İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sabah”ın taleyi Fransada həll olunur: “Barselona” arzusu, “Fənərbaxça” kabusu - “Türkiyədən rəqib istəmirəm”

Bu gün azərbaycanlı azarkeşlərin diqqəti 20:00-da həm Tofiq Bəhramov adına Respublika Stadionunda (“Qarabağ” Konfrans liqasında “Tvente ilə qarşılaşır) həm də Monakoda olacaq. Fransada UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan çempionu “Sabah” ilk dəfə turnirin əsas mərhələsində mübarizə aparacağı üçün bütün diqqətlər onun rəqiblərinin kim olacağına yönələcək.

Yeni formatda hər komanda liqa mərhələsində ümumilikdə 8 oyun keçirəcək. Bu qarşılaşmaların 4-ü doğma meydanda, 4-ü isə səfərdə baş tutacaq. Komandaların rəqibləri bu axşam Monakoda keçiriləcək kompüter əsaslı püşkatma ilə müəyyənləşəcək. Püşkatma proseduru əvvəlki illərdən fərqli olaraq kifayət qədər qısa olacaq və demək olar ki, bir düyməyə basılması ilə yekunlaşacaq.

Klublar UEFA reytinqinə əsasən 4 səbətə bölünüb və hər səbətdə 9 komanda yer alır. Azərbaycanın “Sabah”ı isə 4-cü səbətdə qərarlaşıb. Püşkatmanın nəticəsinə əsasən hər komanda hər səbətdən 2 rəqiblə qarşılaşacaq. Buraya komandanın yer aldığı səbətdəki klublar da daxildir. Bu formatın əsas məqsədi güclü komandalar üçün mümkün qədər asan təqvim formalaşdırmaq deyil. Əsas hədəf bütün iştirakçılar üçün rəqiblərin səviyyəsini mümkün qədər balanslaşdırmaqdır. Yəni komandalar həm

Avropanın nəhəngləri ilə, həm də nisbətən zəif rəqiblərlə üz-üzə gələcəklər.

WhatsApp Image 2026-08-27 at 16.30.47.jpeg (388 KB)

Bu baxımdan ən bəxtsiz komandaların 4-cü səbətdən “Komo”, “Ştutqart” və böyük ehtimalla “Lans” kimi klublarla qarşılaşacağı gözlənilir. Püşkatma zamanı bir sıra məhdudiyyətlər də tətbiq ediləcək. Eyni ölkəni təmsil edən komandalar liqa mərhələsində bir-biri ilə qarşılaşa bilməyəcək. Bundan başqa, heç bir klub eyni ölkədən maksimum iki rəqibdən artıq əldə edə bilməz.
Bu mövsümdən etibarən püşkatmada daha bir yeni qayda da tətbiq olunacaq. Qaydaya əsasən, bir komandanın eyni rəqiblə ardıcıl üç mövsüm öz meydanında qarşılaşmasının qarşısı alınacaq.

Məsələn, “Liverpul” son iki mövsümdə “Real Madrid”i “Enfild”də qəbul edib. Buna görə də bu dəfə həmin komandaların püşk nəticəsində üz-üzə gəlməsi halında qarşılaşma İngiltərədə deyil, Madrid şəhərində keçiriləcək. Yəni kompüter onları rəqib seçə bilər, lakin ev-səfər prinsipi avtomatik şəkildə dəyişdiriləcək. Oxşar məhdudiyyət “Arsenal” və “İnter” arasında mümkün qarşılaşmaya da aiddir. London klubu son iki mövsümdə “İnter”in meydanında oynadığı üçün bu komandaların yenidən rəqib olması halında qarşılaşma yalnız Londonda keçiriləcək. Püşkatma başa çatdıqdan dərhal sonra “Sabah”ın və digər komandaların rəqibləri məlum olacaq. Lakin konkret oyun tarixləri və qarşılaşmaların başlanma saatları daha sonra açıqlanacaq. Tam təqvimin ən gec avqustun 29-da elan ediləcəyi gözlənilir.

Ənənəvi olaraq Çempionlar Liqasının ilk turunun oyunları üç gün ərzində – çərşənbə axşamı, çərşənbə və cümə axşamı keçiriləcək. Növbəti turlar isə sonuncu tur istisna olmaqla iki günə bölünəcək. Son turda isə bütün komandalar eyni vaxtda meydana çıxacaq.

Çempionlar Liqasının Liqa mərhələsində oyunların təqvimi belədir:

1-ci tur: 8–10 sentyabr 2026-cı il
2-ci tur: 13–14 oktyabr 2026-cı il
3-cü tur: 20–21 oktyabr 2026-cı il
4-cü tur: 3–4 noyabr 2026-cı il
5-ci tur: 24–25 noyabr 2026-cı il
6-cı tur: 8–9 dekabr 2026-cı il
7-ci tur: 19–20 yanvar 2027-ci il
8-ci tur: 27 yanvar 2027-ci il

“Sabah”ın qarşısına Avropanın ən nəhəng klublarından hansılar çıxacaq? Azərbaycan çempionu 4-cü səbətdə yer almasına baxmayaraq, güclü rəqiblərdən birinə qarşı sensasiyaya imza ata biləcəkmi? “Sabah” üçün arzuolunan və arzuolunmaz püşk necə görünür?

Futbol mütəxəsisisi Kənan Məstəliyev Musavat.com-a bunları dedi:kenanmesteliyev.jpg (64 KB)

“İlk cümləmdən qeyd edirəm ki, Türkiyədən rəqib istəmirəm. Çünki ölkələrimiz arasındakı münasibətlər futboldan önə keçəcək, matçlara mənfi aura gətirəcək. İnşallah, hamımız uğurlu çıxış edərik, qismət olar, pley-offda rəqib olarıq. Amma nədənsə, bu dəfə ya "Fənərbaxça", ya da "Qalatasaray"dan birinin hazırkı mərhələdə "Sabah"a tuş gələcəyini düşünürəm. Bir də "Barselona". Ümumiyyətlə, kimin, hansı rəqiblərin düşməsindən asılı olmayaraq böyük futbol bayramının içində olacaq, nəticədən asılı olmayaraq xoş anlar, gözəl hisslər yaşayacağıq. Əsas olan budur”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR