmanın idarə olunan formasına keçməyə çalışa bilər. Bu kontekstdə Azərbaycanın siyasəti ilə bağlı presidentləri xatırlamaq yerinə düşər. Fevral ayında başlayan müharibədə İsrail-ABŞ cütlüyünün İrana ilk zərbələrindən sonra bir sıra ölkələr Tehrandakı səfirliklərinin heyətlərini və İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə təxliyyə etdi, bəziləri isə səfirliklərini müvəqqəti olaraq Bakıya köçürdü. Bu addım həm İranın hava məkanının bağlı olması, həm də Azərbaycanın "üçüncü ölkəyə qarşı ərazidən istifadəyə icazə verilməyəcəyi" mövqeyi ilə bağlı idi. Məsələn, Niderlandın İrandakı səfirliyi müharibə dövründə Azərbaycanda fəaliyyət göstərmiş, iyun ayında isə Tehrandakı işini bərpa etmişdi. Başqa sözlə, Azərbaycan münaqişə boyu neytral, lakin fəal vasitəçi mövqeyi tutmağa çalışıb: bir tərəfdən qonşu ölkə kimi ərazisindən İrana qarşı istifadəyə qadağa qoyub, digər tərəfdən başqa ölkələrin diplomatik heyətinin və infrastrukturunun təxliyə və əlaqələrin davamı üçün quru sərhədlərini açıq saxlayıb (baxmayaraq ki, koronavirus pandemiyası ilə əlaqədar quru sərhədlərimiz 6 ildən çoxdur ki, bağlıdır), dəfələrlə İrana humanitar göndərib. Nəticədə Azərbaycan həm regional sabitliyin "bufer zonası", həm də danışıqların arxa planında etimad qazanan tərəf imici və statusu əldə edib. Qeyd etmək lazımdır ki, Azərbaycan 12 aprel tarixində-İran ərazisində hərbi əməliyyatların dayandırılmasından və iki həftəlik atəşkəsin elan edilməsindən qısa müddət sonra Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etdi. Lakin Bakı da bunu tam heyətlə deyil, məhdud sayda diplomatik və inzibati əməkdaşla həyata keçirdi və fəaliyyətin mərhələli şəkildə genişləndiriləcəyini açıqladı. Bu baxımdan Azərbaycan ilə ABŞ-ın qərarları arasında maraqlı paralel yaranır. Azərbaycan təhlükəsizlik risklərinə baxmayaraq diplomatik kanal açıq qalmalıdır mesajını apreldə, ABŞ isə avqustda verdi. Fərq ondadır ki, Azərbaycan bunu İranla qonşuluq və ikitərəfli münasibətlərin əhəmiyyətindən çıxış edərək daha erkən etdi. ABŞ isə həmin addımı daha geniş regional təhlükəsizlik hesablamasının tərkib hissəsi kimi atır”.
Q.Əlibəyli yekunda bildirdi ki, Azərbaycan XİN-in aprel açıqlamasında səfirliyin fəaliyyətinin bərpası xüsusi olaraq İranla qonşu və dost ölkə kimi münasibətlərə verilən əhəmiyyətlə əlaqələndirilmişdi: “Bakı həmçinin regionda davamlı sülh və sabitliyə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirmişdi. Bu, Azərbaycanın İran məsələsində tutduğu xəttin mahiyyətini də göstərir: İranla münasibətləri hərbi qarşıdurmanın dəyişən dinamikasına qurban verməmək, diplomatik kanalı mümkün qədər açıq saxlamaq. Başqa sözlə əvvəl risklərin idarə olunması modelinə Bakı Vaşinqtondan xeyli əvvəl keçdi”.
Cavanşir Abbaslı
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ