İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin yenə də Trampı qoruyur - ŞOK AÇIQLAMALAR

ƏHD Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin "AzPolitika” saytına verdiyi geniş müsahibədə səsləndirdiyi bəzi fikirlər diqqətləri cəlb edib. Belə ki, onun fikrincə, Ukrayna cəbhəsindəki mövcud vəziyyət Çinin mövqelərini daha da gücləndirir. Partiya sədrinin sözlərinə görə, Pekin hazırda Rusiyaya sənaye məhsullarını əlverişli şərtlərlə satır, əvəzində isə Rusiyanın xammal resurslarını münasib qiymətlərlə əldə edir. Bu proses davam etdikcə Moskvanın Pekindən iqtisadi asılılığının dərinləşməsi ehtimalı artır.

Deputat hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi eyni zamanda ABŞ, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya kimi Qərb və Asiya ölkələrinin Çinlə bağlı daha sərt siyasət yürütmək imkanlarını da məhdudlaşdırır. Həsənquliyev hazırkı mənzərənin Moskvanın özü üçün də arzuolunmaz nəticələr doğura biləcəyini düşünür. Çünki müharibə uzandıqca Rusiya Qərblə qarşıdurmada daha çox Çinə söykənməyə, Çin isə Rusiyanın enerji və xammal resurslarına daha əlverişli şərtlərlə çıxış əldə etməyə başlayır. Belə bir modelin uzun müddət davam etməsi isə tərəflər arasında bərabərhüquqlu tərəfdaşlıqdan daha çox, Rusiyanın Çindən artan iqtisadi asılılığı ilə nəticələnə bilər.

Deputatın yanaşmasında diqqətçəkən digər məqamlardan biri isə ABŞ-Rusiya münasibətlərinin Donald Tramp faktorudur. Onun fikrincə, Vaşinqtonun Moskva ilə mesajlaşmasının arxasında yalnız Ukrayna müharibəsinin dayandırılması deyil, həm də Trampın siyasi gələcəyi ilə bağlı hesablamalar dayana bilər. O hesab edir ki, ABŞ-ın Rusiyaya mesajı təxminən belə ola bilər: Moskva Trampın seçkilərdə uğur qazanmasına mane olacaq addımlardan çəkinməli, ya İran məsələsində Vaşinqtona müəyyən dəstək verməli, ya da Ukrayna müharibəsinin uzanmasına imkan verməməlidir. Bu yanaşmaya görə, Trampın siyasi zəifləməsi və ya seçkilərdə uğursuzluğu Moskvanın da maraqlarına uyğun olmaya bilər. Çünki ABŞ-da hakimiyyətin yenidən Rusiyaya qarşı daha sərt mövqe tutan qüvvələrin əlinə keçməsi Kreml üçün daha mürəkkəb geosiyasi vəziyyət yarada bilər.

Beləliklə, Rusiya-Ukrayna müharibəsi artıq yalnız Moskva ilə Kiyev arasındakı hərbi qarşıdurma çərçivəsində deyil, ABŞ, Çin, İran və Avropanın da daxil olduğu daha geniş geosiyasi rəqabətin tərkib hissəsi kimi görünür.

ABŞ həqiqətən Rusiyadan Trampın siyasi maraqlarına uyğun davranmağı tələb edə bilərmi? Çinin Rusiyadan ucuz xammal alması və öz məhsullarını Rusiya bazarında genişləndirməsi Pekinin qlobal gücünü daha da artırır? Rusiya müharibəni davam etdirməklə Qərbi zəiflətdiyini düşünərkən, paralel olaraq Çinin güclənməsinə şərait yaradır?

Politoloq Züriyə Qarayeva Musavat.com-da qeyd etdi ki, ABŞ-ın Rusiyadan birbaşa Donald Trampın şəxsi və seçki maraqlarına uyğun davranmağı tələb etdiyini söyləmək üçün açıq sübut yoxdur:

1125008.jpg (155 KB)

“Lakin xarici siyasətdə prezidentin siyasi nüfuzu ilə dövlət maraqlarının üst-üstə düşdüyü məqamlar olur. Tramp Ukrayna müharibəsinin dayandırılmasını öz diplomatik uğuru kimi təqdim etmək istədiyindən, Vaşinqton Moskvanı danışıqlara sövq etməklə yanaşı, İran məsələsində də ondan müəyyən əməkdaşlıq gözləyə bilər. Rusiya da anlayır ki, ABŞ-da daha sərt anti-Rusiya qüvvələrinin güclənməsi onun vəziyyətini çətinləşdirə bilər. Buna görə tərəflər arasındakı mesajlaşmada Ukrayna, İran və Tramp administrasiyasının siyasi maraqları eyni diplomatik sövdələşmənin ayrı-ayrı elementlərinə çevrilə bilər.

Ancaq bunu Trampın seçki taleyi ilə bağlı birbaşa razılaşmadan çox, qarşılıqlı siyasi hesablaşma kimi qiymətləndirmək daha doğru olar. Müharibənin uzanması isə həqiqətən Çinin iqtisadi və geosiyasi mövqelərini gücləndirir. Qərb bazarlarına çıxışı məhdudlaşan Rusiya enerji və xammal satışında Pekinə daha çox ehtiyac duyur, Çin isə bu vəziyyətdən istifadə edərək daha əlverişli qiymətlər və şərtlər əldə edir. 2026-cı ilin iyulunda Çin Rusiyanın əsas alıcıları arasında fosil yanacaq gəlirlərinin 43 faizini təmin edib. ⁠Eyni zamanda Çin avtomobilləri, texnologiyası və sənaye məhsulları Rusiya bazarında Qərb şirkətlərindən boşalan sahəni doldurur. Beləliklə, Moskva müharibə vasitəsilə Qərbin diqqətini və resurslarını zəiflətdiyini düşünsə də, paralel şəkildə Pekinin ucuz resurs əldə etməsinə, Rusiya bazarında möhkəmlənməsinə və ikitərəfli münasibətlərdə üstün tərəfə çevrilməsinə şərait yaradır. Bu proses uzun müddət davam edərsə, “strateji tərəfdaşlıq” formal olaraq qorunsa da, münasibətlərin real mahiyyəti getdikcə Çin xeyrinə dəyişə bilər”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR