Onlayn ictimai-siyasi qəzet
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova qardaşı, tərcüməçi və nasir Ziya Muradovun ölümünün yenidən araşdırılmasını istəyir. Aytən Muradova Musavat.com-a müraciət edərək bildirib ki, 62 yaşlı Ziya Muradov avqustun 1-də Qubanın Xanəgah kəndində yarğana baxış zamanı həyatını itirib. Ailəsinə mərhumun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Lakin mərhumun bacısı ölümün bəzi məqamlarının ailə üçün cavabsız qaldığını deyir. Aytən Muradovanın sözlərinə görə, Ziya Muradov uzun illər tərcüməçiliklə məşğul olub, müxtəlif nəşrlərlə əməkdaşlıq edib və publisistik yazılar yazıb: “Qardaşım “Qanun” nəşriyyatı ilə birgə işləyib. Rus dilindən tərcümələr edirdi. Eyni zamanda müxtəlif nəşrlərdə yazıları dərc olunurdu. Məqalələri, publisistik yazıları, nəsr nümunələri var idi. Çox aktiv insan idi. Parisdə, Bakıda sərgilərə gedirdi. Hamı onu tanıyırdı. Onun fikirlərinə hörmətlə yanaşırdılar, daim fikir mübadiləsi aparırdılar. Azərbaycan ədəbiyyatını və Azərbaycan dilini çox yaxşı bilirdi. Qazax ləhcəsi və qazax sözləri ilə bağlı məqalə yazmışdı”.
Aytən Muradova qeyd edib ki, qardaşı turistlər üçün bələdçilik də edib və müxtəlif bölgələrə, o cümlədən dağlıq ərazilərə səfərlər təşkil edib. Onun sözlərinə görə, hadisə günü Ziya Muradovun da olduğu qrup Qubanın Xanəgah kəndində yarğana baxmağa gedib.
“Hadisə də orada baş verib – ürəyi dayanıb. Amma məsələ burasındadır ki, orada 17 nəfər olub. Bu 17 nəfərdən bir nəfər belə hadisə ilə bağlı danışmadı. Nə yazan oldu, nə şəkil çəkən, nə video çəkən, nə də məlumat verən. Azərbaycanda kimisə ilan vuranda belə hamı yazır ki, filan kənddə filankəsi ilan vurub. Amma burada kifayət qədər tanınmış bir insan dünyasını dəyişib və heç kim bu barədə danışmır. Nə baş verdiyini bilmirik”.
Aytən Muradova bildirib ki, qardaşının meyitin yuyulması zamanı onun belinin aşağı hissəsində, böyrək nahiyəsində böyük göyərmə müşahidə edilib.
“Onun belinin aşağı hissəsində, böyrək nahiyəsində böyük göyərmə, zədə izi var idi. Həmin nahiyənin nədən zədələndiyini bilmirəm. Çünki hadisə vaxtı orada olmamışam”, - deyə o bildirib.
Mərhumun ailəsinə ölüm səbəbinin ürək çatışmazlığı olduğu bildirilsə də, bacısı bununla bağlı sualların olduğunu deyir: “Vəfat səbəbi kimi ürək çatışmazlığı göstərilib. Yanındakı adamlar da deyiblər ki, guya ürək çatışmazlığı olub. Amma bu adamın əvvəllər ürək çatışmazlığı ilə bağlı heç bir problemi olmayıb. 62 yaşı var idi. Nə ürəyi ilə bağlı problemi vardı, nə də başqa ciddi xəstəliyi. Dağlara gedirdi, aktiv həyat yaşayırdı. Heç bir problemi olmayan adam idi. Ötən il müayinə də olunmuşdu. Ona görə də hadisənin necə baş verdiyi bizim üçün qaranlıq olaraq qalır”.

Aytən Muradova hadisədən sonra müxtəlif şəxslərin verdiyi məlumatların da bir-birini təsdiqləmədiyini iddia edir. Onun sözlərinə görə, hadisənin harada və necə baş verməsi ilə bağlı fərqli versiyalar səsləndirilib:
“Biri deyir, maşının yanında ürəyi dayanıb, biri deyir yuxarıda olub, başqa biri deyir ki, oradan aşağı düşə bilməyib. Polis bölməsindədyik deyiblər, amma orada olmayıblar. “Meyitxanadayıq” deyiblər, meyitxanada da olmayıblar. Belə çoxlu müəmmalı məqamlar var”.
Bacısı mərhumun həyat yoldaşının da hadisə zamanı orada olduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşının danışdıqları ilə digər şəxslərin söylədikləri arasında uyğunsuzluqlar var.
“Məsələn, hadisə ilə bağlı orada bir rus bələdçi və onun rəfiqəsi də olub. Heç birinin danışdıqları bir-birinə uyğun gəlmir. Yəni kimin düz danışdığını bilmirik. Deyilənə görə, hadisə axşam saat 8 radələrində baş verib. Guya ürəyi dayanıb. Amma həmin vaxt harada olublar, hara gediblər, yarğana necə düşüblər, hadisədən sonra nə baş verib – bunların heç birini bilmirik”.

Mərhumun bacısı qrupun yarğana aparılmasında iştirak edən bələdçi ilə əlaqə saxladıqlarını da bildirib: “Bələdçi ilə əlaqə saxladıq. Onları yarğana aparan şəxs idi. Bir də orada bu qruplaşmanı təşkil edən qadın var idi. O da dedi ki, “Məni narahat eləməyin, mən onsuz da sarsılmışam, mən bu ailənin dostuyam, mənə pisdir, məndən uzaq durum”.
Aytən Muradova deyir ki, Azərbaycanda hər kəsin əlində telefon olduğu halda, hadisə anının heç kim tərəfindən lentə alınmaması şübhə doğurur.
O, bildirib ki, ailəni ən çox narahat edən məqam hadisənin şahidi olduğu deyilən 17 nəfərin susmasıdır: “Hamı hər hansı hadisə baş verəndə danışır, məlumat paylaşır. Kiminsə başına haradasa bir iş gələndə, hamı bu barədə yazır. Amma burada 17 nəfər olub və onların heç biri deməyib ki, “biz də orada idik, hadisə belə baş verdi”. Heç bir məlumat yoxdur”.
O, bildirib ki, ailə məsələnin hüquqi qaydada araşdırılmasını və ölümün səbəblərinin aydınlaşdırılmasını istəyir. “Mətbuat vasitəsilə Azərbaycan Baş Prokurorluğuna müraciət etmək və qardaşımın ölümünün səbəbinin yenidən araşdırılmasını istərdik”, – deyə o vurğulayıb.

Şahanə Rəhimli
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ